Məşhur generalın sürücüsü də MTN-də şantaj olunub - ELDAR MAHMUDOVUN DƏSTƏSİNİN DAHA DÖRD ÜZVÜ HAKİM QARŞISINDA

  • By admin
  • 15 Oktyabr 2021 11:21

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, həbsdə olan general Nizami Şirinov və nazirlikdə onun tabeliyində işləmiş idarə rəisləri Elcan Abdullayev və Elman Tahirov, əməliyyat müvəkkili Nadir Nəzirovun işi üzrə məhkəmə prosesi davam edir.

Gununsesi.info-nun xəbərinə görə,  Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən son proses də qalmaqalla başlayıb.

Qeyd edək ki, ötən məhkəmə iclasında general və müdafiəçiləri məhkəmənin qapalı keçirilməsi barədə vəsatət qaldırmış, lakin məhkəmə təmin etməmişdi.

Bu dəfəki prosesdə də hakim göstəriş verib ki, məhkəməyə jurnalistlər buraxılmasın. Amma açıq məhkəmə prosesinə digər şəxslər buraxıldığı halda, jurnalistlərə qoyulan qadağanın səbəbi izah edilməyib.

Məhkəmədə Ali Hərbi Məktəbin keçmiş rəisi Mirzəli Yusifov ifadə verib. O bildirib ki, uzun müddət polkovnik rütbəsində Müdafiə Nazirliyində çalışıb, 2009-cu ildən 2013-cü ilə qədər Ali Hərbi Məktəbinin rəisi olub. Onun sözlərinə görə, 2007-ci ildə MTN-in Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinə dəvət edilib: “Orada məni şantaj elədilər ki, haqqımda cinayət işi acacaqlar, məni həbs edəcəklər. Məndən 275 min dollar bir, 25 min dollar bir aldılar. Bununla da kifayətlənmədilər. Daha sonra 15 min dollar verməyə məcbur elədilər. Məndən cəmi 315 min dollar pul alınıb”.

Mirzəli Yusifov bildirib ki, 2013-cü ildə Ali Hərbi Məktəbin rəisi vəzifəsindən azad olunub. Bundan sonra onu yenidən Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinə çağırıblar: “Orada məni döydülər, qulaqlarımın pərdəsi deşildi. Həmin vaxtı Elcan Abdullayev və Nadir Nəzirov orada iştirak edib. 300 min dollar pul istəyirdilər, bir də o dövrdə Müdafiə naziri olan Səfər Əbiyevin əlehinə ifadə. Mən imtina elədim. Mənə dedilər ki, razılaşmırsansa, səni də tutacağıq, Səfər Əbiyevlə eyni kamerada olacaqsan. O biri kamerada isə Məmməd Beydullayev, Şahin Sultanov olacaq. Mən yenə qəti şəkildə imtina etdim. Söz verdilər ki, səni tutduracağıq. Elə də oldu, rüşvət almaqda ittiham olunaraq saxlanıldım. 2 il 2 ay həbs cəzası çəkmişəm”.

Bu cinayət işində zərərçəkmişlərdən Rahib Ağayev isə Azərbaycan Ordusunun sabiq korpus komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirovun sürücüsü olub. O da ötən məhkəmə iclasında dindirilmiş, ondan MTN-də hədə-qorxu ilə külli miqdarda pul alındığını bildirmişdi. 2012-ci ilə telefonuna zəng gəldiyini deyən Rahib Ağayevin sözlərinə görə, zəng edən şəxs özünü MTN-nin Hərbi Əks Kəşfiyyat İdarəsinin əməkdaşı, mayor Ruhlan Cəfərov kimi təqdim edib, onu idarəyə çağırıb: “Mən hərbçi olmadığımı dedim, hansı səbəbdən ora dəvət olunduğumu soruşdum. Lakin o səbəb demədi və təkidlə idarəyə gəlməyimi istədi. Bununla bağlı Yaşar Aydəmirova məlumat verdim. O da məsləhət gördü ki, gedim, nə məsələ olduğunu öyrənim. İdarəyə gedib Ruhlan Cəfərovla görüşdüm. Mənə dedilər ki, saxta sənəd düzəldib, Mahir adlı hərbi qulluqçunun təxris olunmasına kömək eləmisən. Mən həmin adamı tanımadığımı, saxta sənəd düzəltmədiyimi dedim. Hədə-qorxu gəldi, məni rəisi Elcan Abdullayevin yanına apardı. O da üstümə qışqırdı ki, “tülkülük eləmə”. Ruhlan Cəfərov Elcan Abdullayevin yanından qayıdanda qırmızı qələmlə 150 min yazılmış vərəq gətirdi. Dedi ki, “bu pulu gətirməsən, səni vətənə xəyanət ittihamıyla tutub, həbsə göndərəcəyik. Qorxdum, otadan çıxandan sonra Yaşar Aydəmirova məlumat verdim. Yaşar müəllim dedi ki, bu pulu istəyiblərsə, alacaqlar”.

Həmin vaxtdan özünə və ailəsinə, ətrafındakılara qarşı müxtəlif formada təzyiqlərin başlandığını deyən zərərçəkmişin sözlərinə görə, o, məcbur olub, borc toplayaraq, tələb olunan məbləği düzəltməyə çalışıb: “Yaşar müəllim də 10 min dollar mənə köməklik göstərdi. Pulun 100 min dollarını düzəldib, Hərbi Əks Kəşfiyyat İdarəsinə  apardım, Ruhlana verdim. Qalan pulu da tələb edirdilər. Yaşar müəllimə dedim, o, bir neçə gün sonra Elcan Abdullayev və Ruhlan Cəfərovla “Bulaq” restoranında görüşdü. Çıxandan sonra Yaşar müəllim mənə dedi ki, pulu vermək lazımdır. Bir müddət keçdi, zəng elədilər ki, “pulu verməsən sənə də, Yaşar Aydəmirova da pis olacaq”. Mən birtəhər 27 min dollar pul tapıb,  “Qələbə” kinoteatrının yaxınlığında Ruhlan Cəfərova verdim. Bir həftə sonra 22 min 400, bir neçə gün sonra isə 600 dolları da eyni yerdə Ruhlan Cəfərova təqdim etmişəm”.

Məhkəmə prosesi oktyabrın 21-də davam edəcək. Təqsirləndirilən şəxslərdən yalnız Nizami Şirinov həbsdədir, digər üç nəfər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. Onlar müxtəlif adamları hədələyib, onların külli miqdarda pulunu almaqda ittiham olunur. Amma heç biri ittihamı qəbul etmir, özlərini təqsirli bilmirlər.

Günay

Gununsesi.info