Son bir neçə ayda redaksiyamıza ötən il Prezident İlham Əliyevin xüsusi sərəncamla işdən azad etdiyi, elə həmin il dekabrın 14-də digər sərəncamla ləgv etdiyi MTN-nin sabiq naziri Eldar Mahmudov və himayəçilik etdiyi şəxslərin vətəndaşlara qarşı qanunsuz hərəkətləri, təhdid və zorakılıqlarıyla bağlı şikayətlər daxil olmaqdadır.
Şikayətlərin mahiyyətinə baxanda onların çox asan və sadə formada həllinin mümkünlüyü yəqin etmək olur. Məmurların vətəndaşların şikayətlərinə laqeyid yanaşmaları sonucda onların dövlətə olan inamını sarsıtmış olur. Son iki ildə Prezident İlham Əliyev keçirdiyi mütəmadi müşavirələrdə vətəndaşlara diqqət və şikayətlərinə ciddi yanaşılmasıyla bağlı dəfələrlə məmurlara tövsiyyə və tapşırıqlar verib. Lakin ölkə rəhbərinin ciddi xəbərdarlıqlarına baxmayaraq, məmurlar vətəndaşların problemlərinin operativ həll olunması ilə bağlı məsələlərə dırnaqarası baxırlar. Görünür? bəzi məmurlar ölkə rəhbərinin iradəsinə zidd getməklə vətəndaşları dövlətdən narazı salmağı özlərinə “borc” bilirlər. Belə şikayətçilərdən biri də, gununsesi.info-ya müraciət edən Bakı şəhər sakini, Yasamal rayonu, 2-ci Alatava ev 89 B ünvanında qeydiyyatda olan və yaşayan Elmidar Məhərrəm İsmayılovdur. O bildirir ki, MTN ləğv edilsə də, onun əməkdaşlarının etdiyi haqsızlıqlardan qurtula bilmirlər: “Söyülən də, döyülən də, şərlənən də bizik. Ailəmizi çıxılmaz vəziyyətdə qoyublar, həyatımızı məhv ediblər. Xəstə qardaşımı, onkoloji xəstə olan anamı, həyat yoldaşı rəhmətə getmiş bacımı, onun azyaşlı körpəsini çörəklə imtahan edirlər. Hədə-qorxular və təhdidlə yaşayiram”.
Şikayətçinin sözlərinə görə, 2014-cü il yanvarın 7-də atası Məhərrəm İsmayılov ona məxsus “Jiquli” markalı avtomobillə yas mərasimindən qayıdarkən “Kia Optima” markalı avtomobillə toqquşub. Lakin hadisə zamanı tərəflərdən fiziki xəsarət alan olmayıb. M.İsmayılovun və qarşı tərəfin avtomobilinə yüngül zərər dəyib.
İsmayılovun dediyinə görə, qəza “KİA”nın sürücüsünün günahı ucbatından baş verib. Lakin maşındakılar “Jiquli”nin sürücüsünü “onların yoluna çıxdığı üçün” döyməyə başlayıblar: “Qəza evimizin yaxınlığında baş vermişdi. Avtomobildə olan beş nəfər idmançı görkəmli mülki şəxs MTN əməkdaşı olduqlarını deyərək, atamı döyməyə başladılar. Onlardan atamı vurmamalarını xahiş etsəm də, mənə məhəl qoymadılar. “Sənin başına oyun açarıq, səni öldürəcəyik”-, deməklə bizi hədələdilər. Bu azmış kimi, üstəlik, məni də döydülər. Hadisə yerinə qonum-qonşular tökülüb, gəldilər. Həmin şəxslər isə “gedin nə istəyirsiniz edin, onsuz da bizə heç nə edə bilməzsiniz, bizim arxamız güclüdür”-, deyə bizi təhdid edirdilər”-, deyən E.İsmayılovun sözlərinə görə, hadisə yerinə yol polisi əməkdaşları gəlib, avtoqəzanın baş verdiyi yerin fotoşəkilləri də çəkilib: “Lakin buna baxmayaraq, ilk gündən təhqiqat birtərəfli aparıldı. Araşdırmalar zamanı saxta şahidlər, özbaşınalıqlar aşkar edildi. Həmin maşının sürücüsü tibbi yoxlanışdan keçirilmədi, ekspertizanın nəticələrini saxtalaşdırdılar. Hadisə yerinə gələn Təcili Tibbi Yardım əməkdaşları bizi 1 saylı Şəhər Kliniki Xəstəxanasına apardılar. Orada həm atama, həm də mənə tibbi yardım göstərildi. Biz xəstəxanada olarkən, həmin 5 nəfər də oraya gəldilər, qohumlarımdan xahiş edirdilər ki, şikayətçi olmayaq, bizə dəymiş maddi və mənəvi ziyanı ödəməyə hazırdılar”.
Şikayətçinin sözlərinə görə, onu və atasını döyənlərin kimliyini araşdırarkən, onların MTN-in “Qartal” Xüsusi Təyinatlı Dəstəsinin əməkdaşları olduqlarını dəqiqləşdiriblər. E.İsmayılov bu şəxslərin adlarını və soyadlarını bildiyini, lakin adlarını ictimailəşdirməkdən və açıqlamaqdan ehtiyat etdiyini də söyləyir:
“Çünki həmin xüsusi təyinatlıların ötən il ləğv edilən MTN-dən sabiq nazir Eldar Mahmudovdan sonra işdən çıxarıldıqlarına əmin deyiləm. Qəzadan sonra mənə və atama qarşı cinayət işi açıblar. Açılan cinayət işinə görə, bizi MTN Baş Xüsusi Təyinatlılar İdarəsinin “QARTAL” – məxfi qurumunun 5 nəfər əməkdaşını döyməkdə ittiham edirlər”-, deyə şikayətçi bildirib.
E.İsmayılov və atası üzləşdikləri haqsızlıq barədə müxtəlif instansiyalara şikayət edəndə isə onlara qarşı təzyiqlər başlayıb: “Maşınları bir az əzildiyinə görə, həmin MTN əməkdaşları bizə qarşı amansız təzyiqlərə başladılar. Ailəmizə qarşı isə şər atdılar ki, guya 5 xüsusi təyinatlını 57 yaşlı atamla mən döymüşük. Söyülən də, döyülən də, şərlənən də bizik. Məni və ailəmi çıxılmaz vəziyyətdə qoyublar, həyatımızı məhv ediblər. Xəstə qardaşım, himayəmizdə olan həyat yoldaşı rəhmətə getmiş bacımı, onun azyaşlı körpəsini çörəksiz qoydular” -, deyə o bildirib.
Həmin hadisədən sonra İsmayılovlar dəfələrlə sabiq nazir Eldar Mahmudovun qəbulunda olmaq üçün ona məktub və teleqramla müraciət ediblər. Həmçinin ləğv edilən MTN-nin qarşısında ayrı-ayrı vaxtlarda üzərində MTN-nin sözügedən əməkdaşlarının adını yazdığı və “Eldar Mahmudov, məni qəbul et!” lövhəsi ilə saatlarla dayansa da, ona əhəmiyyət verən olmayıb. Ərizə və müraciətlərinə cavab verilmədiyini görüncə isə özü MTN-ə gedib, lakin onu əraziyə yaxın belə buraxmayıblar. Ləgv edilən MTN-də polkovnik İlqar Bayramovisə yaxınlaşaraq deyib ki, 2014 -cü il avqustun 18-də gəlsin, onu qəbul edəcək. Bundan sonra mühafizəçilər E.İsmayılovu ərazidən uzaqlaşdırıblar.
- İsmayılov deyilən vaxtda anası ilə birgə MTN-ə gəlib. Lakin elə oradaca sözügedən nazirliyinin içində onu asayişi pozmaqda günahlandıraraq, 3 sutka həbslə cəzalandırıblar: “Cəzamı çəkdikdən sonra azadlığa çıxdıqda Eldar Mahmudovun Badamdar tərəfdə yerləşən evinin qarşısına getdim. İşə gedən Eldar Mahmudovun kortejinin qabağına çıxdım və məni qəbul etməsini istədim. Həmin kortejin arxasınca gələn əlavə Gelandewagen -Mersedes markalı, 003 dövlət nişanlı avtomobil məni götürərək MTN-ə apardı. Lakin yenə Eldar Mahmudov məni qəbul etmədi. Mühafizə Xidmətinin rəisi Pərvizlə danışdım. Dərdimi dinlədikdən sonra məni buraxdılar”-,deyə o, indiyədək qarşılaşdığı haqsızlığın bədəlini ödəməkdə davam etdiyini bildirib.
İsmayılovlar baş verənlərlə bağlı müxtəlif yüsək instansiyalara çoxsaylı müraciətlər etsələr də, onlara qarşı aparılan qanunsuz təzyiqlərə son qoyulmayıb. Onun sözlərinə görə, dəfələrlə bir çox yüksək vəzifəli şəxslərin qəbulunda olublar. O cümlədən xaricdəki Azərbaycan səfriliklərinə məktubla müraciət ünvanlayıblar, haqsızlıqla üzləşdiklərini, barələrindəki cinayət işinin saxta olduğunu vurğulayıblar.
Nəhayət, çoxsaylı müraciətlər qismən də olsa bəhrəsini verib. Belə ki, avtoqəza ilə bağlı cinayət işi Yasamal Rayon Məhkəməsində araşdırılıb. Cinayət Məcəlləsinin 263-cü maddəsilə ilə təqsirli bilinən Məhərrəm İsmayılova bəraət verilib: “Həmçinin, Cinayət Məcəlləsinin 127. 2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi Bakı şəhəri Prakrorluğunda 39.1.2 -lə Elimdar İsmayılova da bəraət verilib. 3 ildir hədə-qorxu və təhdidlərlə yaşayıram. Heç bir yerdə məni və atamı işə qəbul etmirlər. Baxmayraq ki, fevralın 18-də bir qurup şikayətçiylə birlikdə Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevin qəbulunda (3-cü dəfə) olarkən, şikayətçilərin yanında dedim ki, cənab Mədət Quliyev, bilirəm ki, həmin bu 5 nəfərin (İnqlab Rzayev, Fəqan Əliyev, Bəhruz Məmmədov, Hidayət Kazımov, Toğrul Mirzəyev ) arxasında həmin idarənin generalı Ceyhun Rzayev dayanır. Səbəbini də izah etdim ki, əməkdaşı İnqlab Rzayev generalın yaxın qohumudur. Bildirdim ki, onsuzda onlara heç kim “gözün üstə qaşın var” demir, heç olmazsa, mənə dəyən ziyanı ödəsinlər. Çox sağ olsun, göstəriş və tapşırıq verməsinə baxmayaraq, general Ceyhun Rzayev bunun qarşısını alır. Yəni general Ceyhun Rzayev və əməkdaşları bugünədək də mənimlə pirinsip aparırlar”.
Qeyd edək ki, hazırda şikayətçi onlara dəymiş maddi və mənəvi zərərə görə 30 min manat təzminat tələb edir. E.İsmayılov yuxarıda qeyd olununanlarla bağlı daxili işlər naziri Ramil Usubovun, Ombudsman Elmira Süleymanovanın , Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quluyevin qəbulunda olub: “Eləcə də, düz iki ay Baş nazir Artur Rəsizadənin, üç ay isə PA rəhbəri Ramiz Mehdiyevin yoluna çıxmışam ki, ərizəmi qəbul edib, mənə kömək etsin. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun evinin yanında görüşüb, ərizəmi şəxsən təqdim etmişəm”-, deyən şikayətçinin sözlərinə görə, dəfələrlə ölkəmizin Türkiyədəki və Gürcüstandakı səfirlərinin qəbulunda olub, onlara müraciət ünvanlayıb:
“Türkiyədə Konsulluğun rəhbəri məni qəbul edib bildirdi ki, bu haqda şəxsən cənab prezident İlham Əliyevə çatdıracam. Gürcütanda Azərbaycan səfirliyi qarşısında 2-ci dəfə olduq. Aldadıldığmızdan 3 gün 3 gecə səfirliyin qarşısıda yatmalı olduq. Lakin səfirlik bizə məhəl belə qoymadı. Əksinə, müraciət etdiyimiz səfirliklər bildirdilər ki, gedin, xarici səfirliklərə müraciət edin”.
Əlləri hər yerdən üzülən şikayətçilər daha sonra prezident İlham Əliyevə müraciət ediblər: “Müraciətdə yazdım ki, cənab prezident, biz inanırıq ki, vəzifəsindən, pulundan və geniş çevrəsindən sui-istifadə etməklə bizim hüquqlarımızı tapdalayan, barəmizdə saxta cinayət işi başladan şəxslərlə bağlı qanuni müstəvidə tədbirlər görüləcək. Qanunun və ədalətin bərpa olunmasına ümid edirəm”-, deyən şikayətçi haqqın qalib gələcəyinə inandığını vurğulayıb.
Gülnaz Qənbərli
Gununsesi.info