Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə faktına görə məhkəmə araşdırması davam edir.
Gununsesi.info xəbər verir ki, iştirakçılıqla törədilən cinayət əməlinə görə 4 nəfərin-nazirliyin maliyyə və büdcə idarəsinin rəisi general Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə idarəsinin rəisi olmuş Cəlal Kazımov, Quru Qoşunların Maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin sabiq Maliyyə idarəsi rəisi Vüsal Əlizadənin işinə eyni icraatda baxılır.
Hazırkı mərhələdə şahid qismində hadisə vaxtı hərbi hissələrdə maliyyə-xidmət rəisi işləmiş zabitlər dindirilir. Şahidlər özləri də mənimsəmədə ittiham edilir. Lakin dövlətə dəymiş ziyanın ödənilməsini davam etdirən maliyyə xidmət rəislərinə xidmətlərinə davam etmələrinə şərait yaradılıb.
Bugünkü iclasda iki hərbi hissədə maliyyə-xidmət rəisi işləmiş Anar Məmmədov ifadə verib. Kapitan rütbəsi daşıyan şahid bu cinayət işi baş verən dövrdən bir qədər sonra ehtiyata buraxılıb. Hazırda heç bir yerdə işləmir.
Məmmədov deyir ki, 2015-2019-cu illərdə xidmət edib. Həmin dövrdə hər il maliyyə yoxlamaları keçirilib. Belə ki, hərbi hissə üçün hər il lazım olandan artıq sifariş verilib, əlavə köçürülən pullar da mənimsənilib.
A.Məmmədovun bilavasitə tabe olduğu şəxs isə təqsirləndirilən Cəlal Kazımov olub. Şahidin dediyinə görə, hər ay mənimsənilən vəsaitdən 30 faizini Kazımova verib.
Kazımov isə şahidin dedikləri ilə razılaşmır, onun özünü qanunsuzluqda ittiham edir:
“Yalan danışır. Bu, heç kimə pul verən deyildi. Namiq Poladov (nazirliyin inspeksiya idarəsinin sabiq rəisi) bunu daxili qoşunlardan gizir kimi gətirmişdi. Necəsə sonradan zabit oldu. Poladovun adamı idi deyə işi də rahat idi.
Bu pulları 30 nəfərin kartına köçürmüşdü. Sonra da pulu çəkib istifadə etmişdi. Əlahəzrətin (Namiq Poladovu nəzərdə tutur-red) yaxını idi deyə heç kim bunu yoxlamırdı. Bir dəfə mən yoxlama keçirdim, ona görə mənim özümü tənbeh etdilər”.
Təqsirləndirilən general da dustaq yoldaşını dəstəkləyib. Onun şərhindən məlum olub ki, şahidin xidməti fəaliyyəti haqda ona da şikayət edilib:
“Şikayətlərə görə, o vaxt bunu nəzarətə götürdüm. Tapşırdım ki, mənimsədiyi pulları dövlət büdcəsinə geri ödəsin. Bir müddət sonra da xidmət yerini dəyişdim. Sonra eşitdim ki, orada da qanunsuzluq edib”.
Prokuror Fuad Musayev Cəlal Kazımova müraciət edib, şahidin fəaliyyətindəki nöqsanları barədə kimə şikayət etdiyini soruşub.
Kazımov şahidin qanunsuzluqları barədə yalnız nazirliyin təftiş şöbəsinin müdiri Rafail Xələfova şikayət etdiyini deyib.
Şahidin işlədiyi müddətdə keçirilən yoxlamalar zamanı 391 min 961 manat mənimsəmə aşkar edilib. Həmin vəsaitdən özünə qalan isə 161 min manat təşkil edir. Lakin şahid öz üzərinə düşən ziyanı hələ ödəməyib. O, hazırda dəymiş ziyanın ödənilməsi üçün çalışdığını və yaxın vaxtlarda ödəyəcəyini deyib.
Prokuror və hakim şahidə üzərinə düşən ziyanı qısa müddətdə ödəməyi tövsiyə ediblər:
“Bundan əvvəl ziyanı ödəməyənlərlə bağlı müvafiq tədbir görülüb. Yəqin ki, ödəniş etməyənlər barəsində qətimkan tədbirinin seçilməsi yenidən müzakirə ediləcək”,- prokuror Musayev deyib.
Prosesə sədrlik edən hakim Fikrət Əliyev də eyni məsələ ilə bağlı şahidə izah verib:
“Qanun icazə verir ki, mənimsəmə və israfetmə ilə bağlı cinayətdə dəymiş ziyan ödənildiyi halda cinayət işinə xitam verilə bilər. Burda bəziləri var ki, ziyanın ödənilməsini gecikdirdiklərinə görə həbs ediliblər. İstintaq orqanı sizə fürsət yaradıb. Cavan adamsınız, məsləhət görürəm ki, ziyanı ödəyəsiniz”.
Şahid qismində dindirilən Emil Əhmədov oxşar ifadə verib. Əhmədov da cinayət baş verən vaxtda N saylı hərbi hissədə maliyyə-xidmət rəisi işləyib. Hərbi hissədə keçirilən yoxlamalardan sonra mənimsənilən vəsaitdən 108 min manatı Əhmədovun özünə qalıb.
Şahid həmin məbləğin 30 min manatını elə bu gün istintaq orqanının depozit hesabına ödəyib.
Proses gələn həftə davam edəcək.
Qeyd edək ki, 2022-ci ilin əvvəlində Dövlət Təhkükəsizliyi Xidməti Müdafiə Nazirliyində qanun pozuntuları ilə bağlı əməliyyat keçirib. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham verilib.
Gununsesi.info