MTN-nin hər tərəfi kameradır, bəs onda sumka-sumka gələn pulları niyə görməyib?” - ZƏRƏRÇƏKƏN

  • By admin
  • 24 Fevral 2017 13:10

mtnbina

Bakı Hərbi Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə sahibkarlara hədə-qorxu gəlməkdə, onların külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Gununsesi.info-nun xəbərinə görə, prosesdə iş adamı, MTN-ə çağırılaraq, hədə-qorxu gəlinərək 250 min dolları alınan  Elşən Mədətovun epizodu üzrə şahid qismində Hikmət Şükürov ifadə verib.

O, bildirib ki, 2008-ci ildə Elşən Mədətovun Şirvan şəhərindəki restoranını, eləcə də,  Sabirabad rayonunun Həşimxanlı kəndindəki dəyirmanını alıb: “Restorana 80 AZN, dəyirmanına isə 20 min  AZN vermişəm. Sənədləşmə bundan təqribən 1,5 yaxud 2il sonra həyata keçirilib. Həmin ərəfədə eşitdim ki, E. Mədətov  MTN tərəfindən incidilir, ondan pul tələb olunur. Mənə adiyyatı olmadığına görə, bunu dəqiqləşdirməmişəm”.

E.Mədətov isə deyib ki, əmlaklarının alqı-satqısını  2008-ci ildə həyata keçirib: “Aldığım pulu isə borclarıma verdim”.

Zərərçəkmiş Hüseyn Səfərov isə qeyd edib ki,  V.Ələkbərovu məhkəmədə 5 vəkil müdafiə edir: “Vüsal Ələkbərov bu qədər pulu hardan alır ki, 5 vəkili aylarla, illərlə maliyyələşdir. Mənim bir vəkilim var idi, 60 gün saxlaya bilmədim”.

Pprosesdə həbsdə olan “Texnikabank” ASC-nin Bakı filialın sabiq rəhbəri Zal Yusifov da ifadə verib. O çıxışında  613 saylı cinayət işi üzrə həm özü, həm oğlu İslam, həm də qardaşı Camal təqsirləndirilən şəxs qismində cəlb olunublar: “Vüsal Ələkbərov mənə dedi ki, sənə 15, oğluna isə 8 il cəza verdirəcəm. Hökm elan ediləndə  Vüsal Ələkbərov necə demişdisə elə də oldu”.

Zal Yusifovun sözlərinə görə, zərərçəkmiş Nuzami Kazımov kürəkəni Samir Əbdülqasımovun adına  banka 1 milyon 200 min manat depozit qoyub. Onun sözlərinə görə, hər ay bankdan faizini alıb: “Mən həbs olunandan sonra təcridxanada dedilər ki, Nizmi Kazımov və Hüseyn Səfərovla üzləşdiriləcəm. Fikirləşdim ki, yəqin  bank işi ilə bağlıdır. Onların saxlandığı otağa gedəndə hər ikisinin qollarında qandal gördüm. Soruşdim ki, nə məsələdir? Cavab verdilər ki,   həbs ediliblər. Vüsal Ələkbərov dedi ki, bankda baş verən qanunsuzluqla bağlı bunların da xəbəri olub. Başa düşdüm ki,  Nizami Kazımov bankdan pulunu tələb etdiyi üçün tutulub. Bircə  günün içində Nizami Kazımovun bankın balansındakı pulu yoxa çıxdı. Heç bilmədik pul hara yox oldu. Vüsal Ələkbərov mənə dedi ki, Hüseyn Səfərovla Nizami Kazımovun hər biri 2 milyon dollar verib, həbsdən buraxılıblar.  Sən də 2 milyon AZN ver, bankın sənədlərini elə dərin yerə atım ki, heç kimin xəbəri olmasın. Sən də azadlığa çıx. Lakin həmin zaman Vüsal Ələkbərovun təklifi ilə razılşmadım”.

Zal Yusifov digər zərərçəkmişlərdən  Mehrac Qurbanov, Elşən Mədətov və Namil Rzayevi də tanıdığını, onların banka depozitə pul qoyduqlarını bildirib: “Oğlum İslamın  istintaq dövründə zaminə  buraxılması  üçün 300 min dollar ödədib: Məni MTN-də nəzarətdə saxlayırdılar. Məhkəmə dövründə də danışmağa imkan vermirdilər. Mənə ifadələri yazmağa məcbur edirdilər”.

Zərərçəkmiş Hüseyn Səfərov isə bildirib ki, V.Ələkbərov Z.Yusifovdan onların əleyhinə zorla ifadə alıb: “İndi burada Vüsal Ələkbərova fəxri-orden verək. Vüsal Ələkbərov da, Mövlam Şıxəliyev də “Texnikabank”ın idarə heyətinin sədri Etibar Əliyevdən külli miqdarda pul alıblar. Sonra işi bu vəziyyətə gətiriblər”.

Nizami Kazımov sə çıxışında  qeyd edib ki, bankın balansında olan 38 milyon manat bir günün içində silinib: “Bütün bunlara cavabdeh Etibar Əliyevdir. O bura gəlməlidir və cavab verməlidir. Onunla  üzləşməmiz olmalıdır. Etibar Əliyev deyib ki, MTN-ə pul vermişəm, 38 milyon manatın üstündən xətt çəkilib. Bizə ziyanı Etibar Əliyev vurub, o da pulu ödəməlidir”.

Nizami Kazımov daha sonra qeyd edib ki, bankda baş verən mənimsəmə faktından sonra Etibar Əliyevlə söhbət edib: “Etibar Əliyev dedi ki, Milli Bankın rəhbəri Elman Rüstəmov bu məsələnin həll edilməsini, bankın adına ləkə gətirilməməsini bildirib. Bütün bu məsələlər araşdırılmalıdır. Bankdan dövlət sərhəd xidmətinin külli miqdarda pulu mənimsənilib. Bütün bu faktlar araşdırılmalıdır”.

Z.Yusifov bildirib ki, dövlət sərhəd xidmətinin vəsaiti həll edilib. Onun sözlərinə görə, yoxa çıxan vəsait elə o vaxt da  ödənilib. Digər zərərçəkmiş Namil Rzayevin sözlərinə görə, bankda vətəndaşların pulunu mənimsənilməsi ilə bağlı Etibar Əliyevin yanında müzakirə aparılıb: “Həmin vaxt razılaşdıq ki, bank pulumuzu ödəsin. Amma sonradan işə MTN qarışdı. MTN-də istintaq başlamasaydı, bank bizim pulları ödəyəcəkdi. Həmin görüşdə Etibar Əliyev bildirdi ki, Zal Yusifovun tutulmaq qorxusu yoxdur, zərərçəkmişlərin pulları bir həftə ərzində qaytarılacaq. Bir həftədən sonra Z.Yusifov həbs edildi. Bundan sonra Etibar Əliyevin yanına getdim. Orada Etibar  dedi ki, hamını mənimlə düşmən edibsən. Ona dedim ki, kimi səninlə düşmən etmişəm? Pullarımızı qaytar. Vüsal Ələkbərov Etibar Əliyevin yanında quzu balası kimi əyləşirdi. Elə bil ki, müstəntiq Etibar Əliyev idi, o istintaqı aparırdı. Vüsal Ələkbərovun başı Etibar Əliyevin yanında aşağı idi. Çünki ondan pul almışdı. İndi burada Vüsal Ələkbərov 5 vəkillə müdafiə olunur, 105 vəkil də gətirsə, cəzadan yaxa qurtara bilməyəcək. Kim onu müdafiə edir, ona desin ki, zərərçəkmişlərə dəymiş ziyanı ödəmək lazımdır. Pulu kimə verib, ondan alsın qaytarsın”.

Zal Yusifov zərərçəkmişin ifadəsini təqdiqləyib. Bildirib ki, həbs olunan günü Etibar Əliyev yüksək vəzifəli generalla onun evinə gəlib: “Mənə dedilər ki, məsələ bir həftəyə həll olunacaq. Amma bir həfə ərzində məsələnin həll olunması əvəzinə məni həbs etdilər”.

Vüsal Ələkbərov qeyd edib ki, Zal Yusifova vətəndaşlara dəymiş ziyanın ödənilməsini təklif edib: “Təklif etdim ki, camaatın pulu ödənilsə, həbs qərarı dəyişdirilə bilər. Çünki həmin ərəfədə pulları batan vətəndaşlar mitinq eləmək istəyirdilər. Biz də onların sakitləşməsi üçün dəymiş ziyanın ödənilməsi məsələsini qaldırmışdıq. Bununla bağlı baş prokurorun da göstərişi var idi. Prokurorluğun idarə rəisi mənim xidməti otağımda Zal Yusifovla görüşdü, ona təklif edildi ki, camaatın pulu ödənilsin. Həmin vaxt Zal Yusifov dedi ki, pulların yerini oğlum bilir, onu həbsdən azad edin, pullar ödənəcək. Bizdə onun oğlunun barəsində seçilmiş həbs qətimkan tədbirini dəyişdirdik. Amma hökmə kimi pul ödənilmədi. Buna görə də hökmdə Zalın oğlu həbs edildi”.

Daha sonra prosesdə ləğv edilmiş MTN-nin istintaq baş idarəsinin rəisi, general Mövlam Şıxəliyev ifadə verib. O, bildirib ki, Vüsal Ələkbərov MTN-nin peşəkar əmakdaşlarından olub: “2008-ci ildən Vüsal Ələkbərovun barəsində böhtan xarakterli kampaniya aparılıb. Bu böhtanı atanların istintaqını 2008-ci ildə Vüsal Ələkbərov aparıb. Həmin şəxslər “Texnikabank”a qarşı iddia qalıdırblar, pullarının qaytarılmasını istəyiblər. Lakin məhkəmə onların iddialarını qəbul etməyib. Pulların Zal Yusifov tərəfindən mənimsənilməsi sübuta yetirilib. İndi pulları da Zal Yusifov qaytarmalıdır. Mən hesab etmirəm ki, Vüsal Ələkbərov kimdənsə rüşvət alsın”.

Mövlam Şıxəliyev qeyd edib ki, Nizami Kazımovu tanıyıb. Onun sözlərinə görə, Nizami Kazımovun adı “Texnikabank” işində keçib: “Buna görə də Nizami Kazımov məsuliyyətə cəlb olunub. Sonradan onun barəsində həbs qərarı dəyişdirilib, o ev dustağı edilib. Nizami Kazımovla MTN-də görüşməyini xatırlamıram. Onunla heç vaxt görüşməmişəm, pul söhbəti etməmişəm. Elə rəis olmamamışam ki, təqsirləndirilən şəxslə pul alış-verişi edim. Vüsal Ələkbərovun da Nizami Kazımovla söhbətini eşitməmişəm”.

Mövlam Şıxəliyevin sözlərinə görə, Hüseyn Səfərovu da “Texnikabank” işi ilə bağlı həbs ediləndən sonra tanıyıb: “Həm Nizami Kazımovla, həm də Hüseyn Səfərovla aramızda pul söhbəti olmayıb. Zərərçəkmiş Elşən Mədətovu ümumiyyətlə tanımıram. Namil Rzayevi 1993-cü ildən tanıyıram. Mən Qaradağ rayon Polis İdarəsində işləyəndə şöbə rəisi Eldar Rzayevin qohumu kimi yanına gəlib-gedib. O vaxtdan onunla münasibətim olub. Namil Rzayevdən 28 may küçəsində olan evimin qarşısında pul almağım yalandır. Çünki mənim orada ümumiyyətlə evim yoxdur”.

Mövlam Şıxəliyev qeyd edib ki, zərərçəkmiş Bahəddin Sultanovu ümumiyyətlə tanımayıb: “Binəqədi rayon Polis İdarəsinin sabiq rəisi, rəhmətlik  Rasim Musayev mənə zəng etməyib. Ümumiyyətlə,  Rasim Musayevlə bu barədə söhbətim olmayıb. Müsənnif  Salahovu da, ümumiyytələ, tanımıram. Ondan hansı məbləğdə pulun alnmasından xəbərim yoxdur. Akif Qurbanovu tanımışam, onunla münasibətim olub. Toyda Akif Qurbanovla görüşmüşəm. Amma onunla Etibar Əliyevin həbs edilməsi barədə söhbətimiz olmayıb. Orada Etibar Əliyevi söyməmişəm. Mən söyüş söyən adam olmamışam. Akif Qurbanovun ölkəyə girişinə və çıxışına “Stop” qoyulmasından da xəbərim olmayıb”.

Mövlam Şıxəliyevin ifadəsinə zərərçəkmiş Namil Rzayev arayış verib: “Mən buna söz deməyə xəcalət çəkirəm. Amma bunlar mənəm evimin satılmasına görə xəcalət çəkmirlər. Mövlam Şıxəliyevin otağında olmuşam. Mövlam mənə dedi ki, şefin göstərişi var, həbs edilməlisən. Mən Eldar Mahmudovu “oboxeys” işləyəndən tanımışam. Mövlam əvvəl 1 milyon, sonra 700 min, daha sonra isə 500 min dollar istədi. Bu pulun 200 min dollarını Mövlama, 300 min dollarını isə Vüsala vermişəm”.

Mövlam Şıxəliyev qeyd edib ki, rəhbərindən hər hansı bir qanunsuz göstəriş almayıb. Nizami Kazımov Mövlam Şıxəliyevə suallar verib. Mövlam Şıxəliyev isə Nizami Kazımovun yalan danışdığını deyib. Nizami Kazımov Mövlam Şıxəlyevə “siz” deyə müraciət etsə də, Mövlam Şıxəliyev ona “sən”deyə müraciət etməsi hakimi hövsələdən çıxarıb: “Mən bayaqdan sizin aranızda olan söhbəti izləyirəm. Nizami Kazımov sizə “siz” deyə müraciət edir. Amma siz burada ona “sən” deyə müraciət edirsiniz. Burada hamının bərabər hüququ var. Siz burada idarə rəisi, general yox, şahid kimi danışırsınız”.

Mövlam Şıxəliyev isə hakimin ittihamına belə cavab verib: “Mən Allaha da “sən” deyə müraciət edirəm. Mən heç kimdən pul almamışam, heç kimə də qaytarmağa pulum yoxdur”. Mövlam Şıxəliyevin çıxışına Hüseyn Səfərov etiraz edib: 

“Hörmətli hakim, Mövlam Şıxəliyev burada arxayın danışır. Kimlərəsə pulunu verib, xilas olub. Bu həmin Mövlam Şıxəliyev idi ki, otağında məni tərifləyirdi, deyirdi ki, nazirə səni tərifləmişəm, dediyimiz pulu da verir, hələ üstündə 50 min manat da verir, nazir də dedi ki, deyilən pulu versin, 50 min manat lazım deyil. Vicdanıma and içirəm, Mövlam Şıxəliyev həbs edilməsə, özümü yandıracam. Biz məhkəməyə gəlməyəcəyik, Prezident Aparatına şikayətə gedəcəyik. Mövlam Şıxəliyev burada yalan danışır, o hər kəsi aldadır. Hərənin bir qüruru var. 

 Qürurunuz olsun, pulumuzu qaytarın. Necə olub ki, bu adama general rütbəsi veriblər. Mövlam Şıxəliyev milyonlarla rüşvət alıb. Deyirdik bu qədər pulun hardandır, deyirdi ki, küçədən tapmışam”. Nizami Kazımov da Mövlam Şıxəliyevin yalan danışdığını deyib: “Bir anlıq fikirləşək ki, bu baş verənlərdən Mövlam Şıxəliyevin xəbəri olmayıb. MTN-nin hər tərəfi kameradır. Bəs onda sumka-sumka gələn pulları niyə görməyib. Bizi tutmuşdular, cinayət törətmişdik. Bəs niyə buraxıblar?”. 

Mövlam Şıxəliyev bildirib ki, nazirdən hər hansı bir göstəriş almayıb. Onun sözlərinə görə, həm Hüseyn Səfərovun, həm də Nizami Kazımovun həbsdən azad edilməsi üçün qərarı istintaqa nəzarət edən prokurorluq verib: “Qərarları prokurorluq araşdırıb.  Əgər qanuna zidd hərəkət olsaydı, prokurorluq müstəntiqin qərarını ləğv edərdi. Kiminsə həbsdən azad edilməsi mənim səalhiyyətlərimə aid olmayıb. Mən MTN-də təşkilatı işlərə baxmışam”. 

 Zərərçəkmişlər Mövlam Şıxəliyevin 5 milyon manatlıq bağ evinin olduğunu iddia ediblər. General da bunu təkzib etməyib.  O bildirib ki, işindən əlavə bizneslə məşğul olub və özünə mülk alıb. O, həmçinin bildirib ki, Vüsal Ələkbərov cinayət törətməyib. Onun sözlərinə görə, Vüsal Ələkbərov “Meşə qardaşları”, “Sumqayıt camaatı”, “Sahil qardaşları”, casusuluq və dövlətə xəyanət edənlərin işinə baxıb və onların işini məhkəməyə göndərib: “Vüsal Ələkbərov əqidəli işçi olub. Heç vaxt da qanunsuzluğa yol verməyib. Vüsal Ələkbərov nazirin də işini araşdırıb və məhkəməyə göndərib. Onu Namiq Abbasov isə götürüb”.

Proses fevralın 28-də davam edəcək.

Gülnaz Qənbərli

Gununsesi.info