MTN işinə baxan hakim müttəhim generaldan çəkinir?

Zərərçəkənlər Elbəy Allahverdiyevin bu prosesdən uzaqlaşdırılmasından ötrü iyunun 28-də məhkəmənin dəftərxanasına ayrı-ayrılıqda yazılı şəkildə etirazlarını təqdim ediblər

Uzun illər Milli Təhlükəsizlik Nazirliyində (MTN) yüksək vəzifələrdə çalışmış general Mövlam Şıxəliyev və üç polkovnikin işindəki zərərçəkənlər narazıdır.

HTML tutorial

Onlar hesab edir ki, Bakı Hərbi Məhkəməsində keçmiş MTN-çilərin işinə baxan hakim Elbəy Allahverdiyev tərəfkeşlik edir. Ona görə də ədalətli, obyektiv hökm çıxaracağına indidən ciddi şübhələri var.

Zərərçəkənlər Elbəy Allahverdiyevin bu prosesdən uzaqlaşdırılmasından ötrü iyunun 28-də məhkəmənin dəftərxanasına ayrı-ayrılıqda yazılı şəkildə etirazlarını təqdim ediblər.

Zərərçəkənlərin əsas arqumentlərindən biri budur ki, hakim vaxtilə müstəntiq işlədiyi dövrdə MTN-də Mövlam Şıxəliyevin rəhbərliyi altında fəaliyyət göstərib.

Şıxəliyev 2004-cü ildə nazirliyin İstintaq Baş İdarəsində şöbə rəisi kimi xidmətə başlayıb, daha sonra uzun illər bu idarənin rəisi vəzifəsində çalışıb.

Hakimlə generalın münasibətinin kökü

Etiraz edən zərərçəkmişlərdən biri də Zaur Əliyevdir. O da vaxtilə prokurorluqda işləyib. Deyir ki, indiki hakimi 2003-cü ildən – hələ Respublika Hərbi Prokurorluğunda birlikdə çalışdıqları vaxtdan tanıyır.

O zaman Elbəy Allahverdiyev Hərbi Prokurorluqda mühüm işlər üzrə müstəntiq işləyib. Onu həmin dövrdə MTN-in İstintaq Baş İdarəsinə göndəriblər, 2003-2004-cü illərdə nazirlikdə fəaliyyət göstərib.

“O dövrdə Mövlam Şıxəliyev MTN-də İstintaq Baş İdarəsində şöbə rəisi vəzifəsində xidmət edib. Elbəy Allahverdiyev onun rəhbərliyi altında fəaliyyət göstərib, onunla daim təmasda olub. Mövlam Şıxəliyev bu günə qədər Elbəy Allahverdiyevin gözündə rəhbər olaraq qalmaqdadır. Onunla sıx münasibətləri var. Açıq-aşkar görünür ki, ondan çəkinir”.

Onun fikrincə, hakimin təqsirləndirilən şəxsə “Mövlam müəllim” xitabı da bundan irəli gəlir.

Məhkəmədə hakim Allahverdiyev də, təqsirləndirilən general da MTN-də eyni vaxtda fəaliyyət göstərdiklərini təsdiqləyiblər.

Zərərçəkmişlərin daha bir iradı isə budur ki, hakim ötən 9 ay ərzində onların heç bir vəsatətini təmin etməyib.

Onların sözlərinə görə, bu vəsatətlər işin hərtərəfli araşdırılmasından ötrü vacib olsa da, hakim vəsatətləri hər hansı əsaslandırmasız rədd edir. Özəlliklə sabiq Baş prokuror Zakir Qaralov və onun birinci müavini olmuş Rüstəm Usubovun məhkəməyə çağırılıb dindirilməsinə də rədd cavabı zərərçəkənlərin kəskin etirazını doğurub.

“Haqqımızdakı qondarma cinayət işlərində onların imzası var”

Zaur Əliyev etirazında yazıb:

“Bizim hamımızın haqqında qondarma cinayət işlərində onların imzası var. Həbsimiz də, ailəmizdən pul alınandan sonra saxta ekspert rəyi ilə azadlığa buraxılmağımız da onların qərarıyla həyata keçirilib. Gəlib cavab versinlər. Hətta təqsirləndirilən şəxslər də onların dindirilməsini istəyir. Lakin Elbəy Allahverdiyev buna imkan vermir. Çünki bu, məhkəmə deyil, tamaşadır”.

Zərərçəkmişlərdən 5 nəfər – Qulam Bağırov, Hüseyn Səfərov, Zaur Əliyev, Sərdar İsmayılov və Əfsəl Həsənəliyevin etirazları məhkəmənin dəftərxanasında qəbul edilsə də, nəticə haqda məlumat yoxdur.

Etirazlara hakim Elbəy Allahverdiyevin münasibətini öyrənmək mümkün olmayıb. Bakı Hərbi Məhkəməsindən AzadlıqRadiosuna bildirilib ki, o, məzuniyyətə gedib, uzun müddət işdə olmayacaq.

Məhkəmə iclaslarında zərərçəkmişlər bununla bağlı iradlar səsləndirəndə, hakim Allahverdiyev MTN-də bir müddət fəaliyyət göstərdiyini etiraf etsə də, asılılıq münasibətləri haqda iddiaları inkar edib. O bildirib ki, məhkəmə prosesini obyektiv və qanunauyğun şəkildə aparır.

Allahverdiyev sabiq MTN-çilərin işi üzrə məhkəmə iclaslarına jurnalistləri də buraxmır. O, bir neçə ay əvvəl jurnalistlərin məktubuna cavabında pandemiyanı əsas göstərmişdi. Pandemiya ilə bağlı qadağaların aradan qaldırılması haqda Nazirlər Kabinetinin qərarından sonra da Allahverdiyev bu məsələdə mövqeyini dəyişmədi. O, artıq jurnalistləri açıq məhkəmə prosesinə buraxmamasının səbəbilə bağlı heç bir əsas göstərmir.

Xatırlatma

General Mövlam Şıxəliyev 2021-ci ilin aprelində həbs olunub. Digər üç təqsirləndirilən polkovnik – sabiq şöbə rəisləri Yasin Məmmədov və Vüsal Ələkbərov, şöbə rəisinin müavini isə həbsdə deyil. Onların haqqında istintaq və məhkəmə dövrü üçün başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.

Keçmiş MTN-çilər haqqında cinayət işində ümumilikdə 14 milyon 292 min manat rüşvətdən və hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatlıq pulunu, əmlakını ələ keçirməkdən bəhs olunur.

Hələ 2015-ci ilin oktyabrında MTN-də nazir Eldar Mahmudovun vəzifədən uzaqlaşdırılması, 20-dən artıq vəzifəli şəxsin, o cümlədən generalların həbsilə nəticələnən əməliyyatdan sonra aparılan istintaqda Şıxəliyev və digərlərinin adları hallanırdı.

Onlardan Şıxəliyev və Məmmədov şahid qismində də dindirilmişdilər. Vüsal Ələkbərov isə hədə-qorxu ilə tələb etmə, rüşvət alma və başqa əməllərdə suçlanaraq, Bakı Hərbi Məhkəməsinin hökmüylə 12 il azadlıqdan məhrum edilmişdi. Sonradan apellyasiya məhkəməsi onun cəzasını 5 ilə endirdi. İndi isə yenidən mühakimə olunur.

Təqsirləndirilən MTN vəzifəlilərinə CM-in 182 (hədə-qorxu ilə tələb etmə), 294 (sübutları saxtalaşdırma), 311 (rüşvət alma) və 341-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrilə ittiham verilib.

Təqsirləndirilən Yasin Məmmədov uzun illər MSK-nın katibi, daha sonra sədr müavini işləmiş Natiq Məmmədovun qardaşıdır.

Zərərçəkmişlər arasında “Texnikabank”ın keçmiş sahibi, “Muğanbank”ın filial müdiri, bir sıra sahibkarlar da var.

General və vaxtilə onun tabeliyində çalışmış polkovniklər iş adamlarının əmlaklarını hədə-qorxu ilə əllərindən almaqda, onları qanunsuz şəkildə günlərlə MTN-də saxlamaqda, saxta ittihamlarla cinayət məsuliyyətinə cəlb etməkdə suçlanırlar. Lakin onların heç biri, o cümlədən Şıxəliyiyev ittihamları qəbul etmir, özünü təqsirli bilmir.

2015-ci ilin oktyabrında MTN-də baş verənlərdən sonra bu qurum ləğv edilib və onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) yaradılıb.

Gununsesi.info