Milli Məclisin sədri Sahibə Qafarova yanvarın 31-də ölkəmizdə səfərdə olan Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Gununsesi.info-ya verilən xəbərə görə, görüşdə Azərbaycanın bu təşkilatla əməkdaşlığa mühüm əhəmiyyət verdiyi qeyd olunaraq bildirilib ki, qısa müddət ərzində Azərbaycan parlamentinin beş üzvünün təşkilatın bir sıra komitələrinin bürolarına və forumlarının idarə heyətinə üzv seçilməsi də bunu sübut edir.
Sahibə Qafarova Parlamentlərarası İttifaqın bütün ölkələrin rəylərinin əks olunduğu əsl dialoq platforması olduğunu qeyd edərək, təəssüflə vurğulayıb ki, bəzi beynəlxalq təşkilatlarda bu cür obyektiv münasibət və müsbət əməkdaşlıq mühiti yoxdur. O, bu mənada Avropa Şurası Parlament Assambleyasının ikili standartlara söykənən fəaliyyətini tənqid edib.
Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq təşkilatla ölkəmiz arasında əməkdaşlığı təqdir edib. O, Baş katib kimi məqsədinin təşkilatda hər bir dövlətin səsinin eşidilməsi olduğunu qeyd edərək, Parlamentlərarası İttifaqın hansısa ölkələrin, qrupların maraqlarını əks etdirən klub olmasını istəmədiyini söyləyib. O, Azərbaycanın təşkilatdakı nümayəndə heyətinə, büro və komitələrdə fəaliyyət göstərən parlamentarilərimizə istənilən dəstəyi göstərməyə hazır olduqlarını da qeyd edib.
Söhbətdə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə Parlamentlərarası İttifaq arasında əməkdaşlığı daha da dərinləşdirmək niyyəti ifadə olunub. Milli Məclisin sədri xatırladıb ki, Azərbaycan Hərəkata sədrliyi dövründə Prezident İlham Əliyevin təşəbbüsü ilə təşkilatın institusional potensialının inkişafı üçün Parlament Şəbəkəsinin, Gənclər Təşkilatının yaradılması kimi bir sıra təşəbbüslər irəli sürüb. Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması ölkəmizin parlamentlərarası əməkdaşlığa güclü dəstəyinin və sadiqliyinin təzahürüdür.
Görüşdə İqlim dəyişmələri üzrə mümkün əməkdaşlıq imkanları müzakirə olunub. Martin Çunqonq COP29-un 2024-cü ildə ölkəmizdə keçirilməsi ilə bağlı təbriklərini çatdırıb və Azərbaycanın bu tədbirə uğurla evsahibliyi edəcəyinə inamını ifadə edib.
Spiker təəssüflə qeyd edib ki, hələ də bəzi beynəlxalq təşkilatlar, xüsusən də Avropa Şurasının Parlament Assambleyası işğal dövründə məcburi köçkün düşmüş və Ermənistandan qaçqın olmuş azərbaycanlıların hüquqları barədə danışmaq istəmir. Sahibə Qafarova xatırladıb ki, Ermənistanın son dövrlərdə ritorikası Azərbaycanın guya sülh sazişini imzalamaq istəməməsi üzərində qurulub. Onun sözlərinə görə, 30 il Azərbaycan torpaqlarını işğal altında saxlamış bir ölkənin bu fikri səsləndirməsi təəccüblüdür. Spiker bir daha vurğulayıb ki, məhz Azərbaycan 44 günlük Vətən müharibəsindən dərhal sonra sülh müqaviləsinin imzalanması təşəbbüsü ilə çıxış edib. Ermənistan isə hələ də sülh müqaviləsinin imzalanması ilə bağlı prosesi uzadır.
Ermənistanın müstəqil ölkə olmadığını deyən Sahibə Qafarovanın sözlərinə görə, bəzi Avropa dövlətləri Cənubi Qafqaz regionunda sülhün təmin olunmasını istəmirlər. Bu ölkələrdən biri də Fransadır. Fransa neokolonializm siyasətini bu regiona da daşımaq istəyir.
Spiker Sahibə Qafarova bir daha vurğulayıb ki, Azərbaycan bütün ölkələrin ərazi bütövlüyünə hörmət edir və regionda uzunmüddətli sülh və sabitliyin bərqərar olunmasını, Ermənistanla tezliklə sülh sazişinin imzalanmasını istəyir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Gununsesi.info