Minsk qrupu arxivə göndərildi - Politoloq

  • By admin
  • 08 Aprel 2022 10:24

“Ermənistan müxalifəti və Qarabağdakı separatçılar Brüssel görüşünü belə dəyərləndirirlər ki, baş nazir Nikol Paşinyan Qarabağın “taleyinə” biganədir. Onların iddialarına görə, Avropa İttifaqı Rusiyanı Qarabağdan sıxışdırmaq istəyir. Eyni zamanda iddialarından biri də budur ki, ortaq bəyanatda “Dağlıq Qarabağ”ın və Minsk qrupunun xatırlanmaması ermənilərin zərərinədir”. 

Gununsesi.info xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Brüssel görüşü ilə bağlı fikirlərini bölüşərkən deyib.

Politoloqun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında Brüsseldə Fərrux kəndi və yüksəkliyinin “itirilməsindən” ona görə danışmadığını belə izah edib ki, bu məsələnin Avropa İttifaqına dəxli yoxdur, orada rusiyalı hərbçilər olduğuna görə problemin həlli Moskva ilə müzakirə edilməlidir:

“Paşinyan Fərruxun “itirilməsinə” görə Rusiyanın ünvanına daş atmağı da unutmayıb. O deyib ki, Fərruxun yenidən nəzarətə götürülməsi üçün Rusiya hərbçilərdən qəti addımlar gözləyirlər. Rusiyalı hərbçilərin fəaliyyətinin araşdırılması məqsədilə Rusiya Prezidenti Vladimir Putinlə bir neçə telefon danışığı olduğunu da vurğulayıb. Əslində, Paşinyana, ona müxalifət olanlara və separatçılara da aydındır ki, Fərruxu itiriblər. Üstəlik, Minsk qrupu da arxivə göndərilib. Avropa İttifaqı da Qarabağdan deyil, Azərbaycanla Ermənistan arasındakı məsələlərin həllindən danışmaq istəyir. O ki qaldı, Qarabağ separatçılarının “bölgə Rusiyaya birləşdirilsin” kimi cəfəng ideyalarına, yəqin Donbas, Abxaziya və Cənubi Osetiyanın yolunu getmək istəyirlər. Ancaq xəritəyə baxsalar da, anlamırlar ki, Donbas, Abxaziya və Cənubi Osetiyadan fərqli olaraq Qarabağın Rusiya ilə sərhədi yoxdur, bu “birləşməni” necə təsəvvür edirlər?! Sadəcə, bununla Rusiyaya mesaj göndərirlər ki, qulunuz olmağa hazırıq, yetər ki, Azərbaycanı dayandırın”.

Gununsesi.info