“MTN generalı mənə 25 min dollara kostyum aldırdı”

  • By admin
  • 17 Dekabr 2021 09:25

Sahibkar Əhməd Mirzəyevin keçmiş MTN işçiləri ilə məhkəməsi davam edir.

Məhkəmədə təqsirləndirilən general zərərçəkmişin yalan danışdığını bildirib. Bu zaman onların arasında məhkəmədə mübahisə yaranıb.

Keramika, kafel-metlax satışıyla məşğul olan “Santemax” MMC-nin təsisçisi Əhməd Mirzəyev deyir ki, illər öncə Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları heç bir günahı olmadan onu həbs edib, külli miqdarda pulunu alandan sonra azadlığa buraxıblar.

Onun sözlərinə görə, həbsdən buraxılandan sonra da ondan əl çəkməyiblər. Mirzəyev deyir ki, MTN-in İstintaq Baş İdarəsinin sabiq rəisi, general Mövlam Şıxəliyev sonradan ona 25 min manata kostyum aldırıb.

General Şıxəliyev və MTN-də onun tabeliyində işləmiş daha üç nəfərin – İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, sabiq şöbə rəisi Vüsal Ələkbərov və Sahib Ələkbərovun işinə hazırda Bakı Hərbi Məhkəməsində baxılır. Adları çəkilən şəxslərdən yalnız general həbsdədir. Mirzəyev də onların haqqındakı cinayət işində 32 zərərçəkmişdən biridir.

“Dedi ki, nazirin göstərişidir, 500 min verməlisən”

Dekabrın 15-də məhkəmədə dindirilən Mirzəyev bildirib ki, Gürcüstanda yaşayan tələbə yoldaşı, milliyətcə gürcü olan Lento ona qranit materialdan balta hədiyyə göndərib. Eyni zamanda, Bakıda yaşayan Zaur adlı başqa bir tanışına da həmin balta ilə birlikdə qızıldan olan keçi fiquru göndərib, tələbə yoldaşından ona çatdırmağı xahiş edib. Zərərçəkmişin sözlərinə görə, o da sürücüsü Ariflə fiquru sözügedən adama göndərib:

“Mən Zaurla telefonla danışanda ondan mənim üçün göndərilən baltanın təxmini qiymətini soruşdum, çünki başı çıxırdı belə şeylərdən. Dedi ki, baxıb deyə bilər. Ona görə sürücüm Ariflə onun fiqurunu göndərəndə öz baltamı da göndərdim”.

Mirzəyev danışır ki, sürücü orada olduğu zaman MTN əməkdaşları ora daxil olub. Həmin vaxt baltanı da sürücüdən alıb aparıblar. Bir gün sonra Mirzəyev özü MTN-ə çağrılıb. Həmin gün izahatını alıb buraxsalar da, bir neçə gün sonra yenidən MTN-ə çağırıldığını deyən sahibkarın sözlərinə görə, onu Baş İstintaq İdarəsinin rəisinin kabinetinə aparıblar:

“Mövlam Şıxəliyev Təhsin Ağayevi çağırdı, izahatımı almağını tapşırdı. Danışıqlarından başa düşdüm ki, kafel-metlax işiylə məşğul olduğumu bilirlər. Sonra Təhsin Ağayev məni otağına apardı, orada dedi ki, nazirin göstərişidir, 500 min verməlisən, yoxsa çıxa bilməyəcəksən. Bildirdim ki, bu qədər pulum yoxdur. Haqqımda qaçaqmalçılıq və başqa maddələrlə cinayət işi başlayıb, məhkəmədən həbs qərarı aldılar”.

Gununsesi.info