Misirdə prezident seçkiləri – Sisi namizədliyi ilə bağlı qərarını AÇIQLADI

  • By admin
  • 03 Oktyabr 2023 10:55

Misir prezidenti Əbdülfəttah əs-Sisi yenidən prezidentliyə namizədliyini irəli sürəcəyini açıqlayıb.

Gununsesi.info xəbər verir ki, Misir dövlət televiziyasının verdiyi məlumata görə, Sisi paytaxt Qahirənin şərqində tikilmiş yeni inzibati paytaxtda keçirilən üç günlük “Vətən tarixi” konfransında yekun nitqi söyləyib.

Sisi yenidən prezident seçkilərində iştirak etmək qərarına gəldiyini bildirib və Misir xalqını 2023-cü ilin dekabrında keçiriləcək prezident seçkilərində fəal iştirak etməyə çağırıb.

Xalqı bu seçkiləri əsl siyasi plüralizmin başlanğıcı etməyə çağıran Sisi misirlilərin seçkiyə gedərək dünyaya öz iradələrini nümayiş etdirmələrinin vacibliyini vurğulayıb.

2014-cü ildə keçirilən prezident seçkilərindən sonra vəzifəyə başlayan Sisi 2018-ci ilin martında keçirilən seçkilərdə 92 faiz səslə yenidən seçilib.

Bundan əvvəl Misir Milli Seçki Şurasının sədri Vəlid Həsən Həmzə prezident seçkilərinin tarixi və namizədlərin irəli sürülməsi prosesi ilə bağlı açıqlamalar verib.

Səsvermənin 1-3 dekabr 2023-cü il tarixlərində xaricdə, 10-12 dekabr 2023-cü il tarixlərində isə ölkə daxilində keçiriləcəyini açıqlayan Həmzə, 6 illik yeni prezidentlik müddətinə namizəd irəli sürülməsi üçün müraciətlərin oktyabrın 5-14-də mümkün olacağını bildirib.

Həmzə bildirib ki, seçkilər ikinci tura keçərsə, 5-7 yanvar 2024-cü il tarixlərində xaricdə, 8-10 yanvar 2024-cü ildə isə ölkə daxilində keçiriləcək.

Səid Əhmədli
Gununsesi.info