“Moskva geri çəkilmək zorundadır, Bakı da bu şansdan yararlanmaq istəyir” - AZƏR RƏŞİDOĞLU

  • By admin
  • 10 Avqust 2017 17:38

403297354

“Cənubi Qafqaz uğrunda yeni savaş gedir. Belə ki, Cənubi Qafqaz bölgəsi dünyanın siyasi şahmat lövhəsində mühüm oyunçu olaraq qalmaqdadır”.

Bu fikri Gununsesi.info-ya açıqlamasında siyasi icmalçı Azər Rəşidoğlu ABŞ və Rusiyanın son dövrlərdə yenidən Cənubi Qafqaz uğrunda gedən mübarizəsini şərh edərkən deyib.

Onun sözlərinə görə, Ermənistanın Rusiyanın forpostluğunda qalmaq cəhdləri fonunda Azərbaycan və Gürcüstanı NATO-ya daha açıq ölkələr kimi səciyyələndirirlər. “Lakin bölgədə elə proseslər baş verir ki, siyasi müstəvidə kimin hansı gedişləri edəcəyini təxmin etmək qəlizləşir”- deyə, siyasi icmalçı vurğulayıb.

O əlavə edib ki, Rusiya və Qərb tərəfindən təzyiqlərlə üzləşdirilən Azərbaycan yeni “xilas kəməri” axtarmaqdadır: “Son vaxtlar bu missiyanı qonşu Türkiyə oynamağa başlayıb. Türkiyə bölgədə möhkəmlənmək üçün Cənubi Qafqaza nəzarəti ələ keçirmək istəyir. Gürcüstanla münasibətlər baxımından ciddi bir böhran yaşamayan Ankara İrəvan ilə “Sürix protokolları” çərçivəsində əməkdaşlığı inkişaf etdirmək istəyir. Lakin bu məsələdə Bakının da maraqlarını nəzərə alan Türkiyə bölgədə əməkdaşlığın əsas vektorunun Türkiyə-Azərbaycan, Türkiyə-Gürcüstan münasibətləri olduğunu da yaxşı anlayır”.

A.Rəşidoğlu bildirib ki, Cənubi Qafqazdakı etnik münaqişələr SSRİ-nin dağılmasına səbəb olub. “Odur ki, bölgə dünya üçün önəmli bir məkana çevrilib. Regionun mühüm oyunçusu kimi Türkiyə proseslərə daha fəal müdaxilə etmək niyyətini gizlətmir. Adi deyil ki, Türkiyənin Cənubi Qafqazda rolu xeyli artıb. Həm Türkiyə ərazisində hərbi təlim və təkrar təlim komponentindən, həm də Azərbaycan və Gürcüstanın hərbi təhsil sisteminin NATO standartlarına uyğunlaşdırılmasından ibarət olan hərbi kadr hazırlığında Ankaranın fəallığını xüsusilə qeyd etmək lazım gəlir”- deyə, o vurğulayıb.

O hesab edir ki, Ankaranın bu fəallığı Türkiyənin bölgədə güc mərkəzinə çevrilməsinə imkan verir: “Ankara güc mərkəzinə çevrilir. Həmçinin, formalaşan hərbi alyansın postsovet məkanında öz maraqlarının müdafiəsi üçün açıq-aşkar hərbi alətdən istifadə edən Rusiyaya qarşı yönəldiyini də hesab edənlər az deyil”.

Türkiyənin bölgədə oynadığı rola, Qərb və Rusiyanın Ankaranın  bölgədəki nüfuz uğrunda mübarizəsinə yanaşmasına gəldikdə isə A.Rəşidoğlu deyib ki, Türkiyənin Cənubi Qafqazdakı tərəfdaşları ilə inkişaf etməkdə olan hərbi əməkdaşlığına, Bakı və Tiflisin NATO ilə genişlənməkdə olan münasibətlərinə Qərb və Rusiya neytral izləyici timsalında yanaşırlar. “Çünki NATO-nun planları bir sıra hallarda Türkiyə ilə ziddiyyət təşkil edir. Odur ki, bu mərhələdə Ankaranın rolu NATO-nun rəqibi olan Moskvanı qane etməyə bilməz. Rusiyanın cənub sərhədlərində Ankara və Moskva əməkdaşlığı da aktuallığını artırıb. Moskvanın səssiz razılığı olmadan Türkiyə-Azərbaycan-Gürcüstan arasında üçtərəfli hərbi format yaratmaq imkansız olardı.

Digər tərəfdən, Rusiya və NATO-nun regionda status-kvosunun müvəqqəti xarakter daşıması və gələcəkdə gərginliyə gətirib çıxara biləcəyi ehtimalı azdır”- deyə, siyasi icmalçı vurğulayıb.

Onun fikrincə, Rusiyanın İranın nüvə proqramı üzrə danışıqlarda konstruktiv iştirakı, marşrutların diversifikasiyası vasitəsilə Avropanın enerji təhlükəsizliyi sisteminin formalaşdırılması və neft qiymətlərinin ucuzlaşmasından irəli gələrək, Rusiyanın qlobal iqtisadiyyata cəlb olunması prosesinin sürətləndirilməsi, xarici kapitalın geniş iştirakı ilə daxili islahatlara hazırlıq təhlükəsizlik sahəsində Kremlin Qərblə əməkdaşlığını vacib edir: “Yəni Moskva Qərb qarşısında geri çəkilmək zorundadır. Bakı da bu şansdan istifadə etmək istəyir”.

Mürtəza

Gununsesi.info