Ləğv olunmuş MTN-in Antiterror Mərkəzinə rəhbərlik etmiş, həbsdə olan general Elçin Quliyev və onun işçisi olmuş polkovnik Azər Mehdiyevin apellyasiya şikayəti üzrə məhkəmə aprelin 20-də davam etdirilib.
Gununsesi.info xəbər verir ki, məhkəmədə təqsirləndirilən şəxslərdən Azər Mehdiyevin vəkili Qubad Salayevin vəfat etməsi məlum olub. Hakim təqsirləndirilən polkovnikdən yeni vəkili olub-olmadığını soruşub. O bildirib ki, yeni vəkil tutması üçün ailə üzvləri danışıqlar aparır, amma maddi durumu imkan vermir: “Bizim müəyyən çətinliklərimiz var. Maliyyə durumumuz çox ağırdır. İki il yarımdır ki, həbsdəyəm. Ailənin yeganə gəlir gətirəni mən olmuşam”.
Hakim bildirib ki, ona dövlət tərəfindən də vəkil təyin oluna bilər.
Azər Mehdiyev dövlət hesabına vəkil istəyib. 17 saylı hüquq məsləhətxanasından Mehran Məmmədov ona vəkil təyin edilib. Yeni vəkil işlə tanış olmaq üçün vaxt istəyib. Ona aprelin 19-na qədər vaxt verilib.
E.Quliyev və işçisi 2015-ci ilin oktyabrında MTN-də keçirilmiş əməliyyatdan sonra həbs edilib. Onlar adamları qanunsuz həbs edib, hədə-qorxu gəlib əmlaklarını ələ keçirmək, dövlət büdcəsindən əməliyyatlara ayrılmış pulları mənimsəmək, adamların telefonlarını qanunsuz dinləmək və s. əməllərdə təqsirləndirilir. Bakı Hərbi Məhkəməsinin hökmü ilə E.Quliyev 10 il 6 ay, A.Mehdiyev isə 8 il azadlıqdan məhrum edilib.
Gülər
Gununsesi.info