
Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesində maraqlı məqamlar üzə çıxıb.
Gununsesi.info xəbər verir ki, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş iş adamı Namil Rzayevin epizodu üzrə şahidlər dindirilib.
N.Rzayevi “Texnikabank”a əmanət qoyduğu üçün MTN-ə apararaq 500 min dollar pul alıb buraxıblar.
Onun sürücüsü Bədrəddin Sultanov şahid qismində ifadə verərək deyib ki, 2008-ci ilin noyabr ayının əvvəllərində, axşam saatlarında “Nizami” kinoteatrının yaxınlığında Namil Rzayevin ofisində olub: “Namil müəllim bir rəngli sellofan torbada pul götürdü və dedi ki, “əlimdə pul var, arxamca gəl”. 28 may küçəsində bir binanın qarşısına getdik, orada bloka girdi. Orta yaşlı bir kişi ilə görüşüb pulu ona verdi. Sonra Namil müəllim o adamın MTN işçisi Mövlam olduğunu, ona 200 min dollar verdiyini dedi. Təxminən 10 gün sonra yenə MTN-dən Vüsal ona zəng edib 300 min dollar istədi. Namil müəllim həbs olunacağından qorxurdu, ona görə “Azneft”dəki evini satıb pulu düzəltdi. Bunu Vüsala deyəndən sonra Namil müəllim onun tapşırığı ilə Xəqani küçəsində “Tahir” marketi keçəndən sonrakı dəftərxanadan 250 manata qara rəngli çanta alıb pulu içinə qoydu, üstünə də göy-göyərti tökdü. Birlikdə MTN-ə gedib çantanı Vüsala verdik”.
V.Ələkbərovun vəkilləri şahiddən pulun üstünə göyərti yığmaqlarının səbəbini soruşub, N.Rzayev etiraz edərək suala özü cavab verib: “Vüsal mənə dedi ki, o mağazadan çanta al, içində də göy-göyərti qoy, gətir. Mən də elə bildim ki, pullar görünməsin deyə üstünü örtmək üçün istəyir. Buna görə də bazardan 5-6 dəstə göy alıb pulun üstünə qoydum. Sonra bildim ki, MTN-də dollara göy-göyərti deyirlər”.
Daha sonra şahid Hüseyn Mustafayev ifadə verib.
Gülnaz Qənbərli
Gununsesi.info