MM-in İran bəyanatı: -İsraillə bağlı bu sözlər yoxdur

Bəyanatda İranın Azərbaycana qarşı düşmənçilik siyasəti yürütməsi, terroru dəstəkləməsi, regional sabitlik üçün təhlükəyə çevrilməsi, dövlət siyasətinin panfarsizm ideologiyasına əsaslanması, xalqlar həbsxanasına çevrilməsi, son bir neçə ayda azadlıq istəyən və iş istəyən 500-dən artıq müsəlman gənci qətlə yetirməsi, işğalçı Ermənistanı dəstəkləməklə Cənubi Azərbaycanda yaşayan soydaşlarımıza həqarət edib onları alçaltması, Qafanda konsulluq açmaqla Zəngəzur dəhlizinin açılmasına və bununla da müsəlmanlar arasında rahat gediş-gəlişə mane olmaq istəyi açıq mətnlə deyilmir.

Gununsesi.info xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev İran parlamentinin qəbul etdiyi sənədlə bağlı Milli Məclisin qəbul etdiyi bəyatın yumşaq olması barədə fikirlərinə aydınlıq gətirərkən deyib.

“Orta əsr idarəetməsinə qarşı çıxıb azadlıq istəyən gəncləri qətlə yetirən İran rejimi Fələstində İsrail polisinin zorakılığından danışır. Biz hər cür zorakılığa və terrora qarşıyıq, o cümlədən Əqsa məscidində aşırı güc tətbiq edən İsrail polisinin zorakılığını qınayırıq. Məsələnin bu tərəfi aydındır. Amma başqa bir məqam da var: Bəs İranda azadlıq istəyən 500-dən çox müsəlman gəncin qətlə yetirilməsini kimin vicdanına yazaq?” – o bildirib.

Millət vəkilinin sözlərinə görə, bəyanatda İrandan fərqli olaraq, İsrailin işğalçının yanında olmadığı, sözdə yox, əməldə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi, bizə müasir silahlar satıb, diplomatik dəstək verdiyi və bunu heç vaxt unutmayacağımız əks olunmalı idi:

“O da deyilməliydi ki, İran 1992-ci ilin mayında Azərbaycanın dövlət başçısını sülh danışıqları adı altında Tehrana dəvət edib Şuşanın işğalına şərait yaradıb. İranın Şuşanın işğalından sonrakı sükutu buna şübhə yeri qoymayıb. Çünki heç bir özünə hörmət edən dövlət belə bir vəziyyətlə barışa bilməzdi”.

 

Gununsesi.info