“Müəllimə ehtiram göstərilməyən cəmiyyətlərin gələcəyi yaxşı olmur” -FAZİL MUSTAFA

Milli Məclisin deputatı Fazil Mustafa təhsil mühitində müəllim-şagird və müəllim-valideyn münasibətlərinə toxunub.

Gununsesi.info bildirir ki, deputat məktəblərdə sağlam mühitin yaradılmasının, müəllimə hörmətin qorunmasının və şagirdlərə qarşı fiziki zorakılığa yol verilməməsinin vacib olduğunu bildirib:

“Yaxşı müəllim, özünə güvənən müəllim valideynlərlə də düzgün münasibət qurmağı bacarır. Sadəcə məktəbdə sağlam mühit yaratmaq lazımdır. Müəllim istənilən şagirdlə sağlam münasibət qurmağı bacarmalıdır. Əlbəttə, fiziki cəza yolverilməzdir.

Öz təcrübəmdən deyirəm. Bəzən müəllim sinfə daxil olan kimi öz davranışı və yanaşması ilə sinfi ələ alır. Elə bir mühit yaradır ki, onun dərsindən heç kim uzaqlaşmaq istəmir. Qarşındakı insanda öyrətmək bacarığı və cəlbedicilik olmalıdır ki, şagird də nəsə öyrənməyə can atsın.

Bəli, bu günün uşaqları 1980-ci illərin uşaqları deyil. Amma eyni zamanda bugünkü müəllim də həmin dövrün müəllimi deyil. Müəllimin yaşayış şəraiti, bilgi əldə etmək imkanları və işini daha səmərəli qurmaq üçün vasitələri əvvəlki dövrlə müqayisədə daha genişdir.

O dövrdə də müəllim ailə saxlayırdı, övlad böyüdürdü. Amma həyat şəraiti fərqli idi. İndi isə imkanlar dəyişib, şərait də əvvəlkindən fərqlənir.

Ona görə müəllim-valideyn münasibətlərinə xüsusi diqqət yetirilməlidir. Məsələn, yaxın günlərdə bir hadisədə müəllim şagirdi döymüşdü. Burada valideynin mövqeyinə də baxmaq lazımdır. Valideyn övladına qarşı belə münasibəti qəbul etmədi.

Əgər hər kəs gücünü üstün tutub fiziki zor tətbiq etməyə başlasa, o zaman cəmiyyətdə nizam və tarazlıq pozular.

Ölkədə müəllimin şəxsiyyətinə hörmət edilməyən, müəllim sinfə daxil olanda ona ehtiram göstərilməyən cəmiyyətlərin gələcəyi heç vaxt yaxşı olmur”.

 

 

Şəbnəm

Gununsesi.info