Qarışıq duyğular
Doğrudanmı, Müəllim… sinifdə qaldı?!
(esse)
Epiqraf:
İkirəqəmli inflyasiya məmləkətində bir-birimizə üçrəqəmli ömür arzulayırıq. Həm qiymətlərin faizlə deyil, dəfələrlə qalxdığı bir vaxtda… Heyrət!
…Uşaqlıqda elə bilirdik ki, müəllim yemək yemir. Böyüdük, gördük BÖYÜKLƏR də “elə bilir ki”… müəllim yemək yemir. Maaşlardan göründü.
Gördük, bizim uşaq saflığımızdan doğan bu səmimi aldanışı “böyüklər” ciddi qəbul edib. Bir “yağlı vəzifə öynəsinə” milyonları, bir “yüksək kreslo oturumuna” milyardları yeyənlər bir də qayıdıb bunu deyiblər: “Doğrudan da, müəllim yemək yemir axı!”
Biz isə bunları görə-görə böyüdük, böyüdükcə də… çox şey gördük. Ya da göründüyü kimi görməyi buraxıb, olduğu kimi gördük.
Eşitdik və gördük ki, kişilər bir-birinə “bəy” deyə müraciət etməyi “ayıb” bilir.
Amma paradoksa baxın: bir-birinə “müəllim” deyənlər bəy kimi yaşayır, bir-birinə “bəy” deyənlər… müəllim kimi.
Bəlkə də yazmışam: bir professor dostum var, hətta orta məktəbdə belə dərs vermədilər. O professor həyatdan aldığı bu ağır “dərs”i də götürüb başqa ölkənin universitetində dərs deməyə getdi…
…Sol Bellounun “Ravelşteyn” əsərindən belə bir fikir oxumuşam: “Təbiət gənc qadınları dünyaya uşaq gətirmək arzusu ilə mükafatlandırıb”.
Yox, mətləbdən çıxmıram. Sözümün canı çıxmamış deyim bunu da: Bellounun fikri üzərində çox düşündüm, düşündüm. Gəldiyim qənaət özümü də təəccübləndirdi:
doğrudan da, böyük mükafatdır. Yoxsa o zərif bədənlər ən sağlam və ən güclü kişinin belə dözə bilməyəcəyi ağrıları gözə almazdı, elə deyilmi?!
Hərçənd bizim Aqşin Yenisey “Hərflərin vahiməsi”ndə başqa cür yazır: “…çoxumuz gecənin bir aləmində sonradan “ata” deyəcəyimiz birinin əlində təsadüfən açılan silah xətası kimi gəlirik həyata”.
Bəs bu, gerçəyin özüdürmü?! Ədəbiyyatın bir ucunun İlahi fəzilət sandığına o biri ucu az qala ehtiyatsızlıqdan törədilmiş cinayət kimi baxır.
Amma yox! Sonradan kimin kimə “ata” deyəcəyindən asılı olmayaraq, hər halda reproduktiv bəxtəvərlik bəlkə də yalnız qadına xas fiziki sağlamlıq və ruhani ucalıq olayıdır. Bellounun dediyi o dünyaya uşaq gətirmək istəyi insan yaratmaqda Allahın ən yaxın köməkçisi olmaq deməkdir. Kişini də bu dünyaya qadın gətirir. Bu, təsvirəgəlməz bir xoşbəxtlik məqamıdır. Üstəlik yaradıcı “mən”!
Bizi dünyaya gətirən analardır. Amma həyata vəsiqəni məktəbdə müəllimdən alırıq, elə deyilmi?! Qaydasında yazmağı, oxumağı, düşünməyi, danışmağı bizə müəllim öyrətdi. Hətta partada doğru-düzgün, adam balası kimi oturmağa qədər məktəbdə öyrəndik. Ki, onurğamız əyilməsin. Elə ki müəllimin onurğasını əydik, əyri onurğalılar artıb-törədi və onurğasızlığa “bazar tələbatı” yaratdılar. Sonra da onurğasızlar Müəllim qürurunu küncə sıxışdırdı…
Elə ata-analar var, özünün yumor ehtiyacını “ödəmək” üçün başqasını vurmağı, təhqir etməyi övladına körpəlikdən, ya da uşaq çağlarından öyrədir. Ancaq bu əyrini düzəltmək də sonradan məktəbin boynunda qalır. Əlbəttə, orda gerçəkdən müəllim varsa…
Məşhur ziyalımız düz deyirmiş: “Hər millət məktəbində doğulur, məktəbində ölür”.
Biz də məktəbimizi qazandıqca özümüzü, sözümüzü bildik, dövlətimizi qazandıq. Məktəbimizi itirməyə başladığımız gün bəlamızı tapdıq.
Xatırlayın: ata-analarımız da müəllimdən aldığımız qiymətə baxıb bizə qiymət verirdilər (ya da indi də bəlkə elə o cürdür).
Ancaq müəllimin özünə qiyməti biz necə veririk?!
Hətta bir-birimizə avtomobil satanda: “Müəllim maşınıdır, sürülməyib, elə işə gedib, evə gəlib” dedik. Açması: müəllim hara gedir ki?! Əti nə, budu nə?!Dağa-bağa getmir, elə benzin töküb işə gedib-gəlir…
Övladımıza toy edəndə rəisi başa keçirərik, dosenti küncə qoyarıq. Oğlan atası rəisin masasına beş dəfə yaxınlaşar: “Nə qulluq?!” deyə soruşar, ona hamıdan qabaq söz verər. Mikrofonu ayağına gətirərlər. Müəllim isə susqunca oturduğu uzaq küncdən küsküncə baxıb köks ötürər.
İnsanların öz ağlı, biliyi ilə deyil, pulu, əlaqələri hesabına, hətta heç nə yox, sadəcə, doğulduğu bölgəyə görə irəli getdiyi bir toplumda müəllim kim olur ki?! Quruca diplomla işə düzəlib, post qamarlayıb da çalıb-çapanın rəisə işi düşəcək, əlbət. Müəllim kimdir ki?!
Nəzarət-xəzinə kitabından başqa bir kitab üzü açmayanlar yuxarı başa keçib məktəbin kitabını bağlayanda, o fağır Müəllim sinifdə qaldı! Sözün bütün anlamlarında.
“Müəllim müqəddəsdir” deyən, sonra da gedib fars mollasının əlinə əyilən, “məktəb məbəddir” söyləyib, ardınca pirin daşına yalmanan, İslam Peyğəmbərinin: “Beşikdən məzara qədər oxu!” kəlamını iqtibas gətirsə də, kitaba qarşı ironik təbəssüm saçan necə tiplər gördük!
Və belə cəhalətə müəllim olmaq, həm də təkcə məktəbin, univetsitetin deyil, bütün xalqın müəllimi olmaq Kişi işidir. Hərçənd məktəblərdə kişi cinsi mənsubları azalır, o da başqa mövzu. Ancaq müəllimliyin cinsi olmur; bu, ağıl, bilik, ən başlıcası, ürək, əzm, iradə işidir.
…Bu esseni həsr etdiyim şəxs də müəllimdir. Zaman-zaman komitə sədri oldu, nazir oldu, baş nazir belə oldu az qala. İndi millət vəkilidir. Ancaq müəllimlik mərtəbəsindən də heç vaxt enmədi; mənəvi ünvanını dəyişmədi. Hətta fiziki ünvanı da uzun zaman dəyişməz qaldı; yüksək dövlət postlarında oturanda da yataqxanada yaşayırdı. O vəzifələrə necə tərtəmiz getmişdisə, eləcə də qayıtdı. Əsl müəllim idi axı; yemək “yemədi”. Zaman-zaman ona “dəli” kimi baxanlar da çox idi: “Ay camaat, dəliyə baxın, nazir oldu, yenə evi yoxdur”.
Bunu deyənlər o insanın dəlilik dərəcəsində ağıllı olduğunu anlayacaq ağılda deyildi. Üstəlik belə bir “dəlilik” təkcə çox yüksək ağlın da deyil, öncə mükəmməl və möhkəm daxili konstitusiyanın, yetkin mənəvi mədəniyyətin məhsuludur. Bu üzdən sevildi də, qınandı da.
…Mədə niyyətlilər mədəniyyətə hər zaman tənə, hətta bəlkə də nifrət edirdi.
Mədəniyyət – təkcə çalıb-oxumaq deyil, ən başlıcası yazıb oxumaqdır.
Kitabın, elmin, yüksək sənətin urvata mindirildiyi, əl üstə tutulub göz üstə qoyulduğu yerdə tik-tok da elə var-yox söyüşü kimi səslənər. Ancaq əksinə: kitabxanaların bağlanıb kababxanaların açıldığı ölkədə bir sıxıntı yaşayırsan və bundan çıxış yolu axtarırsan. Aqilsənsə, açıb kitab oxuyacaqsan, öz sözünü tapıb deyə biləcəksən. Əks halda gedib kitab açdırıb dua oxutduracaqsan. Çəkilib özünə, həyata elmdən, bilimdən baxmaq əvəzinə həqiqətə gözlərini yumub gedəcəksən, fala baxdıracaqsan.
Bəlkə çox qaramsal çıxdı bu yazılı monoloq?! Bəlkə əksinə: biz də artıq anlamışıq ki, “elm dalınca Çinə getməyə belə dəyər”, təkcə alverə deyil… Elm hər şeyə dəyərsə, müəllim də ayrıca bir dəyərmiş!
Bax, belə düşünəcəyimiz o gün gəlib çatanda bəlkə uşaq ağlının təbii-təhrifli təsəvvüründən qurtulacağıq və deyəcəyik: “Aman Allah! Sən demə, müəllim də yemək yeyirmiş!”
P.S. Bu esseni həmişə və hər yerdə əsl müəllim, kamil şəxsiyyət olaraq tanıdığım Əli Məsimlinin yubileyinə hədiyyə edirəm. Bu 70 ildə özü olaraq İnsan qalmağı bacardığına görə ikiqat təbrik edirəm!
Bahəddin Həzi
Gununsesi.info