Molla rejimi Rəfsəncaninin qızını 5 il azadlıqdan məhrum etdi

  • By admin
  • 10 Yanvar 2023 14:56

İran Məclisinin (parlament) keçmiş deputatı və qadın hüquqları müdafiəçisi Faeze Haşimi-Rəfsəncani 5 il müddətinə azadlıqdan məhrum edilib.

Gununsesi.info xəbər verir ki, onun vəkili AFP-yə bildirib ki, hakimiyyət onu milli təhlükəsizlik əleyhinə təbliğat aparmaqda və hərəkət etməkdə ittiham edib.

60 yaşlı xanım Haşimi sentyabr ayında ümummilli etirazlarda iştiraka çağırdığı üçün Tehranda saxlanılıb. “Müvəkkilim məhkəmə tərəfindən öncədən hazırlanan hökm əsasında beş il müddətinə azadlıqdan məhrum edilib”, – deyən vəkili Neda Şəms hökmdən apellyasiya şikayəti verməyi planlaşdırdığını bildirib.

Fəal, 2012-ci ildə molla rejimi əleyhinə təbliğat apardığına görə 6 ay həbs cəzasına məhkum edilib. O, 2017-ci ildə İran dövlət xadimlərini ləkələyən məlumatları dərc etdiyinə görə yenidən altı ay həbs cəzasına məhkum edilib.

İranda etirazlar sentyabr ayında səhv hicab geyindiyi iddiası ilə əxlaq polisi tərəfindən saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümü ilə bağlı başlayıb. İran təhlükəsizlik qüvvələri qızın infarkt keçirərək huşunu itirdiyini iddia edir. Ailəsi onun döyüldükdən sonra öldüyünə inanır. Noyabrda hakimiyyət iğtişaşçılardan biri ilə bağlı ilk ölüm hökmünü çıxarıb, həmin şəxs dekabrda edam edilib.

Faeze Haşimi-Rəfsəncani 1989-1997-ci illərdə İranın prezidenti olmuş Əli Əkbər Haşimi-Rəfsəncaninin qızıdır. O, 2017-ci ildə 82 yaşında vəfat edib.

Gununsesi.info