MTN polkovnikinin vəkili ona şərti cəza istəyir

  • By admin
  • 02 Fevral 2018 12:38

İşə düzəltmək, həbsdən buraxdırmaq, əcnəbi məhkumları öz ölkələrinə ekstradisiya etdirmək üçün müxtəlif adamlardan pul alıb, onları aldatmaqda günahlandırılan MTN polkovniki Vüqar Güləlinin vəkili ona şərti cəza verilməsini istəyir.

Gununsesi.info xəbər verir ki, fevralın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində vəkil çıxışında belə deyib.

V.Güləli özünü təqsirli bilməsə də, prokuror ona qarşı ittihamın məhkəmədə sübuta yetirildiyi qənaətinə gəlib və CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə təqsirləndirilən MTN polkovnikinin 9 il 6 ay V.Güləlinin vəkili isə müvəkkilinin dövlət qarşısındakı xidmətlərinin nəzərə alınmasını istəyib: “Hüquqlarını müdafiə etdiyim şəxs uzun müddət bu dövlətə, dövlətçiliyə xidmət edib. Onun təqsiri də yalnız və yalnız kiməsə yaxşılıq etmək istəyi olub. Məhkəmədən xahiş edirəm, onun xidmətləri nəzərə alınaraq, şərti cəza verilsin”.

MTN polkovniki müttəhimlər kürsüsündə tək deyil, daha dörd nəfər də bu cinayət işində təqsirləndirilir – Ceyhun İbayev, Vüqar Əsədov, Anar İsmayılov və Nicat Əliyev. Amma beş təqsirləndiriləndən yalnız ikisi – N.Əliyev və V.Güləli həbsdədir. Digərləri haqqında isə məhkəmənin hökmü məlum olana qədər ev dustaqlığı qətimkan tədbiri seçilib.

Prokuror məhkəmədə onların da təqsirinin sübuta yetirildiyi qənaətinə gəlib və N.Əliyevin 8 il 6 ay, C.İbayevin 8 il, V.Əsədovun 7 il 6 ay və A.İsmayılovun isə 3 il azadlıqdan məhrum edilməsini, ev dustaqlığında olanların məhkəmə zalında həbs olunmasını təklif edib.

“Cinayətlərin ikisindən xəbəri yoxdur”

Bu gün N.Əliyevin vəkili Günay Hacıyeva da çıxış edib. Deyib ki, müvəkkilinə dörd epizod üzrə ittiham verilib, amma onların ikisindən ümumiyyətlə, o adamın xəbəri olmayıb. Ona görə də vəkil ədalətli hökm çıxarılmasını, həmin iki epizod üzrə ittihama xitam, müvəkkilinə də yüngül cəza verilməsini xahiş edib.

V.Güləli 2015-ci ilin sonunda MTN ləğv olunmamışdan az öncə təqaüdə çıxıb. V.Əsədov isə Penitensiar Xidmətin əməkdaşı olub.

Kimlər və necə aldadılıb?

İttihama görə, V.Güləli və digərləri Səriyyə Tahirova adlı qadından həyat yoldaşı Rafiq Tahirovu həbsdən buraxdırmaqdan ötrü 89 min 800 manat pul alıblar. Qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik gətirməyə görə MTN əməkdaşlarının həbs etdiyi R.Tahirova məhkəmə 6 il cəza kəsibmiş.

Təqsirləndirilən şəxslərin həmçinin, zərərçəkmişlər Elçin Orucov və Əkbər Orucovun hər birindən onların oğlunu polis orqanlarında işə düzəltmək adı ilə 8 min manat aldığı iddia olunur. Bundan başqa, onların Aybala Namazov adlı zərərçəkmişdən 35 min manat aldığı bildirilir. İttihama görə, onlar Namazova deyiblər ki, iranlı məhkumların öz ölkəsinə ekstradisiya edilməsi üçün pul lazımdır, nəticədə 1 milyon dollar pul qazana bilərlər və qazancdan ona da pay verərlər. Ədalət Əsgərov adlı daha bir zərərçəkmişdən isə 115 min alınıb.

Gülər

Gununsesi.info