Miyatoviçin AŞ komissarı təyinatı Azərbaycanda necə qarşılanıb? - O, PROBLEMLƏRİ BİLİR VƏ HÖKUMƏTLƏ DİALOQA BAŞLAYACAQ

  • By admin
  • 26 Yanvar 2018 14:30

ATƏT sədrinin media azadlığı üzrə xüsusi nümayəndəsi olmuş Dünya Miyatoviç Avropa Şurasının (AŞ) insan hüquqları üzrə komissarı təyin edilib. ATƏT rəsmisi kimi həmişə Azərbaycanda media azadlığı sahəsində duruma həssas yanaşan Miyatoviç hökumətin tənqidçilərindən biri kimi tanınır. Bəs görəsən, bu təyinat Azərbaycanda necə qarşılanıb?

Məsələ ilə bağlı Gununsesi.info olaraq millət vəkili, YAP Siyasi Şurasının üzvü Musa Quliyevə müraciət edik.

Dünya Miyatoviçin AŞ-nin İnsan haqları komissarı seçilməsi və onun Azərbaycana yönəlik mövqeyi ilə bağlı Gununsesi.info-ya açıqlama verən deputat Musa Quliyev bldirib ki,  kimliyindən asılı olmayaraq belə beynəlxalq qurumlarda çalışan şəxslərin subyektiv mövqeləri olmur.

“Bu istər Dünya Miyatoviç, istərsə də digər şəxs olsun. Onlara müəyyən təsirlər olur və onlar təsirlər altında danışırlar. Dünya Miyatoviç də ATƏT-də olarkən təsir altında danışırdı. Çünki ATƏT-də Avropanın müəyyən dairələrinin Azərbaycana qarşı qısqanclığı və gözgötürməzliyi var idi. Bu qüvvələrin gizli də olsa ermənilərə simpatiyası var idi və Dünya Miyatoviç də bu qüvvələrin təsiri altında danışırdı”- deyə, M.Quliyev vurğulayıb.

M.Quliyev hesab edir ki, artıq zaman dəyişib: “Avropadakı anti-Azərbaycan dairələr gördülər ki, Azərbaycanı təhdid, tənqid  və sanksiyalarla sındırmaq mümkün deyil. Necə ki, Azərbaycan prezidenti də dəfələrlə bəyan edib ki, Azərbaycanla hədə dili ilə danışmaq səmərəsizdir və biz hədə, kiminsə diqtəsi ilə siyasətimizi müəyyənləşdirmirik. Bundan sonra da belə hədələrin mənası yoxdur. Ölkə başçısı sonuncu dəfə Davos Forumunda da bəyan etdi ki, Azərbaycan heç bir zaman müstəqilliyini kiminsə maraqlarına qurban verməyəcək və öz müstəqil siyasətini davam etdirəcək. Artıq Avropadakı dairələr də bunun fərqindədirlər”.

Miyatoviçin AŞ-də komissar təyin olunmasına gəldikdə isə millət vəkili  hesab edir ki, Dünya Miyatoviçin Avropa Şurasında fəaliyyəti zamanı Azərbaycana qarşı mövqeyi daha obyektiv olacaq: “Bunun əsas səbəbi isə Azərbaycanın AŞ-də mövqeyinin möhkəmlənməsi və güclənməsidir. Elə AŞPA-nın son qış sessiyasında Azərbaycan nümayəndə heyətinin üzvləri bu qurumda müxtəlif vəzifələrə təyinat aldılar, məzruzəçi seçildilər. Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın vitse-prezidenti, Sevinc Fətəliyeva alt komitə sədri, Sahibə Qafarova xüsusi məruzəçi təyin olunub. Bu bir daha Azərbaycan nümayəndə heyətinin səviyyəsinin və nüfuzunun göstəricisidir. Azərbaycan nümayəndə heyətinin bu nüfuzu istər-istəməz həm Dünya Miyatoviçin, həm də digərlərinin Azərbaycanla bağlı mövqeyinə öz müsbət təsirini göstərəcək.

Digər tərəfdən də artıq Avropadakı dairələr Ermənistanı sonadək müdafiə etməyin mənasız olduğunu anlayırlar. Ona görə də Azərbaycanın mövqeyini dəstəkləməyə üstünlük verməyə başlayıblar”.

Siyasi və Mülki Hüquqları Müdafiə Mərkəzinin rəhbəri, keçmiş vicdan məhbusu Pərviz Həşimli isə hesab edir ki, yeni komissarın Azərbaycanla bağlı məlumatlı olması ümumi proses üçün yaxşı haldır: “Dünya Miyatoviç ATƏT sədirinin media azadlığı üzrə xüsusi nümayəndəsi kimi Azərbaycanda media azadlığının durumunu, habelə, insan hüquqları sahəsində problemlərə bələd olub. Onun Avropa Şurasının yeni komissarı kimi Azərbaycanda insan hüquqları ilə bağlı məlumatlar toplamasına, araşdırmalarına lüzum yoxdur. Başqa şəxs olsaydı bunu öyrənmək üçün müəyyən zaman tələb olunurdu. Amma Dünya Miyatoviç problemləri bilir və həlli üçün Azərbaycan hökuməti ilə tezliklə dialoqa başlayacağına əminəm”.

Pərviz Həşimli hesab edir ki, hökumət yeni komissarla əməkdaşlığa başlamalı və problemlərin həlli üçün addımlar atmalıdır.

Mürtəza

Gununsesi.info