“Müəllimin məvacibi və təqaüdü hakimin məvacib və təqaüdündən az olmamalıdır” - Sosioloq

  • By Admin2
  • 06 Fevral 2026 10:16

Aydın məsələdir ki, ölkədə hər kəsin fərqli pensiyası var.

Pensiya məbləği hər bir insanın gördüyü işə və neçə il işlədiyinə görədir.

Ancaq bəzi pensiyalar bir çoxları üçün fantastikdir.

Bu baxmayaraq, yüksək məbləğ olan pensiyalardan da narazılıq edənlər var.

Məsələn, pensiya alan hakimlər ayda 4500-5000 manatla narazıdır.

Yaş həddi ilə əlaqədar vəzifədən çıxarılan məhkəmə hakimləri onlara kəsilən 4500-5000 manat pensiyadan narazılıq edirlər.

Hesab edirlər ki, pensiyaları düzgün hesablanmayıb, məbləğ daha yuxarı olmalıdır.

Məsələ ilə bağlı məhkəməyə müraciət etmiş hakimlərdən Bakı Apellyasiya Məhkəməsində fəaliyyət göstərmiş Ülvi Mayılov, İlqar Murquzov, Bakı Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakimlərindən Ənvər Seyidov, İradə Həsənzadə və digərlərinin adlarını çəkmək olar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakimi Azad Məcidova 4881 manat pensiya təyin olunsa da, bu məbləğlə razılaşmır.

Ümumiyyətlə, bu, sosial ayrı-seçkilik deyilmi?

Kifayət qədər vacib peşələr var ki, onlar bu qədər pensiya almır. Məsələn, müəllimlər.

Hakimlərin bu qədər pensiya almasını sosial ədalətsizlik hesab etmək olarmı?

Məsələ ilə bağlı sosioloq Sahib Altay Gununsesi.info-ya danışıb.

O bildirib ki, yaşa görə pensiya məbləğində əsasən staj və aylıq məvacibin qədəri rol oynayır:

“Pensiya fondunda fərdi hesaba toplanan məbləğ önəmlidir. Təbii ki, bu məbləğ də əmək fəaliyyətinin müddəti və aylıq məvacibin qədərinə görə dəyişir. Hakimlərin məvacibi ümumi kütləvi peşə sahiblərinin məvacibindən fərqlənir. Bu, Avropa hüquq sosial fəlsəfəsində belə açıqlanır: “Hüquq cəmiyyətdə sosial nizamın və fərdi azadlıqların əsas təminatçısıdır. Hüququn keşikçisi və məbədi məhkəmədir. Məhkəmələrin azad, qərəzsiz və şəffaf işləməsi üçün məhkəmə idarəediciləri elə bir sosial rifaha sahib olmalıdırlar ki, onlar peşə fəaliyyətləri əsnasında məhkəmə şəffaflığını pozacaq əlavə təkliflərə həvəslənməsinlər”. Hakimlərin məvacibinə əsasən onların yaşa görə pensiyaları da yüksək olur. Bu, təkcə Azərbaycanda deyil, hətta bəzi Avropa ölkələrində də belədir”.

Sosioloq eyni zamanda deyib:

“Mənim şəxsi fikrim bu yöndə neqativ deyil. Əgər doğrudan da bir hakimin məvacibinin və pensiyasının yüksək məbləğdə təyin edilməsi məhkəmə sisteminin şəffaflığını qoruyursa, olsun. Bəs qoruyurmu? Və hansı ölkələrdə qoruyur? Bundan əlavə, elə peşə sahələri var ki, məsuliyyəti heç də bir məhkəmə hakiminin məsuliyyətindən az deyil, amma məvacibi və təqaüdü dəfələrlə aşağıdır. Burada artıq ədalət prinsipləri pozulur. Məsələn, müəllimin məvacibi və təqaüdü hakimin məvacib və təqaüdündən az olmamalıdır”.

Orxan
Gununsesi.info