ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin xarici işlər nazirləri – rusiyalı nazir Sergey Lavrov, ABŞ-ın dövlət katibi Con Kerri və fransalı nazir Jan-Mark Eyro Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanat yayıblar.
Gununsesi.info xəbər verir ki, XİN rəhbərləri bəyanatda münaqişənin danışıqlar yolu ilə həllinə tam sadiq qaldıqlarını bildirirlər.
“Biz aprel ayında qoşunların təmas xəttində baş vermiş gərginliyi nəzərə alaraq, davam edən silahlı insidentlərdən, ağır silahlardan istifadədən, həmçinin güc tətbiqi barədə yayılan məlumatlardan narahatlığımızı ifadə edir, güc tətbiqini və ya güc tətbiqi təhlükəsini qətiyyətlə pisləyirik”, – deyən nazirlər münaqişənin sülh yolu ilə həllinin vacibliyini vurğulayır, dinc əhalinin öldürülməsinin və yaralanmasının yolverilməz olduğunu bildirirlər.
Bəyanatda region xalqlarını barışığa aparan yeganə yolun sülh yolu olduğu qeyd edilir. XİN rəhbərləri tərəfləri atəşkəs haqda razılaşmaya sadiq qalmağa çağırırlar. Bəyanatda vurğulanır ki, həmsədrlərin dəstəyi ilə baş tutan birbaşa dialoq etibarın formalaşdırılmasında və sülh prosesinin davam etdirilməsində ən vacib elementdir.
Gununsesi.info