“Minsk Qrupunun bəyanatı həmsədrlərin İrəvana növbəti dəstəyidir” - MÜRTƏZA BÜNYADLI YAZIR

  • By admin
  • 19 May 2017 14:18

murteza

ATƏT-in Minsk Qrupu həmsədrlərinin mayın 18-də Azərbaycanın Laçın rayonunun işğalının 25-ci ildönümü günü yaydığı bəyanat bir daha sübut etdi ki, ATƏT Ermənistan-Azərbaycan münaqişəsinin həllində maraqlı deyil.

Bəyanatın ruhuna diqqət etdikdə isə daha çox ATƏT-in Minsk Qrupunun işğalçı Ermənistanın maraqlarını müdafiə etməsi hiss olunmaqdadır. Həmsədrlərin bəyanatında son günlər cəbhə xəttində gərginliyin artmasının birbaşa günahkarı olan Ermənistan deyil, ümumi bir formada atəşkəs rejiminin pozulması halları pislənilib.

Minsk Qrupu həmsədrlərinin bu bəyanatı Azərbaycan cəmiyyətinin növbəti dəfə ümidlərini puça çıxardı. Və həmsədrlərin bu sənədi Azərbaycan cəmiyyətində birmənalı olaraq mənfi qarşılandı. Çünki həmsədrlərin bu sənədi vasitəçilik missiyasını həyata keçirən qurumun bir daha Cənubi Qafqazda münaqişə ocağının, gərginliyin davam etməsində maraqlı olduğunu ortaya qoydu. Minsk Qrupu həmsədrlərinin bu bəyanatı Qarabağ münaqişəsinin həllinə deyil, əslində bölgədə vəziyyətin daha da gərginləşməsinə və münaqişə tarəflərini müharibəni alovlandırmasına xidmət edir. Çünki bəyanatın ruhuna diqqət etdikdə, sənəddə işğalçının cəbhə xəttində təxribatçı hərəkətləri ilə gərginlik yaratmasını pisləyən  bir kəlmədə qeyd edilməyib. Hər zaman olduğu kimi bu dəfə də ümumi ifadələrdən istifadə olunub. Odur ki, Minsk Qrupunun bu bəyanatı işğala məruz qalan tərəfin mövqeyinin dəstəklənməsinə yox, əksinə işğalçının işğalçılıq siyasətini dəstəkləməyə və bu işğalçılıq siyasətinə sövq edən sənəd kimi dəyərləndirmək olar.

Bunun üçün Minsk Qrupu həmsədrlərinin bəyanatının ruhuna diqqət etmək yetərlidir. Bu bəyanat o zaman verilir ki, Ermənistan daha ciddi təxribata əl ataraq, cəbhə xəttində qəsdən gərginliyi artırmaq məqsədi ilə Azərbaycanın uçuş aparatlarına real təhlükə yaradan və onun hava məkanının daha dərinliklərinə nəzarət etmək üçün cəbhənin Füzuli-Xocavənd  istiqamətinə “OSA” zenit-raket  kompleksi yerləşdirir. İrəvan bunu bilərəkdən edir ki, Azərbaycan tərəfini təxribata çəksin və bununla yenə də Bakını destruktivlikdə ittiham etsin. Çünki Ermənistan beynəlxalq hüquq normalarına zidd olaraq Azərbaycan ərazisində belə bir zenit-raket qurğusu yerləşdirib. Nəinki Azərbaycan, heç bir ölkə öz ərazisində qanunsuz olaraq belə bir addımın atılmasına yol verə bilməz. Əgər qanunsuz edilərsə onun aqibəti də bəllidir. Məhz bu səbəbdən də mayın 15-də Azərbaycan ordusu ölkənin təhlükəsizliyinə ciddi təhdid yaradan və beynəlxalq hüquq pozuntusunun qarşısının alınması üçün “OSA” ZRK-nı məhv edib və düşmənin nəqliyyat-doldurucu maşınını atəşlə tam sıradan çıxararaq, şəxsi heyətini məhv edib.

Azərbaycan ordusunun “OSA” ZRK-nı məhv etməsi və ayın 16-da düşmənin Ağdam istiqamətindəki hücumlarının qarşısını alaraq layiqli cavab verməsi İrəvanda ciddi  təşviş yaradıb. Cəmiyyətdə ciddi çaşqınlıq yaranıb. Növəbti dəfə böyük itkilərə məruz qalaraq əməliyatının uğursuz başa çatması erməniləri pərt vəziyyətə qoyub. Bu hadisə erməni cəmiyyətində növbəti dəfə ciddi çaxnaşmaya səbəb olub. Belə bir məqamda isə ATƏT-in Minsk Qrupunun həmsədrləri erməniləri sakitləşdirmək və onlara növbəti sadiqliyini nümayiş etdirmək üçün belə bir bəyanat yayıb. O baxımdan Minsk Qrupu həmsədrlərinin bu bəyanatını İrəvana dəstək bəyanatı adlandırmaq olar.

Əgər Minsk Qrupu vasitəçilik missiyasına uyğun tərəfsizlik və ədalətli mövqe nümayiş etdirmək istəyirdisə, o zaman İrəvanın işğal etdiyi digər ölkənin ərazisində “OSA” ZRK-nı yerləşdirməsini qınamalı idi. İrəvanın təxribat xarakterli hərəkətlərinə son verməklə yanaşı, münaqişənin sülh yolu ilə həlli üçün təcili olaraq danışıqlar masasına oturmasını tələb etməli idi. Əks təqdirdə, ona qarşı sanksiyalar məsələsi sənəddə qeyd olunmalı idi. Ancaq biz bu notların heç birini adıçəkilən sənəddə görmürük.

Sənəddə sadəcə atəşkəsin pozulmasından narahatlıq ifadə olunur. Minsk Qrupu həmsədrləri Ermənistan silahlı qüvvələrinə məxsus hərbi texnika və şəxsi heyətin Azərbaycanın suveren ərazilərində qeyri-qanuni mövcud olması faktına yenə də göz yumması, cəbhənin Ağdam və Tərtər istiqamətləri boyunca sıx yaşayan mülki əhalini və mülki obyektləri 16-17 may tarixlərində minaatanlardan və digər silahlardan intensiv atəşə tutması və sonra video görüntülər yayaraq bunu rəsmən etiraf etməsi barəsində heç nə deyilməməsi ancaq və ancaq təəssüf doğuran haldır.

Biz hələ onu qeyd etmirik ki, sənəd mayın 18-də Laçının işğalının 25-ci il dönümü  ərəfəsində verilsə də, bu haqda sənəddə bir kəlmə də qeyd olunmur. Bax, həmsərdlərin hadisələrə bu qədər ədalətsiz, qeyri-obyektiv yanaşması ancaq acı təəssüf hissi doğurur.

Bütün bunlar bir daha ATƏT-in Minsk Qrupunun fəaliyyətinin qeyri-konstruktiv, bölgədə sülhün, sabitliyin və təhlükəsizliyin bərqərar olmasına xidmət etməyən hərəkət olduğunu sübut edir. Odur ki, rəsmi Bakı Minsk Qrupunun bu mövqeyindən nəticə çıxarıb ciddi addımlar atmalıdır.

Mürtəza Bünyadlı

Gununsesi.info