“Mossad” heç kimi və heç nəyi bağışlamır

  • By admin
  • 18 Aprel 2023 14:39

Dünən gecədən İsrail “Yom HaShoah” – Holokost Qurbanlarının Anım Gününü qeyd edir.

Növbəti 24 saat ərzində Holokostun 6 000 000 (altı milyon) günahsız qurbanı dünyanın hər yerində yaşayan yəhudilər tərəfindən anılacaq.

Bir daha qeyd edim ki, II Dünya müharibəsində yalnız milli mənsubiyyətinə görə 6 milyon yəhudi uşaq, qadın, qoca, cavan alman nasistləri tərəfindən ölümə məhkum edilib, almanlara qarşı mübarizə aparan yəhudilər isə ən dəhşətli işgəncələrə məruz qalıblar. Onlar üçün xüsusi ölüm düşərgələri yaradılmışdı ki, bu gün də oranı görənlər dəhşət içində deməyə söz tapmırlar.

II dünya Müharibəsindən sonra 14 may 1948-ci ildə müstəqillik əldə edən İsrail dövlətinin ilk işi Holokost soyqırımından canını hansısa yollara qurtarmış yəhudiləri tapmaq və valideynlərini itirmiş uşaqlara sahib çıxmaq idi. Bəli, belə bir addımı yalnız böyük xalq edə bilərdi. Öz övladlarına dünyanın hər yerində sahib çıxmaq və bir daha Holokostun yaşanmaması üçün bütün gücünü ortaya qoymaq hər dövlət üçün xarakterik olan xüsusiyyət deyil.

Bundan başqa İsrail dövlətinin əsas məqsədindən biri də yəhudilərə qarşı edilən hərbi cinayətkarlıq və soyqırımı törətmiş alman nasistlərini müəyyən etmək və onları məhkəmə qarşısına çıxartmaq idi. Təbii ki, bu işdə “Mossad” bütün gizli və açıq əlaqələrini işə salmaqla parlaq nəticələrə nail olur.

Həm də “Mossad” və onun missiyası özündə bütöv xalqın müqəddəratını müəyyən edirdi. Çünki II Dünya müharibəsində altı milyon günahsız insanın yalnız yəhudi olduğu üçün məhv etməsinə susan dünya birliyi təbii ki, bundan sonra da susacaqdı. Amma “Mossad” günahsız insanların haqqını yerdə qoymur.

Qısa məlumat verim ki, heyət üzrə digərlərindən yəni ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi (Central Intelligence Agency), Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidməti (SSRi dövründə KQB olan) və ya Böyük Britaniyanın MI6-sından az olsa da, “Mossad”ın iş prinsipi saydıqlarımız orqanlardan köklü surətdə fərqlənir.

İlk növbədə onu qeyd etməliyik ki, İsrail kəşfiyyatının yaşı çox azdır. “Mossad” 1949-cu il, dekabrın 13-də təsis olunub və idarənin ilk təsisçisi İsrailin birinci Baş Naziri David Ben-Qurion olub.

“Mossad”ın parlaması isə İsser Harelin dövrünə təsadüf edir.

Gəlin İsserin “Mossad”a qədər olan həyatına göz ataq. Belə ki, İsser arvadı və bacıları ilə sitrus meyvələri yetişdirən biznesə malik idi. Adi və sakit həyat yaşayan İsser İkinci Dünya müharibəsində xüsusi agent yetişdirən məktəbə üz tutur. Bu məktəbi bitirdikdən sonra Harel bütün həyatı boyu İsrail xüsusi xidmət orqanlarında çalışır.

Harelin kəşfiyyat karyerası 1940-cı ildən başlayır. Bir sıra vəzifələrdə və kəşfiyyat qurumlarında çalışan İsser 1952-ci ildə “Mossad”a rəhbər gələn kimi ilk növbədə təşkilatın büdcəsinin çoxaldılmasına nail olur. O, “Mossad” agentlərinin hazırlanması üçün xüsusi məktəb yaradır və namizədlərin seçilməsində ciddi standartlar tətbiq etməyə başlayır. Onun məşhur ifadəsi isə tarixə düşür.

Mənə elə adamlar lazımdır ki, onlar adam öldürməyə nifrət etsinlər, amma yenə də onlara adam öldürməyi öyrədə bilək…

Harel sərt və avtoritar lider idi, “Mossad”ın bütün işçiləri ona tabe idi və şəxsən ona sadiq idi. Bu isə təşkilatın necə monolit olmasına işarət idi.

O, İsrail tarixində kəşfiyyat və əks-kəşfiyyatın rəhbərliyini birləşdirən yeganə şəxs idi. İsser həm də İsraildə ikinci adam idi ki,  şəxsən hökumət başçısına hesabat verir və ölkənin bütün xüsusi xidmət orqanlarına rəhbərlik edirdi.

İsser haqqında bu qədər çox məlumat verməyimin əsas səbəbi budur ki, məhz bu əfsanəvi adam “Mossad”ın ən fantastik, ən ağlasığmaz, mümkün olmayan əməliyyatlarını digər ölkələrin ərazisində həyata keçirib. Bəzilərində isə şəxsən iştirak edib.

Qayıdaq Holokost cinayətkarlarına.

Nasist Almaniyasında Holokostun memarı adlanan Adolf Eyhman II Dünya Müharibəsindən sonra gizli yollarla ölkədən qaçmağa müvəffəq olur və onun izi itirilir. Amma Adolfun bütün kələkləri “Mossad” üçün uşaq bağçası idi. Çünki düz 15 il sonra “Mossad” Adolfu Argentinada tapır və gizli İsrailə qaçırdır.

Təbii ki, başqa bir ölkədə, həmin ölkənin vətəndaşını qaçırtmaq və daha sonra İsraildə məhkəmə qarşısına çıxartmaq hər kişinin işi deyildi. Amma bu kişi İsser Harel idi.

Belə ki, 1960-cı il mayın 11-də Holokostun memarı və Hitlerin ən yaxın silahdaşı Adolf Eyhman yuxugətirici dərmanların təsiri altında İsrail təyyarəsinə mindirilərək Argentinadan qaçırılır. İndi deyəcəksiniz ki, niyə qaçırırdılar ki? Çünki, Eyhmanın ekstradisiya edilməsi onun növbəti dəfə yoxa çıxmasına səbəb olacaqdı. Və növbəti 15 il onu axtarmağa “Mossad”ın vaxtı yox idi.

Bəs Adolf Argentinada 15 il necə gizlənmişdi?

Argentina II Dünya müharibəsindən sonra nasistlər üçün əsl cənnət idi. Heç kim nasistləri burada təqib etmirdi. Hətta onlara yeni həyata başlamaları üçün yardım da edirdi, iş və evlə təmin olunurdu. Yeni ad soyadla burada yüzlərlə nasist rifah içində qocalığını yaşayırdı.

Həm də burada çox vacib məqam var idi. Hitlerə rəğbət bəsləyən Argentina Prezidenti Xuan Peron saxta sənədlərlə çox sayda almanın ölkəsinə gəlməsinə imkan yaradır, daha sonra onların digər Avropa ölkələrinə başqa pasportlarla qaçmasına yardım edirdi.
Bir çox keçmiş nasist hətta Argentina silahlı qüvvələrində çalışırdı.

Adolf da həmçinin əvvəl özü bura qaçır, daha sonra arvadı və üç övladını da yanına gətirir. Adolfun əsl kimliyinin müəyyən olunmasında elə öz oğlu böyük rol oynayır. Argentinada bir qızla tanış olan Adolfun oğlu, tez-tez atasının III Reyxdə necə yüksək vəzifə tutmasından və Hitlərlə yaxın münasibətdə olmasından dəm vurur. Bu söz-söhbət Argentinada yaşayan yaşlı və Holokost müsibətindən əziyyət çəkmiş yaşlı yəhudiyə çatır.

Uzun sözün qısası “qaraçı poçtu” ilə “Mossad”a xəbər çatır ki, axtardığınız Adolf Eyhman burada şad-xürrəm həyat sürür.

“Mossad” isə Adolfun kimliyini müəyyən edəndən sonra 20 saniyəyə onu oğurlayıb Argentinada villada saxlayaraq, ondan əsl kimliyini təsdiq etməsinə nail olur. Bu əməliyyatda iştirak edən agentlərin hər biri ya özü, ya da yaxınları Holokostdan əziyyət çəkmişdi. Əslində əziyyət çəkmişdi sözü çox yumşaq ifadədir. Təsəvvür edin ki, məhz Adolfun sayəsində milyonlarla köməksiz, silahsız, dinc insanlar diri-diri peçlərdə yandırılır, qaz kameralarında məhv edilir və başqa işgəncələrə məruz qalaraq həyatlarını itirirdilər.

Və burada yenə də anlayırıq ki, “Mossad” heç vaxt heç kimi bağışlamır.

Agentlərin hər biri öz əlləriylə Adolfu gəbərtmək istəsə də, İsselin hökmü qarşısında heç kim ona əl qaldırmır.

Xüsusi dərmanların təsiri altında Adolfa pilot geyimi geyindirərək, xüsusi həkim kağızı alınır ki, uçuş yalnız həkim nəzarəti ilə həyata keçirilə bilər. Təsəvvür edin ki, Adolfa o qədər trankvilizator vurulur ki, adam ayaq üstündə dayana bilmir. Onun qoluna girərək pilot “həmkarları” yeni İsrail pasportu ilə Adolfu İsrailə aparırlar.

Bildiyiniz film. Amma bu filmin ssenarisi də, çəkilişi də real idi.

Qeyd edim ki, əməliyyat qeyri-rəsmi aparılmışdı. Və agentlərin Argentina polisi tərəfindən tutulacağı təqdirdə onların heç biri öz əsl işini danışa bilməyəcəkdilər. Çünki Adolf itkin düşəndən sonra onun yaxınları axtarışa çıxmışdılar.

Əməliyyatdan daha sonra xəbərdar olan Argentina İsraili öz suverenliyini kobud şəkildə pozmaqda günahlandırdı. Yalnız qırx il sonra, Argentina nasist cinayətkarlara sığınacaq verdiyi üçün Holokost qurbanlarından rəsmi olaraq üzr istədi.

İndi gələk məntiqi sonluğa. Adolf Eyhman İsrailə gətiriləndən sonra məhkəmə qarşısına çıxarılır və ona ölüm hökmü kəsilir. Bütün çabalara baxmayaraq, ölüm hökmü həyata keçirilir.

Eyhmanın qaçırılması dünyada xeyli səs-küyə səbəb olur. Hətta bu məsələnin müzakirəsi üçün BMT-də xüsusi iclas çağırılır. Necə də gülməlidir…

Milyonlarla adamın ölümünə səbəb olan adamın məhkəmə qarşısına çıxarılması nədənsə dünyanı narahat etmişdi.

İsrailin Xarici İşlər Naziri Qolda Meir isə öz növbəsində bildirmişdi ki,  Eyhmanın qaçırılmasında İsrail dövlət xidmətinin əli yoxdur. Onu “yəhudi könüllülər” qaçırıb məhkəmə qarşısına çıxarıblar.

Yalnız 2005-ci ilin fevralında əməliyyatın məhz “Mossad” agentləri tərəfindən keçirildiyi etiraf edilir. Əməliyyatda iştirak edənlərin tam siyahısı 2007-ci ilin yanvarında dərc olunur. Əməliyyatda iştirak edən anestezioloqun adı isə 2007-ci ilin aprel ayında açıqlanır.

Sonda bu parlaq əməliyyatı həyata keçirən “Mossad”, onun əfsanəvi rəhbəri İsser Harel yəhudi xalqı qarşısında ən böyük xidmətini həyata keçirərək adını tarixə yazmağa müyəssər olur.

Bu gün “Yom HaShoah” – Holokost Qurbanlarının Anım Günündə, II Dünya müharibəsi dövründə alman nasistləri tərəfindən məhv edilən altı milyon günahsız insanın xatirəsini böyük hörmət hissi ilə anaraq, bir daha insanlıq qarşısında belə bir cinayətin baş verməməsi üçün çalışmalıyıq.

Bu günün şüarı isə #neveragain “bir də heç vaxt” Holokost olmalı deyil!