
Azərbaycanda lisenziyalaşdırılma sistemində müddətli lisenziyanın tətbiq olunacağı sahə müəyyənləşdirilir, mobil rabitə xidmətləri ilə bağlı lisenziyalar (icazə) müddətli verilə bilər.
Gununsesi.info bildirir ki, Milli Məclisdən (MM) APA-ya verilən məlumata görə, “Lisenziyalar və icazələr haqqında” qanuna 22.1-1 maddəsinin əlavə edilməsi təklif olunur.
Yeni maddəyə əsasən qanunun 2 nömrəli əlavəsinə (Dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı) 4-1 maddəsi (sellülar (mobil) rabitə xidmətləri (texnoloji standartın adı göstərilməklə) əlavə edilir, bu bənd üzrə tələb olunan lisenziya 10 il müddətinə verilir.
Xatırladaq ki, Azərbaycanda hazırda bütün sahələr üzrə lisenziyalar (icazə) müddətsiz verilir.
MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi üzvü Vahid Əhmədov APA-ya bildirib ki, vaxtı ilə bu qanun qəbul olunanda prezident İlham Əliyevin tövsiyəsinə əsasən bütün lisenziyalar müddətsiz verilib: “Məqsəd yaranma ehtimalı olan korrupsiyaya yol verməməkdir. İndi zərurətdən irəli gələrək mobil xidmətlə bağlı lisenziyanın müddətli verilməsi sistematik hal yarada bilər. Yəni, digər sahənin qurumları da müddətli lisenziya istəyə bilər. Ona görə də biz bunu qəbul edən zaman birdəfəlik bildirəcəyik ki, digər bütün sahələr üzrə Azərbaycanda lisenziya müddətsiz verilir”.
Qanun layihəsi MM-in plenar iclasına tövsiyə olunub və martın 7-də müzakirəyə çıxarılacaq.
Gununsesi.info