
Moskva İrəvanla təmasda Ermənistanın baş naziri Nikol Paşinyanın “təhlükəsizlik sahəsində əlaqələrin şaxələndirilməsi” zərurəti haqqında danışarkən nəyi nəzərdə tutduğu barədə məlumat alacağını gözləyir.
Gununsesi.info xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Bir müddət əvvəl Amerikanın “The Wall Street Journal” qəzetinə müsahibəsində Paşinyan bildirib ki, Qarabağda baş verənlər İrəvanı “əsas etibarilə təhlükəsizlik sahəsində münasibətlərin şaxələndirilməsinin zəruriliyi” qərarına gətirib.
“Bu halda biz “The Wall Street Journal”ı ilkin mənbə kimi qəbul etməyə meylli deyilik, ona görə də hələ də Paşinyanın nədən danışdığını dəqiq başa düşməliyik”, – deyə Peskov qeyd edib: “Erməni dostlarımızla söhbətdə bu məsələ ilə bağlı bütün məlumatları alacağımızı gözləyirik. Və təbii ki, Rusiya və Ermənistanın qəzetlər, xüsusən də “Wall Street Journal” vasitəsilə əlaqə saxlaması yaxşı deyil. Ona görə də biz erməni dostlarımızla söhbəti, dialoqu davam etdiririk və bundan sonra da davam edəcəyik, çox geniş gündəliyimiz var”.
Kreml nümayəndəsi həmçinin vurğulayıb ki, Rusiya tərəfi “Bakı və İrəvana nəhayət sülh müqaviləsinin bağlanmasına kömək etmək üçün səylərini davam etdirir”. “Bu, regionda vəziyyəti sabitləşdirmək və bütün regionda daha müsbət, yaradıcı həyat səviyyəsinə nail olmaq üçün lazımdır”, – deyə mətbuat katibi yekunlaşdırıb.
Paşinyan “The Wall Street Journal”a müsahibəsində onu da qeyd edib ki, İrəvan Rusiya hərbi bazasının Ermənistandan çıxarılması məsələsini qaldırmır və “Rusiya Federasiyası və KTMT-nin bu davranışının səbəbini işçi görüşlər və digər formatlar çərçivəsində anlamağa” çalışır.
Paşinyan əlavə edib ki, Ermənistan KTMT-də qalır “çünki indi tərəflər mövqelərin anlaşılması məsələlərini müzakirə etmək mərhələsindədirlər” və “bir-birini başa düşməkdə səhv etmək” istəmirlər.
Gununsesi.info