Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misirə rəsmi səfəri çərçivəsində Qahirədə ölkə prezidenti Əbdülfəttah əs-Sisi ilə təkbətək və geniş tərkibdə görüş keçirib.
Danışıqlardan sonra dövlət başçıları Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclaslarının yenidən öz fəaliyyətini bərpa etməsinə dair Birgə Bəyannaməni imzalayıblar.
“Türkiyə Misirin Şimali Afrikadakı ilk ortağıdır. Ankara ilə əlaqələrimiz günü-gündən artır. Yaxın gələcəkdə Türkiyə ilə 15 milyard dollarlıq ticarət dövriyyəsinə çatmağı hədəfləyirik. Prezident Ərdoğanın dəvətilə apreldə Türkiyəyə səfər etməyi səbirsizliklə gözləyirəm. Biz Ankara ilə münasibətlərdə yeni səhifə açırıq”, – deyə sənədlərin imzalanması mərasiminin ardından çıxış edən Misir Prezidenti bildirib.
O, Qəzzada atəşkəs məsələsində Türkiyə ilə tam razılığı, Liviya probleminə dair isə ölkələr arasında məsləhətləşmələrin gücləndiriləcəyini qeyd edib.
Xatırladaq ki, Ərdoğan son 12 ildə ilk dəfə olaraq Misirə səfər edib.
Gununsesi.info