Moskva “Zəngəzur dəhlizi”nin açılmasında maraqlıdırmı? – ŞƏRH

Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərindən ibarət üçtərəfli işçi qrupu avqustun 17-də Moskvada yenidən toplandı. Görüşdə tərəflər regionunda nəqliyyat kommunikasiyalarının bərpasının perspektivlərini və Azərbaycan, Ermənistan, Rusiya liderlərinin 2021-ci il yanvarın 11-də imzaladıqları bəyanatın yerinə yetirilməsi məsələlərini müzakirə etdilər.


Gununsesi.info
-nun məlumatına görə, görüşü şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu xatırladıb ki, Ermənistan bir müddət komissiyanın işinə qatılmaqdan imtina etdi.

HTML tutorial

“Ermənistanın birinci bəhanəsi o idi ki, parlament seçkiləri keçirildikdən və yeni hökumət formalaşandan sonra komissiyanın işinə qatıla bilərlər. Ermənistanın ikinci bəhanəsi sərhəddəki gərginliklə bağlı idi, yəni Azərbaycanla gərginlik olduğu müddətdə kommunikasiya xətlərinin açılmasına razılaşa bilməzlər.

Bu bəhanələrə baxmayaraq, Ermənistan hakimiyyəti yenidən masaya qayıtdı. Ancaq üçtərəfli işçi qrupun yenidən Moskvada toplanaraq kommunikasiya xətlərinin açılmasıyla bağlı müzakirələri davam etməsi hələ Ermənistan hakimiyyətinin məsələni uzatmayacağından xəbər vermir”.

Ekspertin sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan bir tərəfdən deyir ki, Azərbaycanla dəhlizin açılması zərurəti yarana bilər, o biri tərəfdən Zəngəzur koridorunun əleyhinə olduğunu vurğulayır.

“Paşinyan tərəddüd içərisindədir. O bir tərəfdən koridor vasitəsilə bölgədə sülhün bərpası istiqamətində önəmli addımın atılacacağını anlayır, digər tərəfdən güzəştə gedən tərəf kimi görsənmək istəmir. Onun tərəddüdünü Moskva çözə bilər. Rusiya 11 yanvar bəyanatının əsas bəndini əlində rəhbər tutaraq koridorun açılmasını təmin edə bilər. Ancaq problem ondadır ki, Rusiyanın özü də 10 noyabr və 11 yanvar bəyanatlarına sadiq deyil. Əks halda, Laçın dəhlizindən silah, hərbi texnika və muzdlu hərbçilər Qarabağa keçməməli, Qarabağda qanunsuz postlar qurulmamalı və erməni separatçıları tərksilah olunmalıydılar. Bunların heç biri baş vermir”.

E.Şahinoğlu bildirib ki, Rusiyanın bölgədə sülh quruculuğu ilə məşğul olmadığını prezident İlham Əliyev də son müsahibəsində etiraf etdi.

“Ona görə də Moskvanın kommunikasiya xətlərinin açılması məsələsində də ikili oynadığına dair şübhələr var. Kreml kommunikasiya xətlərinin açılmasıyla Azərbaycan, Türkiyə və Mərkəzi Asiya ölkələrinin bir-birləriylə sıx bağlanacaqlarından ehtiyat etməyə başlayıb. Halbuki, Zəngəzur dəhlizindən Rusiyanın özü də bəhrələ bilər”, – E.Şahinoğlu əlavə edib.

Ekspertin sözlərinə görə, Moskvada anlamalıdırlar ki, Abxaziya, Cənubi Osetiya və ya Donbass separatçılarından fərqli olaraq Qarabağdakı erməni separatçıları mühasirədədirlər və Azərbaycan ordusu bu mühasirəni daraltmaq istiqamətində fəaliyyətini davam etdirəcək:

“Ona görə də nə qədər ki, növbəti müharibə başlamayıb Moskvanın 10 noyabr və 11 yanvar bəyanatlarının yerinə yetirilməsini təmin etməsinə ehtiyac var. Yeni müharibə Ermənistan kimi Rusiyanın da maraqlarına cavab vermir. Biz isə istənilən varianta hazırıq. Növbəti mərhələdə Ermənistanın Azərbaycanla sülh sazişi və sərhədlərin müəyyənləşməsi məqsədilə danışqlara başlaması zərurəri də yaranacaq. Biz istədiyimiz nəticələri əldə etmək üçün təzyiqlərimizi davam etdirməliyik”.

Gununsesi.info