Mövlud Çavuşoğlunun Bağdad bəyanatları

  • By admin
  • 23 Avqust 2017 17:30

movlud-cavushoglu

Bağdadda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iraqlı həmkarı İbrahim əl-Cəfəri ilə görüşdən sonra bir sıra ciddi bəyantlarla çıxış edib.

Gununsesi.info “cnnturk”ə istinadən xəbər verir ki, ilk olaraq Cavuşoğlu Mosulun İŞİD terrorçularından azad olunmasından məmnunluğunu ifadə edib.

Telaferdə İŞİD-ə qarşı həyata keçirilən əməliyyata toxunan nazir deyib ki, Telaferdə türkmən kimliyi qorunmalıdır. “Türkiyə İraqın ərazi bütövlüyü və suverenliyinin tərəfdarıdır. Terrorla mübarizədə Türkiyə İraqla eyni mövqedən çıxış edir və biz birlikdə addım atmalıyıq. Bundan sonra da İŞİD-ə qarşı mübarizəni dəstəkləyəcəyik. PKK da İŞİD kimi İraqda fəaliyyət göstərir. Ona görə də İraqla əlaqələrimizi daha da  dərinləşdirmək istəyirik”- deyə, Çavuşoğlu vurğulayıb.

Türkiyənin Başikadan çıxıb-çıxmayacağı ilə bağlı sualı cavablandıran Çavuşoğlu deyib ki, bu məsələni iraqlı həmkarı ilə müzakirə edib: “Başika İraq torpaqlarını işğal etmək üçün yaranmayıb. Burada iraqlılara İŞİD-ə qarşı necə mübarizə aparmaq təlimləri keçirildi. Məhz bunun nəticəsində Başikadakı düşərgədə hazırlanan döyüşçülərin hesabına 700-dən artıq İŞİD terrorçusu məhv edilib. Başikadakı qüvvələr Mosul əməliyyatında da iştirak edib. Və hazırda İraq rəhbərliyinin təlimatı altında fəaliyyət göstərir”.

Türkiyəli nazir onu da deyib ki, biz Başikanın İraqın daxili siyasətində  yaratdığı həssasiyyətin fərqindəyik: “Başika düşərgəsinin gələcəyi ilə bağlı məsələ Türkiyənin baş naziri Binəli Yıldırımın Bağdada səfəri zamanı müzakirə ediləcək. Odur ki, bununla bağlı müvafiq qurumlar arasında danışıqlar davam edir”.

İraq kürdlərinin sentyabrın 25-də planlaşdırdığı referendum məsələsinə gəldikdə isə Çavuşoğlu deyib ki, Bağdadla Ərbil İraqın ərazi bütövlüyü və suverenliyi ilə bağlı bir araya gəlib məsələni çözəcəklərinə inanırıq. “Bu müzakirələr zamanı təbii olaraq Ərbilin də hüquqları tanınmalıdır. Biz İraq kürdlərinin İŞİD-ə qarşı mübarizəsini hər zaman dəstəkləmişik. Bununla yanaşı, biz Ərbilin bütün yanlış addımlarının da nə qədər səhv olduğunu onlara dəfələrlə anlatmışıq”- deyə, Çavuşoğlu bildirib.

Kürdlərin Kərkükdə inzibati binalara bayraq taxmasının yanlış olduğunu deyən nazir bildirib ki, biz Ərbilə referendumun da yanlış bir addım olduğunu bəyan etmişik: “Ankaranın mövqeyi konkret və qətidir. Ərbil referendum qərarından geri çəkilməli və bu qərarı ləğv etməlidir. Bağdadla bu istiqamətdə fəaliyyətimizi davam etdirik”.

Nazir sonda onu da əlavə edib ki, Bağdaddan sonra Ərbilə səfər edəcək və orada da yaranmış durum müzakirə olunacaq, onlara orada da bu qərarın səhv olduğu anladılacaq.

Mürtəza

Gununsesi.info