Mövlam Şıxəliyev və dəstəsinin məhkəməsi başlayır- HƏDƏ-QORXU YOLU İLƏ 15 MİLYONA YAXIN PUL YIĞIBLAR

  • By admin
  • 23 Sentyabr 2021 17:01

Bakı Hərbi Məhkəməsində bu ilin aprelində həbs olunan MTN generalı – 2016-cı ilə qədər Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin rəisi olmuş Nizami Şirinovun mühakiməsi başlayıb.

Gununsesi.info-nun xəbərinə görə o, hədə-qorxu ilə müxtəlif şəxslərin külli miqdarda pulunu, daşınmaz əmlaklarını ələ keçirməkdə, rüşvət almaqda ittiham olunur.

Cinayət işinin materiallarında Nizami Şirinovun bu əməlləri tabeliyində işləmiş şəxslərin vasitəçiliyilə törətdiyi bildirilir. Ona görə də vaxtilə tabeliyində işləmiş idarə rəisləri Elcan Abdullayev, Elman Tahirov və əməliyyat müvəkkili Nadir Nəzirov da onunla birlikdə mühakimə olunur. Lakin adları çəkilən üç nəfər həbsdə deyil. Elman Tahirov sentyabrın 23-də məhkəmənin hazırlıq iclasında anket məlumatları dəqiqləşdirilərkən deyib ki, hazırda “Azərsu”da məxfi şöbəyə rəhbərlik edir.
Məhkəmədə MTN generalın vəkili onun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi, hökm çıxarılana qədər ev dustaqlığına buraxılması haqda vəsatət qaldırıb. Vəkil bildirib ki, Nizami Şirinov məhkəmədən yayınmaq niyyətində deyil. Həm də səhhətində ciddi problemlər var. Vəkilin sözlərinə görə, o, istintaqa çağırılanda Türkiyədə əməliyyat keçirib. Lakin istintaqa çağırıldığına görə dərhal gəlib.

Camal Ramazanovun sədrlik etdiyi hakimlər kollegiyası generalın həbsdən buraxılmasına razılıq verməyib.

Zərərçəkmişlər arasında Heydər Əliyev adına Ali Hərbi Məktəbin sabiq rəisi Mirzəli Yusifov da var. O, sabiq MTN-çilərə qarşı 315 min dollar və 300 min manatlıq mülki iddia qaldırıb. Zərərçəkmiş bildirib ki, MTN-də ondan hədə-qorxu ilə 315 min dollar alınıb. İndi həmin vəsaiti də, üstəlik, mənəvi zərərə görə də 300 min manat tələb edir.

Mirzəli Yusifovun mülki iddiası icraata götürülüb. Onun təmin edilib-edilmədiyi məhkəmə sonda hökm çıxaranda məlum olacaq.

Mirzəli Yusifov Ali Hərbi Məktəbin rəisi vəzifəsindən azad ediləndən sonra rüşvət alma ittihamıyla məhkum edilib.
Daha bir zərərçəkmiş Rahib Ağayev isə Azərbaycan Ordusunun sabiq korpus komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirovun sürücüsü olub.
Digər vəkil isə bu iş üzrə istintaqda qanunvericilin tələblərinin pozulduğunu bildirib. Onun sözlərinə görə, xüsusi hallarda belə, istintaq 18 aydan çox çəkə bilməz.
MTN-in vəzifəli şəxsləri haqqında istintaq 2015-ci ilin oktyabrında başlayıb. Vəkil deyir ki, 1 il 6 aylıq müddət 2017-ci ildə başa çatıb. Müdafiəçisinin sözlərinə görə, müvəkkili 2016-cı ildə də prokurorluğa çağırılıb şahid qismində dindirilmişdi. Lakin onun əməlində cinayət tərkibi müəyyən edilmədiyinə görə məsuliyyətə cəlb olunmamışdı: “İndi də dəyişən nəsə yoxdur. Heç bir yeni hal aşkarlanmayıb. Həmin dövrün sübutlarıdır”.

General və işçilərinin haqqında məhkəmə baxışı oktyabrın 7-nə təyin edilib.
Bu ilin aprelində Nizami Şirinovla birlikdə həbs olunan digər MTN generalı – nazirliyin İstintaq Baş İdarəsinə rəhbərlik etmiş Mövlam Şıxəliyev də oktyabrın 10-da məhkəmə qarşısına çıxarılacaq. İstintaq Baş İdarəsinin tərkibindəki şöbənin rəisi olmuş Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin keçmiş müavini Sahib Ələkbərov da onunla birlikdə mühakimə olunacaq.
Mövlam Şixəliyev tabeliyindəki təqsirləndirilən şəxslərlə birləşib ümumilikdə 14 milyon 292 min manat rüşvət almaqda, hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatını ələ keçirməkdə günahlandırılır.
Keçmiş MTN-çilərin həbsi 2015-ci ildə bu nazirlikdə keçirilən əməliyyatdan sonra başlayıb. Öncə 5 general – Akif Çovdarov, Sübahir Qurbanov, Elçin Quliyev, Teymur Quliyev, Natəvan Mürvətova da daxil olmaqla, 20-dən artıq vəzifəli şəxs tutulub. Yalnız Natəvan Mürvətovanın barəsində həbs qətimkan tədbiri seçilməyib. Məhkəmə də ona şərti cəza verib. 2020-ci ilin aprelində Akif Çovdarov və Sübahir Qurbanov da əfv fərmanı ilə azadlığa buraxılıb. Həbsdəki sabiq MTN-çilərin bir qisminin cəza müddəti başa çatıb, bəziləri isə hökmdən sonra şərti azadlığa buraxılıb.

Bir müddət sonra Eldar Mahmudovun əmisi oğlu, eyni zamanda köməkçisi olmuş Vüqar Mahmudov da həbs edilib. Lakin o da Bakı Hərbi Məhkəməsinin hökmüylə azadlığa buraxılıb.
Nizami Şirinov və Mövlam Şıxəliyev isə bu ilin aprelində həbs edilib.
Mövlam Şıxəliyevlə birlikdə mühakimə olunacaq şəxslərdən Vüsal Ələkbərov 2017-ci ildə 12 il azadlıqdan məhrum edilib. Sonradan apellyasiya məhkəməsi onun cəzasını 5 ilə endirib. O, bir müddət sonra həbsdən buraxılıb.
Yasin Məmmədovun adı bundan əvvəl də MTN-də vətəndaşlardan hədə-qorxu ilə pul alınması olaylarında hallanıb. O, 2016-2017-ci illərdə istintaqda və məhkəmədə dindirilsə də, Mövlam Şıxəliyevin həbsindən sonra məsuliyyətə cəlb edilib.

Yasin Məmmədov uzun illər Mərkəzi Seçki Komissiyasının sədr müavini olmuş Natiq Məmmədovun qardaşıdır.

Gununsesi.info