Moskvada Azərbaycan-Rusiya-Ermənistan işçi qrupunun iclası keçirilir - VİDEO/YENİLƏNDİ

  • By admin
  • 02 İyun 2023 15:00

Moskvada Cənubi Qafqazda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı üçtərəfli işçi qrupun iclası başlayıb.

Bu barədə APA-nın Moskva müxbirinə Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçukun mətbuat katibi Andrey Matveyev bildirib.

“Moskvada dövlət başçılarının tapşırığına uyğun olaraq Azərbaycan Respublikası baş nazirinin müavini Şahin Mustafayev, Ermənistan Respublikasının baş nazirinin müavini Mqer Qriqoryanın və Rusiya baş nazirin müavini Aleksey Overçukun birgə sədrliyi ilə üçtərəfli işçi qrup öz işinə başlayıb”, – Matveyev vurğulayıb.

10:04

Bu gün Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri – Şahin Mustafayev, Mqer Qriqoryan və Aleksey Overçukun həmsədrliyi ilə işçi qrupun iclası keçiriləcək.

Ermənistan KİV-in məlumatına görə, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

“İyunun 2-də Moskvada regional kommunikasiyalar üzrə işçi qrupun iclası planlaşdırılıb”, – deyə hökumət başçısı bildirib.

Qeyd edək ki, M.Qriqoryan bundan əvvəl bildirmişdi ki, işçi qrupun görüşü çərçivəsində regionda nəqliyyat kommunikasiyalarının açılmasına dair məsələlər müzakirə olunacaq.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan Moldovanın erməni icması ilə görüşündə İrəvan və Bakının 1975-ci ilin sovet xəritələri əsasında delimitasiya aparmaq barədə ilkin razılığa gəldiklərini bildirib.

Gununsesi.info