Misir Qasımlı və Sübhan Quliyevin həbs müddəti uzadılıb

  • By admin
  • 06 Noyabr 2022 20:24

“Misir Qasımlı və Sübhan Quliyev məhkəməyə gətirilmədilər”.

Gununsesi.info xəbər verir ki, bunu Ukraynada həbsdə saxlanılan azərbaycanlı qazi, Vətən müharibəsinin iştirakçısı Misir Qasımlının vəkili Aygül Rəfiyeva Oxu.aza açıqlamasında deyib.

Onun sözlərinə görə, səfirlik məhkəməyə iradını bildirməyib:

“Kiyev Apellyasiya Məhkəməsində baş tutan 03.11.2022-ci il tarixli məhkəmə iclası Misir Qasımlı və Sübhan Quliyevin iştirakı olmadan keçirilib.

Belə ki, məhkəmə proses iştirakçılarını aldadaraq işə təqsirləndirilən şəxslərin iştirakı olmadan baxıb. Hakim Sübhan Quliyevin məhkəməyə gətirilməsi haqqında məlumatı istintaq təcridxanasına göndərməyi unutduğunu, Misir Qasımlını isə ümumiyyətlə görmək istəmədiyini qeyd edib. Bütün bunlar səfirliyin nümayəndəsinin gözü qabağında baş versə də, səfirlik məhkəməyə öz iradını bildirmədi”.

Vəkil qeyd edib ki, 04.11.2022-ci il tarixli Obuxov Rayon məhkəməsində keçirilən iclasda isə Misir Qasımlı və Sübhan Quliyevin həbsdə saxlanılmaları müddəti əlavə 40 gün uzadılıb:

“Təqdimatla çıxış edən prokuror bu dəfə təqdimatını yalnız maddələrin ağırlığı ilə əsaslandırdı. Diaspor nümayəndələri və digər Azərbaycan əsilli şəxslər Misir və Sübhanın şəxsi zaminliyə götürülməsi vəsatəti ilə çıxış etsələr də, hakim yenə bunlara məhəl qoymayaraq qanunsuz olaraq həbsi uzatdı.

Səfirliyə dəfələrlə şəxsi zaminliyə götürülmə məsələsi ilə müraciət etsək də, bundan imtina edirlər. Səfirlik Misir və Sübhanın zaminliyə götürülməsi məsələsini qaldırsa, vəsatətin təmin edilib-edilməməsindən asılı olmayaraq, artıq proses iştirakçısına çevrilərək məhkəmədə söz sahibi ola bilər. Lakin, bunu etmək istəmirlər. Görünür ki, bir qazinin taleyi onlar üçün heç maraqlı deyil”.

A.Rəfiyeva Ombudsmanın məsələ ilə bağlı heç bir qanun pozuntusu olmadığını bildirdiyini qeyd edib:

“Ombudsmana müraciət edirik ki, vətəndaşlarımızın haqları tapdalanır, köməklik edin. Cavab verirlər ki, heç bir qanun pozuntusu yoxdur, ümumiyyətlə bu bizim səlahiyyətlərimizə aid deyil. Əgər qanun pozuntusu yoxdursa, nədən Kiyev Apellyasiya Məhkəməsi qərar verdi ki, qanun pozuntuları var?

Görünən odur ki, heçkəs öz işini vicdanla görmək istəmir. Şablon cavab məktubları ilə kifayətlənirlər”.

Vəkil məhkəmədə çıxış edən zərərçəkmişin ittiham tərəfinin şahidinin verdiyi ifadəyə tamamilə zidd ifadə verdiyini söyləyib:

“Misir Qasımlı və onun vəkilləri tərəfindən verilən heç bir suala cavab verə bilmədi. Bütün suallara “yadımda deyil” kimi cavab verdi. Bu azmış kimi zərərçəkən məhkəmə iclasına Azərbaycan bayrağının fonunda qoşuldu. Bundan başqa, keçən məhkəmədə zərərçəkmiş ağzından qaçırmışdır ki, prokurorluq ona 3000 dollar pul təklif edib, bu dəfə isə suala cavab olaraq etiraf etdi ki, 15.000 dollar təklif olunub. Hakim də dərhal iclası təxirə saldı ki, bu məsələni ört-bastır etsin. Təəssüf ki, hakim görünüş yaratmaq istəyir ki, guya obyektivdir, guya işi düzgün araşdırır, amma əməldə tam əksini edir. Bu da bizə onu düşünməyə əsas verir ki, hakimə kənardan təzyiqlər var və o gözünü yumub qanunsuz qərarı qəbul edə bilər. Həmçinin suallar altında çıxılmaz vəziyyətdə qalan zərərçəkmiş bildirdi ki, 2019-cu ildən psixiatrik dispanserdə qeydiyyatdadır (bu haqda həkim arayışını təqdim etdi) və psixotrop, narkotik tərkibli dərmanlar qəbul edir. Hadisə günü bununla bərabər spirtli içkilər qəbul edib. Eyni zamanda hadisə günü başqa yerdə olduğunu və maşında tapılan kart hesabından həmin dövrdə özü tərəfindən alış-veriş edildiyini gizlətməyə çalışsa da, bunun üstü açıldı. Bu da birbaşa ona dəlalət edir ki, həmin dövrdə kart özündə olmuş və polis tərəfindən Misirin maşınına atılmışdır.

Təqdimatla çıxış edən prokuror bu dəfə təqdimatını yalnız maddələrin ağırlığı ilə əsaslandırdı. Zərərçəkmişin vəkili isə təqdimata münasibət bildirərkən qeyd etdi ki, Azərbaycan əsgəri qaçıb-gizlənəndir. Ona görə Misir və Sübhanın da məhkəmədən qaçıb gizlənmək ehtimalı var. Misir Qasımlı isə buna etiraz edərək bildirdi ki, “biz müsəlmanlar ölümü siz qadınlarınızı sevən qədər sevirik və həmin qeyd etdiyiniz Azərbaycan əsgərləri sizin arvad-uşağınızı burada qoruyur, siz isə dincəlirsiniz”. Bu sözdən sonra zərərçəkənin vəkili və prokuror pərt olaraq zalı tərk etdilər. Diaspor nümayəndələri və digər Azərbaycan əsilli şəxslər Misir və Sübhanın şəxsi zaminliyə götürülməsi vəsatəti ilə çıxış etsələr də, hakim yenə bunlara məhəl qoymayaraq qanunsuz olaraq həbsi uzatdı”.

Gununsesi.info