MTN generalı məhkəmədə ifadə verib - YENİLƏNİB

  • By admin
  • 22 Sentyabr 2017 13:18

eldarelcin

Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyevvə Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

Gununsesi.info apa-ya istinadən xəbər verir ki, hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə MTN-in sabiq əməkdaşı, general-mayor Məzahir Yaqubov şahid qismində ifadə verib.

Zərərçəkmiş Mətləb Mustafayevin epizodu üzrə danışan şahid deyib ki, Mətləb Mustafayevlə üç dəfə görüşüb, İlqar Əliyevin göstərişi ilə ona cihaz qoşublar: “Həmin aparat insanın doğru danışıb-danışmadığını müəyyən edir”.

O, həmin görüşlərdə İlqar Əliyevin də iştirak etdiyini, Mətləb Mustafayevin doğru danışdığını müəyyən etdiklərini söyləyib.

M.Mustafayev isə deyib ki, onlar üç yox, beş dəfə görüşüblər. O bildirib ki, iki saat davam edən görüşdə guya ondan tapıldığı iddia edilən silahla bağlı hər hansı sual verilməyib. M.Mustafayev ona cihaz qoşulduqdan sonra iki dəfə özünü pis hiss etdiyini deyib. Bildirib ki, həbsdə olduğu müddətdə ailəsinə yazdığı heç bir məktub çatdırılmayıb. Lakin bir məktubunu Məzahir Yaqubov ailəsinə çatdırıb: “Məzahir Yaqubov mənə dedi ki, “sevin ki, evindən bir kisə “poroşok” çıxmayıb”.

Prokuror E.Quliyevdən M.Mustafayevə qoşulan cihazın istifadəsinə razılıq olub-olmamasını soruşub. E.Quliyev deyib ki, həmin cihaz bütün dünyada tətbiq edilir və hər hansı təhlükəsi yoxdur.

M.Mustafayev isə deyib ki, cihaz ona icazəsiz qoşulub və ondan bununla bağlı razılıq alınmayıb.

İclasda keçmiş MTN əməkdaşı Təranə adlı şahid də ifadə verib. O, Monitorinq Mərkəzinin əməkdaşı olduğunu, Eldar Mahmudovun razılığı, Natəvan Mirvətovanın dərkənarı ilə telefon danışıqlarını dinlədiklərini deyib. Bildirib ki, bununla bağlı məhkəmə qərarının olub-olmadığını bilmir.

İclasda dövlət ittihamçısı şahid Mahirə Süleymanovanın məhkəməyə gəlib ifadə verməsi barədə vəsatət verib. Hakim vəsatəti təmin edib və onun prosesə məcburi gətirilməsi barədə qərar qəbul edib. M.Süleymanovanın E.Quliyevin tanışı olduğu bildirilir.

Proses sentyabrın 25-də davam edəcək.

*** saat 11:30

Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

Gununsesi.info-nun apa-ya istinadən verdiyi məlumata görə, hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesə jurnalistlər buraxılmayıb. Bununla bağlı hər hansı səbəb göstərilməyib.

Hazırda iclas davam edir.

Qeyd edək ki, Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub. Daha sonra MTN-lə bağlı aparılan istintaq zamanı o tutduğu vəzifədən azad edilərək nazirliyin Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilib. Ondan sonra isə şübhəli şəxs qismində saxlanılaraq həbs edilib.

Elçin Quliyevə Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub.

Gununsesi.info