Moskvada Azərbaycanın Dövlət Bayrağı Gününə həsr olunmuş musiqi festivalı keçirilib

  • By Günel
  • 10 Noyabr 2024 13:54

Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgi Mərkəzinin (VDNX) “Azərbaycan” pavilyonunda Azərbaycanın Dövlət Bayrağı Gününə həsr olunmuş beynəlxalq klassik musiqi festivalı keçirilib.

Gununsesi.info “Report” – a istinadən xəbər verir ki, tədbir Qara Qarayev adına Moskva Uşaq Musiqi Məktəbi və VDNX-də Azərbaycan pavilyonu tərəfindən təşkil olunub.

Layihənin əsas məqsədi istedadlı gənc ifaçıların üzə çıxarılması və müxtəlif ölkələrin musiqi təşkilatları arasında yaradıcılıq əlaqələrinin qurulmasıdır.

Tədbirdə gənc ifaçılar – beynəlxalq və respublika müsabiqələri laureatları, o cümlədən Qara Qarayev adına məktəbin və Milli Konservatoriyanın nəzdində Respublika İncəsənət Gimnaziyasının məzunları və tələbələri iştirak ediblər. Festivala İtaliyadan olan gənc musiqiçilər onlayn formatda qoşulublar.

Moskvadakı Q.Qarayev adına Uşaq Musiqi Məktəbinin direktoru Andrey Leonov qeyd edib ki, festival artıq üçüncü dəfədir ki, “Azərbaycan” pavilyonunda keçirilir: “Builki festival Azərbaycanın Dövlət Bayrağı Gününə həsr olunub. Səhnə ölkələr arasında dostluq rəmzi olaraq Rusiya və Azərbaycanın bayraqları ilə bəzədilib”.

O bildirib ki, gələn ilin aprel ayında Moskvada Qara Qarayev adına ənənəvi Beynəlxalq Müsabiqə keçiriləcək.

Festivalda 19-20-ci əsr klassiklərinin: Şubert, Qlinka, Debüssi, Skryabin, Raxmaninov, Üzeyir Hacıbəyli, Qara Qarayev, Vaqif Mustafazadə və başqa bəstəkarların əsərləri səsləndirilib.

Gununsesi.info