Möhsün Pakayin : “İran və Azərbaycan regionda təhlükəsizlik və sabitliyə yanaşmada eyni mövqedən çıxış edir”

  • By admin
  • 28 İyul 2016 17:42

2015-04-21-16-02-317f8a872

 

“Son illərdə Azərbaycan və İran prezidenti arasında 6 görüş keçirilib və bu görüşlər də, təbii olaraq, iki ölkə arasında əlaqələrin inkişafında müstəsna rol oynayıb”.

Gununsesi.info xəbər verir ki, bu fikri İranın Azərbaycandakı səfiri Möhsün Pakayin İran mediasına müsahibəsində deyib. Onun sözlərinə görə, Rəşt-Astara dəmir yolu xəttinin tikintisində əməkdaşlıq və ya ticarət əlaqələri üçün maneələrin azaldılması, energitika və təhlükəsizlik sahələrində işbirliyi və xüsusilə də, terrorizmə qarşı mübarizədə əməkdaşlığa dair önəmli qərarların qəbulu prezidentlərimizin dostluğu və davamlı görüşləri sayəsində mümkün olub. “Nüvə anlaşmasından sonrakı dövrdə bizim prioritetimiz qonşularla əlaqələrin möhkəmləndirilməsi və genişləndirilməsidir. İran və Azərbaycan regionda təhlükəsizlik və sabitliyə yanaşmada eyni mövqedən çıxış edir. Biz regionda ikitərəfli və çoxtərəfli əməkdaşlığı zəruri sayırıq və bunun sülh, dostluq və əmin-amanlığın güclənməsinə xidmət edəcəyinə inanırıq. İran ilə Azərbaycanın sivilizasiyası, mədəniyyəti bir kökdən qaynaqlandığından əmkdaşlığın hərtərəfli inkişafı və münasibətlərin möhkəmləndirilməsinə limit qoyulmasına lüzum görmür”-deyə, iranlı diplomat vurğulayıb. Səfir əlavə edib ki, bu gün ölkələrimiz arasında əlaqələr heç vaxt olmadığı qədər yaxın və səmimidir: “Əlaqələrin və əməkdaşlığın inkişafı yolunda heç bir maneə yoxdur və demək olar ki, Tehran-Bakı əlaqələri strateji əlaqələr sayılır. Birgə əməkdaşlığı daha da gücləndirmək üçün embarqoların ləğvindən sonrakı şəraitdən yararlanmaq zəruridir. Qeyri-neft məhsullarının ticarət dövriyyəsinin artırılması, Azərbaycan təbii qazının svop yolu ilə mübadiləsinin davam etdirilməsi, Rəşt-Astara dəmir yolu xəttinin inşasının yekunlaşdırlması, Xəzər dənizində neft və qaz sahəsinə qoyulan birgə investisiyaların artırılması və viza rejiminin sadələşdirlməsi ilə turzimin gücləndirilməsi iki ölkənin prioritetləri sırasındadır. Hazırda neft və qeyri-neft məhsullarının ticarət dövriyyəsi 1,5 milyard dollara yaxındır və bu sahənin aydın perspektivi var”.

İki ölkə arasında viz rejiminin sadələşdirilməsinə toxunan səfir deyib ki, artıq uzun illərdir Azərbaycan vətəndaşlarının İrana səfər üçün viza almasına ehtiyac yoxdur. “Qarşıdakı iki ay ərzində İran vətəndaşlarının da viza probleminin həll olunacağı gözlənilir. Güman ki, İran vətəndaşlarına viza hava limanlarında və quru sərhəd keçid məntəqələrində veriləcək. Hazırda Azərbaycanın Tehran və Təbrizdəki nümayəndəliklərində İran vətəndaşlarına operativ şəkildə viza verilir. Keçən il 2000-ə yaxın iranlı Azərbaycana səfər etdiyi halda, bu il Novruz bayramı günlərində təxminən 45 min İran vətəndaşı Azərbaycanda olub”- deyə, diplomat vurğulayıb. Azərbaycanla İran arasında dəmiryol tikintisinə toxunan səfir deyib ki, 2016-cı ilin sonunadək Astara-Astara xətti vasitəsilə İran və Azərbaycan dəmir yolu şəbəkələrini birləşdirə biləcəyimizə ümid edirik: “Bunun “Şimal-Cənub” dəhlizinin inkişafına, bölgədə tranzit fəaliyyətinə və iki ölkənin əlaqələrinə mütləq böyük təsiri olacaq. Dəmir yollarının birləşdirilməsi işini başa çatdırmaq üçün İran-Azərbaycan işçi qrupu yaradılıb. Azərbaycan Rəşt-Astara dəmir yolu xəttinin tikintisinə maliyyə vəsaiti ayırmağı nəzərdə tutub. Bu dəmir yolu xətti ilə Hindistandan gələn yüklər və mallar İrandan və Azərbaycandan keçməklə Qazaxıstan, Türkmənistan və başqa ölkələrə daşınacaq. Bu məsələ böyük əhəmiyyətə malikdir. Bir neçə ay əvvəl İranın rabitə nazirinin iştirakı ilə Azərbaycan ərazisində dəmir yolu körpüsünün tikintisi işlərinə başlanılıb və iki ölkəni Astarada bir-birinə birləşdirəcək bu körpünün tikintisi cari ildə yekunlaşmalıdır”.

Diplomat onu da əlavə edib ki, Azərbaycan nəqliyyat sahəsində əməkdaşlığı gücləndirmək məqsədilə İrandan Azərbaycan ərazisindəki ilk dəmir yolu stansiyasına yük daşıyan yük avtomobilləri üçün rüsumları ləğv edib və gələcəkdə bu işin faydasını görəcəyik. “Biz Qəzvin-Rəşt-Astara dəmir yolu xəttində işlərin gedişini müsbət qiymətləndiririk. Bu dəmir yolu xətti ildə 10 milyon ton yük və 3 milyon sərnişin daşınmasını təmin edəcək”- deyə, o, qeyd edib.

Mürtəza

Gununsesi.info