MTK-larla vətəndaşlar arasında ciddi məhkəmə mübahisələri: Tanınmış vəkildən TƏKLİF

  • By admin
  • 23 Fevral 2024 22:36

Hazırda mənzil-tikinti kooperativləri ilə vətəndaşlar arasında ciddi məhkəmə mübahisələri mövcuddur. Əksər halda əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi və kompensasiya məsələlərində ciddi problemlər yaşanır. Vətəndaşların əksəriyyəti ilə razılıq əldə olunsa da, az sayda vətəndaşlarla razılıq əldə etmək mümkün olmur. Buna görə də binanın sökülməsi, yeni binanın tikilməsi və vətəndaşların həmin binaya köçürülməsi illərlə vaxt alır. Bu isə razılıq əldə olunmuş əksər vətəndaşların və MTK-ların mənafeyinə ciddi xələl gətirir.

Gununsesi.info xəbər verir ki, bunu tanınmış vəkil Ceyhun Yusifov bildirib.

Vəkilin sözlərinə görə, elə hallar da olur ki, MTK-lar vətəndaşlarla razılıq əldə olunmamış, onların mənzillərini sökərək, vətəndaşların mənafeyini nəzərə almırlar.

“Bəzən isə vətəndaşlara çox az miqdarda kompensasiya ödəməklə onlarla mütənasib şərtlərlə razılaşmadan binanın söküntüsünü həyata keçirirlər. Təəssüflər olsun ki, bu mövzuda Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsi mövcud deyildir. Halbuki hazırda tənzimlənməsi vacib olan ən mühüm mövzu isə məhz MTK və vətəndaşlar arasında olan mübahisədir. Çünki məhkəmələrin iş yükünün əsas hissəsini bu mübahisə təşkil edir”, – deyə o əlavə edib.

C.Yusifov qeyd edib ki, mübahisə ilə bağlı vahid məhkəmə təcrübəsinin olmaması hər məhkəmədə ayrı-ayrı hüquqi mövqelərin olmasına və fərqli qərarların qəbul olunmasına səbəb olur:

“Lakin hazırda yaranmış hüquqi kolliziyalarla dolu vəziyyət həm vətəndaşların, həm də MTK-ların mənafeyinə ağır zərər vurur. Hesab edirəm ki, Ali Məhkəmə bu məsələyə diqqəti artırmalıdır. Təəssüf ki, bu günə qədər şəxslərin daha çox probleminə çevrilən və aktual həllini zəruri etsə də, bununla bağlı heç bir qərar mövcud deyil. Çox tezliklə vahid məhkəmə təcrübəsini formalaşdıraraq, vətəndaşın MTK-nı, MTK-nın isə vətəndaşı “çarəsiz, yesir” vəziyyətə salmasının qarşısı alınmalıdır. Axı 2030-cu ilə qədər minlərlə mənzilin sökülməsi nəzərdə tutulduğu təqdirdə, qanunda olan bu boşluğun nəticəsini təsəvvür edirsiniz?”

Gununsesi.info