Misir Mərdanovdan İsa Həbibbəyli açıqlaması - Maaşlar artırılacaq?

“Akademik İsa Həbibbəyli çox yaxşı adamdır. Onu çox yaxşı tanıyıram. Əslində akademiyanın humanitar sahəsinə 10 ilə yaxın müddətdə o rəhbərlik edib. İndi də AMEA-nın prezidenti kimi fəaliyyətini davam etdirəcək. Çox böyük alimdir, səmimi insandır. İsa müəllim elmi də, təhsili də, idarə etməni də yaxşı bilən adamdır. Dövlətə və dövlətçiliyə sadiq insandır. Həmişə mövqeyi olan bir şəxsdir. Mən əminəm ki, İsa müəllim akademiyaya bacarıqla rəhbərlik edə biləcək”.

Bunu Publika.az-a açıqlamasında keçmiş təhsil naziri, professor Misir Mərdanov deyib.

HTML tutorial

Akademik İsa Həbibbəylinin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni prezidenti seçilməsinə münasibət bildirən keçmiş təhsil nazirinin fikrincə, yeni rəhbər bir sıra problemləri həll etmək bacarıqlarına malikdir:

“Hazırda konkret olaraq akademiyada nələrin çatışıb-çatışmadığını deyə bilmərəm. Çünki mən akademiyanın daxilində deyiləm, prezidumda yoxam. Əlbəttə, görüləsi işlər çoxdur. Yeni struktur formalaşdırılmalıdır. İdarə etmədə müəyyən dəyişikliklər olmalıdır. Mən belə gözləyirəm. İsa müəllim bu işlərin hamısını çox yaxşı bilən adamdır. Yəqin ki, o qısa müddət ərzində bu işlərin hamısını yoluna qoymağa çalışacaq. Ona bu işlərində uğurlar arzulayıram”.

“İsa Həbibbəyli AMEA işçilərinin maaşlarını artırmağa nail ola biləcəkmi?” – sualına keçmiş təhsil nazirinin cavabı birmənalı olmayıb:

“Bilirsiniz, maaşların artırılması məsələsi birbaşa akademiyanın prezidenti ilə bağlı olan məsələ deyil. Əlbəttə İsa müəllim müəyyən cəhdlər edə, bir sıra mükafatlar verə bilər. Bunların hamısı epizodik hallardır. Amma bütövlükdə əməkhaqqının artırılması dövlətin yüksək qurumlarının işidir. Yeni prezident təklif verə bilər. Düşünürəm ki, belə bir təklif irəli sürər və onun həllinə çalışar. Mənə elə gəlir ki, İsa müəllimin təzə prezident kimi bu istiqamətdə də uğurlu nəticə əldə etmək şansı var”.

Gununsesi.info