MTN-nin ləğv edildiyi, DTX-nın təsis olunduğu gün: İtirilən dəyər və qazanılan nüfuz - Pərviz Həşimli yazır

  • By admin
  • 14 Dekabr 2023 14:28

Bu gün Milli Təhlükəsizlik Nazirliyinin (MTN) ləğv edildiyi, Dövlət Təhlükəsizlik Xidmətinin təsis olunduğu gündür.

Xatırladaq ki, 2015-ci ilin dekabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyevin  fərmanı ilə Milli Təhlükəsizlik Nazirliyi ləğv olunub. Bu fərmanla Milli Təhlükəsizlik Nazirliyinin bazasında Dövlət Təhlükəsizlik Xidməti yaradılıb.

2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifədən kənarlaşdırıldıqdan və xüsusi xidmətlərdə kadr təmizləmələrindən sonra bu nazirliyin çoxsaylı əməkdaşı həbs edilib.

Həbs edilənlər fırıldaqçılıqda, mənimsəmə və israf etməkdə, qanunsuz azadlıqdan məhrum etməkdə, talançılıqda, hədələmə yolu ilə pul tələb etməkdə ittiham olunub.

Baş Prokurorluğun 2016-cı ildə “MTN işi” ilə bağlı yaydığı məlumata görə, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə səlahiyyətlərini aşma faktları ilə bağlı cinayət işi üzrə 21 şəxs Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, 19 şəxs barəsində həbs qətimkan tədbiri, 1 nəfər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib, istintaqdan yayınan 1 şəxs barəsində isə həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib.

Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının törətdiyi cinayət əməlləri nəticəsində hüquqları pozulmuş 57 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Onlara dəymiş ziyanın ümumi məbləğinin on milyonlarla manat olduğu müəyyən edilib.

Məhkəmələr ləğv edilmiş MTN-nin bir sıra vəzifəli şəxsləri haqqında hökmlərini elan edib. Bir qism vəzifəli şəxslərin isə məhkəməsi hələ də davam edir.

Dünyanın bütün ölkələri öz milli təhlükəsizlik strategiyalarını sahib olduqları gücə və geostrateji mövqelərinə düz mütənasib olaraq planlaşdırırlar. Bu planın ən əsas arqumenti, şübhəsiz ki, kəşfiyyat orqanları və təhlükəsizlik qüvvələridir. Lakin yuxarıda sadaladığımız faktları göz önünə gətirərkən, aydın şəkildə görürük ki, ləğv edilmiş MTN-nin keçmiş rəhbəri Eldar Mahmudov və bu qurumun yüksək vəzifəli şəxsləri hansı əməllərdən çıxıblar.

 

 

 

 

 

 

 

 

 

 

 

Milli dövlətlər və dövlət olmaq xüsusiyyətinə malik hər bir xalq üçün həyati zərurət olan kəşfiyyat qurumları ictimai həyatın bütün sahələrində fəaliyyət göstərir. Təhüləsizlik qüvvələrinin peşəkar, ardıcıl və məqsədyönlü fəaliyyəti ölkədə vətəndaşların güvənli yaşaması üçün müsbət rol oynayır. Biz bu fəaliyyətə 44 günlük Vətən müharibəsində və bu ilin sentyabrında Qarabağda keçirilən anti-terror əməliyyatları zamanı DTX-nın peşəkarlığı ilə şahid olduq. Bir də bu baxımdan cəmiyyətdə DTX-ya qarşı ictimai etimad formalaşıb. DTX-nın Qarabağdakı anti-terror əməliyyatlarının peşəkar şəkildə keçirilməsində ən mühüm faktlardan biri bu əməliyyatlar zamanı Azərbaycanın bu bölgəsində yaşayan mülki ermənilərinin bir nəfərinin belə zərər görməməsidir.

DTX-nın Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də Qarabağdakı separatçı qondarma rejimin üzvlərinin həbs edilib, Bakıya gətirilməsi və bu şəxslərin Azərbaycan məhkəmələri qarşısında cavab vermələrini təmin etməsidir.

Uzun illər Azərbaycan xalqı Qarabağda xalqımıza qarşı törədilmiş soyqırım cinayətlərinin təşkilatlarının cəzalandırılmasını arzu edib. Azərbaycan dövlətinin məqsədyönlü siyasəti Xocalı soyqırımında və Qarabağın digər ərazilərində terror fəaliyyəti ilə cinayətlər törətmiş bu şəxslərin həbsini gerçəkləşdirib. Etiraf etməliyik ki, separatçı xunta rejiminin “rəhbərlərinin” həbsində DTX-nın xüsusi rolu olub.

DTX-nın rolu barədə sadalanan faktların siyahısını uzatmaq da olar. Lakin Qarabağın azad olunması zamanı həyata keçirilənləri qeyd etmək bu fəaliyyətin son illərdə əsas zirvələrindən biri sayıla bilər. Bir deyim var: Hər cür müqayisə qüsurlu sayıla bilər. Elə bu səbəbdən DTX-nın ləğv edilmiş MTN-nin müqayisəsini aparmaqdan vaz keçdik. Ən azından MTN-nin keçmiş rəhbəri Eldar Mahmudovun və bu qurumun rəhbərliyində olmuş şəxslərin törətdikləri əməllərin mühakiməsi ictimaiyyətin gözü qarşısında olub, bunun o dövrkü təhlükəsizlik qüvvələrinin xalq qarşısında etimadının itdiyinin real mənzərəsini ortaya qoyur.

DTX həmçinin xarici xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb edilmiş şəxslərin zərərrsizləşdirilməsi ilə bağlı ardıcıl fəaliyyət göstərir.

Həmin şəxslərlərdən bir qrupunun bu yaxınlarda məhkəmə prosesi başlayıb. Bu şəxslər Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsi yolu ilə “Kərimə” dövlətinin qurulması, ictimaiyyət arasında tanınan və vəzifəli şəxslərin həyatına sui-qəsdlərin təşkil edilməsi məqsədilə müqavimətçi dəstələr təşkil etmək barədə xüsusi fəaliyyət planı ilə bağlı irəli sürülən məhkəmə ittihamına nəzər yetirəndə DTX-nın fəaliyyətinin nə qədər dədiq, ölkəmizə qarşı təxribat törətmək istəyənlərin real tablosunun isə hansı palitralarda cızıldığını görə bilərik.

Bu günün pəncərəsindən ölkə mənzərəsinə baxaraq özəlliklə bildirmək olar ki, Azərbaycan artıq xarici kəşfiyyat orqanlarının at oynatmaq istədiyi bir ölkə deyil. Bu qüvvələrə meydanı dar edən dövlət qurumlarından biri də Dövlət Təhlükəsizlik Xidmətidir.

 

 

Pərviz Həşimli

Gununsesi.info