Təhsilimizdə nə dəyişdi? – MİSİR MƏRDANOVDAN SONRAKI 10 İL -Əkrəm Həsənov yazır

  • By admin
  • 19 Aprel 2023 10:20

Düz 10 il əvvəl Misir Mərdanov 15 il tutduğu təhsil naziri vəzifəsindən azad edildi. Yerinə Mikayıl Cabbarov təyin olundu. Könhələrin yenilərlə əvəzlənməsi erası başlandı. Özü də tariximizdə ilk dəfə hüquqla bağlı olmayan nazirliyin rəhbəri hüquqşünas oldu. (Hazırda hüquqşünas nazirlərin sayı çoxdur, amma hüquqi dövlətdən əvvəlki kimi çox uzağıq.)

Cabbarov 4,5 il nazir olandan sonra estafeti Ceyhun Bayramova, o isə 2,5 ildən sonra – Emil Əmrullayevə ötürdü. Bu 10 ildə nə dəyişdi? Müəllimlərimiz daha təminatlı, gənclərimiz isə daha savadlı oldumu?..

Təhsil nazirliyi ağır sahədir. Digər iki ağır sahə kənd təsərrüfatı nazirliyi və əmək və əhalinin sosial müdafiəsi nazirliyidir. Köklü dəyişikliklər olmadan bu sahələrdə real uğur qazanmaq mümkün deyil (Sahil Babayev kimi qismən də olsa qayda-qanun yaratmaq istəyən naziri isə hər tərəfdən atəşə tuturlar). Hətta ədliyyəsizlik nazirliyində də bir az səy göstərib gözəsoxulası nəticə göstərmək olar.

Əslində, təhsil nazirliyi adını çəkdiyim digər iki nazirlikdən də ağır sahədir. Savadsız, korrupsiyalaşmış və ədalətsiz məmləkətdə az pulla təhsildə real nəticə göstərmək mümkün deyil. Ora bir gələn sevinir, bir də gedən. Mikayıl Cabbarov oradan canını qurtarıb ən yağlı sahəyə rəhbərlik edir: heç bir uğur yoxdur, amma neft gəlirləri hesabına “Barrel” deyib durmuşuq. Ceyhun Bayramov isə canını qurtarıb ən rahat sahəyə getdi: orada real işi onsuz da Prezident özü görür. Emil Əmrullayev də yekunda yəqin səfirdən-zaddan olub papağını göyə atacaq!

Ədalət naminə, Misir Mərdanov təhsil sahəsini bu üç xələfindən daha yaxşı bilir. İdarəçi kimi də daha səmərəlidir, insanlarla dil tapıb onları inandıra və ruhlandıra bilir. İşini də sevir və can yandırırdı (elə təkcə müəllimlərin maaşı haqda etirafını xatırlamaq kifayətdir). Amma onun imkanları daha məhdud idi. Heç məktəb direktorunu belə işdən azad edə bilmirdi. Nədir-nədir, Ramiz Mehdiyev yerli icra hakimiyyəti başçılarının əlinə külli-ixtiyarı vermişdi. Əlbəttə, bu arqumentlər Mərdanov dövrünün qüsur və biabırçılıqlarına haqq qazandıra bilməz. Lakin hər şey müqayisədə daha yaxşı görünür…

Siz nə düşünürsüz?

Əkrəm Həsənov
Vəkil