“Monitorinq zamanı məhkəmələrdə ciddi qanun pozuntuları aşkar edilib” - MİRVARİ QƏHRƏMANLI

  • By admin
  • 03 İyul 2017 11:18

mirvari

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinin ekspertləri tərəfindən aparılan məhkəmə mübahisələrinin monitorinqinin nəticələri açıqlanıb.

Aparılan məhkəmə monitorinqi zamanı qəbul olunan məhkəmə qərarlarında qanunla nəzərdə tutulan müddət ərzində qərarların verilməməsi, çıxarılan qərarların icrasının yubadılması, məhkəmələrin hüquqları pozulan şəxslərin deyil, hüquqları pozan şəxslərin, xüsusən də işgəgötürən şəxsin maraqlarına uyğun qərarlar çıxarması kimi hallar qeydə alınıb.

Bu barədə Gununsesi.info-ya Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinin rəhbəri Mirvari Qəhrəmanlı deyib.

Onun sözlərinə görə, monitorinqlər paytaxtın Yasamal, Nəsimi, Səbail Rayon rayon məhkəmələrində, həmçinin Bakı Apellyasiya Məhkəməsində və Azərbaycan Respublikasının Ali Məhkəməsində aparılıb.

O bildirib ki, aparılan monitorinqlər zamanı aşağıdakı hallar müşahidə olunub:

“Təşkilatın apardığı monitorinqlər bir daha təsdiq edir ki, Bakı Apellyasiya Məhkəməsində və Azərbaycan Respublikasının Ali Məhkəməsində mülki mübahisələrə qanunvericiliyə nəzərdə tutlan müddətdə baxılaraq qərarlar qəbul edilsə də, Bakı şəhərinin Yasamal Rayon Məhkəməsində və Səbail Rayon Məhkəmələrində isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 227-ci maddəsi kobud surətdə pozulur. Məcəlləyə əsasən məhkəmə qətnaməsi elan edilənədək tərtib olunmalıdır. Müstəsna hallarda, xüsusilə mürəkkəb işlər üzrə qətnamənin nəticə hissəsi elan edildikdən sonra əsaslandırılmış qətnamənin tərtib edilməsi 10 gün müddətinədək başa çatdırılmalıdır. Bu halda məhkəmə qətnamənin nəticə hissəsinin elan olunduğu gün onun təsdiq olunmuş surətini işdə iştirak edən şəxslərə rəsmi qaydada verməlidir. Prosesə sədrlik edən hakim eyni zamanda, işdə iştirak edən şəxslərə əsaslandırılmış qətnaməni nə vaxt ala biləcəklərini elan edir. Məhkəmənin qətnaməsi işdə iştirak edən şəxslərə tərtib edildikdən sonra 3 gün ərzində rəsmi qaydada verilməlidir. Lakin məcəllənin Yasamal və Səbail rayonlarında belə halların pozulduğu qeydə alınıb. Yuxarıda dediklərimi aşağıda dediklərimlə sübut etməyə çalışacağıq. Yasamal Rayon Məhkəməsində 2 nəfər Qəbələ mülkiyyətçisinin “Azərsu” SC-nə qarşı iddia tələbləri üzrə məhkəmə işində (Hakim: Fuad Bababyev) 4 il 7 aydan sonra yekun qətnamə qəbul edilib. Digər bir fakta əsasən Yasamal Rayon Məhkəməsində 1 nəfər Qəbələ mülkiyyətçisinin “Azərsu” SC-nə qarşı  iddia tələbləri üzrə məhkəmə işində (Hakim: Fuad Bababyev) 3 ilə yaxın müddətdir ki, yekun qərar qəbul etməyib.

– Səbail Rayon Məhkəməsində 1 nəfər işçin SOCAR AQŞ-yə qarşı “İşə Bərpa” barədə iddia tələbləri üzrə məhkəmə işində (Hakim: Nurəddin Bağırov) 1 ay müddətində baxıb qərar verməli olan mülki işdə 4  aydansonra yekun qətnamə qəbul edib.

– Səbail Rayon Məhkəməsinin hakimi Nurəddin Bağırov məhkəmə qətnaməsini elan etdiyi gündən 45 gün sonra hazırlaayaraq təqdim edib.

– Nəsimi Rayon Məhkəməsində (Hakim: Rəşid Səmədov) məhkəmə iclasları təyin olunmuş vaxtdan 1-2 saat sonra baxılıb, təmin olunmuş vəsatət üzrə sənədlər cavabdehdən alınmayıb, Dövlət Əmək Müfəttişliyinin rəyi işəgötürənin xeyrinə saxtalaşdırılmış və qətnamədə əks rəy yazılıb. Müfəttişliyi nümayəndəsi qeyd olunan faktı apellyasiya instansiyası məhkəməsində təsdiq edib”.

Ali Məhkəmədə baş verən proseslər barədə danışan M.Qəhrəmanlı əlavə edib ki, Mülki Prosessual Məcəlləsinin 138.1(Məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir), 415.1(Kassasiya instansiyası məhkəməsi işin baxılmasını elə müddətə təyin etməlidir ki, işdə iştirak edən şəxslərin verilmiş şikayətə dair yazılı etiraz verməyə imkanları olsun.) 415.2(İşdə iştirak edən şəxslər və onların nümayəndələri işə baxılma vaxtı və yeri barədə xəbərdar edilirlər.) və 419.3 (Qərar qəbul edildiyi gündən 1 ay müddətində, işdə iştirak edən şəxslərə sifarişli məktubla göndərilməli və yaxud qəbz alınmaqla təqdim edilməlidir.) maddələri pozulub.

“Belə ki, tərəflərə qanunla nəzərdə tutulan qaydada məhkəmə iclaslarının vaxtı barədə bildirişlər verilmir və ya qanunda nəzərdə tutulan vaxtda verilmir. Eyni zamanda, məhkəmə qəbul etdiyi qərarları da tərəflərə vaxtında göndərmir. Məhkəmənin qəbul şöbəsində və ya dəftərxanasında qərarı almayan şəxslərə formal bir cavab verilir, “ünvanınıza göndəriləcək” – deyə süründürməçilik hallarına yol verilir. Belə hallar monitorinqini apardığımız bir neçə məhkəmə işində təsdiq olunub”.

Məhkəmə qərarlarının icrasına gəldikdə M. Qəhrəmanı deyib ki, monitorinqi zamanı qanuni qüvvəyə minmiş və icra vərəqi verilmiş məhkəmə qərarları vaxtında icra edilmədiyi müəyyən edilib. “Bu hallar Yasamal və Xətai Rayon İcra şöbələrində daha çox baş verir. Hal-hazırda bu icra şöbələrində: İşə bərpa, mülkiyyətlə bağlı kompensasiyaların ödənilməsi, alimentin tutulması və digər işlər üzrə 1 ildən çox müddətə icra edilməyən məhkəmə qərarları vardır.

Təşkilat tərəfindən mütamadi aparılan məhkəmə monitorinqlərin nəticəsində, monitorinq ekspertləri belə qənaətə gəliblər ki:

Bakı Apellyasiya Məhkəməsinin hakimləri: İsmayıl Xəlilov və Aygün Abdullayevanın işçilərə qarşı çıxardığı qərarlar əsassız və qanunsuz olmaqla, Əmək Məcəlləsinin tələblərini pozmaqla  yalnız işəgötürənin xeyrinə olur. Aygün Abdullayeva hətta Ali Məhkəmənin məcburi göstərişlərinə əməl etmədən belə işçinin əlehinə qərarlar qəbul edir”- deyə, M.Qəhrəmanlı bildirib.

Mürtəza

Gununsesi.info