Mömin hansı xüsusiyyəti ilə tanınır? - Tural İrfan yazır

Din əxlaqdan başlayır. Kim dinin siyasətdən, elmdən, iddiadan yaxud sosial dəyərlərdən başladığını deyirsə yanılır. Din ilahi dəyər olduğu üçün əsasən mənəvi tərəflərə xidmət edir. Heç bir peyğəmbər zühur edərkən hakimiyyəti ələ almağa can atmayıb, siyasətə meyl etməyib. Öncə əxlaqi dəyərləri nizamlamağa çalışıb. Sonra Davud, Süleyman kimi rəhbərlik nəsib olubsa rəhbərlik də ediblər. Yusuf kimi vəzifə nəsib olan da olub ki, ədalətlə dünyəvi vəzifə də icra ediblər. Əhli-Beyt imamları da belə olub. İmam Əli, İmam Həsən kimi dünyəvi vəzifə nəsib olanlar da olub İmam Zeyd, İmam Cəfər, İmam Muhəmməd Hənəfiyyə kimi dünyəvi vəzifə daşımayanlar da olub. Bu şəxslərin əsas vəzifəsi mənəvi vəzifələr olub. İnsanları əxlaqa, mənəvi zənginliyə sövq ediblər. Amma sonralar bu şəxslərin adından sui-istifadə edən xurafat, siyasət əhli elə qələmə veriblər ki, sanki bu müqəddəs simalar yalnız hakimiyyət uğrunda mübarizə aparıblar. İmamları partiya sədri kimi qələmə veriblər. Ona görə də bəzi dinsizlərin də əlinə dəstəvuz düşüb ki, guya İmamlar hakimiyyət uğrunda savaşıblar.

Dinlərin ümumi üç dəyməz prinsipi var. Tək Allaha inam, öldükdən sonra imtahana, əsas dünyaya inam və əxlaq normaları. Bu prinsiplər bütün peyğəmbərlərin missiyasında dəyişməz olaraq qalıb.

Bu günki özünü dindar sayan cəmiyyətlərin problemi ondadır ki, onlar əxlaqdan başlamır. Görürsən adam alim olub, amma adam ola bilməyib.

Belə faktlar İslam aləmində minlərlədir. Yaxud siyasi hakimiyyətə meyllənib ona çatmaq uğrunda mübarizə aparır, amma dinin mahiyyətini bilmir, əməl etmir, siyasi əxlaqdan bixəbərdir, Quran dəyərlərindən uzaqdır. Nəticədə də parçalanma yaranır, din təhrif olunur, dünyəvi quruluşlar tərəfindən qorxulu bir ideologiya kimi kənarlaşdırılır. Halbuki dinin əlifbası əxlaqdır. Özünə yararlı olmaq, ailəsinə yararlı olmaq, sonra da bütün cəmiyyətə, insanlığa fayda vermək.

İmam Əlini özünə ideal, öndər hesab edən insanların çoxu o həzrətin deyil, onun düşmənlərinin əxlaqını yaşadırlar. İmam Əli özü terrora məruz qalan şəxsdir, amma onun adını şüar edənlər terrora meyllidir. Yaxud özlərini peyğəmbər, səhabə xələfləri adlandıran sələfilər var ki, radikalizmə, xurafata, terrora aludə olublar. Demək dinin təməlindən uzaqdırlar.

İslam ən ilk əmrləri, Quranın başlanğıcı əxlaqdan başlayır, cismani – mənəvi parklanmağa çağırır, əvvəlcə fərdi əxlaqdan təməl götürür, Peyğəmbərin özünü əxlaqa, təmizliyə, ədəbə, dürüstlüyü səsləyir, sonra da bu dəyərləri təbliğ etməyə çağırır.

Ona görə əsasən din xadimləri öncə əxlaqı təbliğ etməlidir. Əxlaq olmasa elmin, bilginin faydası yoxdur. Əxlaqsız din bilən terrorçu deməkdir. Əxlaqsız özünü dindar sayan cəmiyyət üçün zəhər deməkdir.

Elm, təhsil, bilgi, təbliğat ədəb və əxlaqdan sonrakı mərhələdə gəlir. İslamın ilk pilləsi mərifət, mədəniyyət, gözəl əxlaq, nümunəvi ədəbdir. Peyğəmbər əsasən insanları öz nümunəvi əxlaqı ilə cəlb edirdi. Əgər onun əxlaqında bir nüqsan olsa idi kafirlər onu ifşa edər, cəmiyyətdə xar edərdilər. Amma Allah onu nümunə olaraq qorumuşdu, o peyğəmbərlikdən əvvəl də nümunəvi insani keyfiyyətlərə malik idi.

Allah da Quranda peyğəmbərini ən gözəl nümunə adlandırıb ondan ibrət götürməyi əmr edir. Odur ki, müsəlmanlar cəmiyyətdə hər şeydən öncə alnındakı möhür izi ilə, uzun salxım saqqalı ilə, təsbehin uzunluğu ilə, əba-əmmamə ilə yox, gözəl əxlaqı, davranışı, xeyirxahlığı, nümunəvi əməlləri ilə seçilməlidirlər. Din zahirdən çox daxilə, batinə xitab edir. Daxili saf olanların xarici də saflaşacaq.

Tural İrfan, MCP-nin sədr müavini