Misir qəzeti: Azərbaycan Ermənistandan məlumat tələb edir

  • By admin
  • 13 Fevral 2022 14:12

Misirin “Əl Masr Əl Yom” qəzetində “Azərbaycan müharibədə itkin düşmüş vətəndaşlarının taleyi barədə Ermənistandan məlumat tələb edir” sərlövhəli məqalə dərc olunub.

Gununsesi.info xəbər verir ki, məqalədə Azərbaycan Xarici İşlər Nazirliyi rəsmisinin Ermənistanın baş naziri Nikol Paşinyanın son bir il ərzində hələ Birinci Qarabağ müharibəsində itkin düşmüş 108 nəfər azərbaycanlının qalıqlarının Azərbaycan tərəfinə təhvil verildiyi barədə fikirlərinə münasibət yer alıb.

Misirli oxucuların diqqətinə çatdırılıb ki, rəsmi Bakı həmin müharibədə itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyi barədə qarşı tərəfin 30 il məlumat verməməsinin səbəbini soruşub. Azərbaycan XİN-in rəsmisi qeyd edib ki, bununla bağlı indiyədək Ermənistan hökuməti tərəfindən hər hansı açıqlama verilməsə də, 30 ildən sonra itkin düşmüş minlərlə azərbaycanlıdan cəmi 108 nəfərin qalıqlarının verilməsinin səbəbləri sırasında, əlbəttə, azad olunmuş ərazilərimizdə azərbaycanlıların kütləvi məzarlıqlarının aşkar edilməsi və dəlillərin beynəlxalq ictimaiyyətə təqdim edilməsi yer alır.

Gununsesi.info