
8 oktyabr Azərbaycan Respublikasının ilk Baş Prokuroru, III dərəcəli dövlət ədliyyə müşaviri İsmət Qayıbovun anadan olduğu gündür.
Gununsesi.info Femida.az-a istinadən unudulmaz baş prokurorun xatirəsinə həsr edilmiş yazını təqdim edir.
Kimdir İsmət Qayıbov?
Qayıbov İsmət İsmayıl oğlu 8 oktyabr 1942-ci ildə Azərbaycanın Gəncə şəhərində müəllim ailəsində anadan olub. Onun valideynləri, atası İsmayıl və anası Füruzə Respublikanın əməkdar müəllimi olub. Bunun da gələcək prokurorun həyatında rolu böyükdür.
Orta təhsilini Gəncə şəhərindəki 1 saylı orta məktəbdə alan gələcək prokuror, 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Hüquq fakültəsini bitirir.
1963-cü ildə əmək fəaliyyətinə başlamış, 1965-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, 1969-cu ildə Əli-Bayramlı Şəhər ( indiki Şirvan) Komsomol Komitəsinin birinci katibi seçilir.
1971-ci ilin mart ayında Azərbaycan SSR-in prokurorluq orqanlarına qəbul olmuş – 26 Bakı komissarı rayonunun prokuror köməkçisi vəzifəsinə təyin edilir.
1975-ci ilin iyun ayında Bakı Şəhər Prokurorluğunda cinayət işlərinin baxılmasına nəzarət şöbəsinin prokuroru vəzifəsinə təyin olunub. 1976-cı ilin fevral ayından isə Bakı Şəhər Prokurorluğunun ümumi nəzarət şöbəsinin rəisi vəzifəsində çalışıb.1978-ci ildən İsmayıllı rayonunun prokuroru, 1982-ci ildən Əli-Bayramlı şəhərinin prokuroru, 1987-1990-cı illərdə isə Sumqayıt şəhərinin prokuroru vəzifələrində çalışmışdır.
Ailəsi….
İsmət Qayıbov Leyla adlı bir xanımla ailə həyatı qurur. Onların bu nikahdan iki övladı olur. Qızları Firuzə, oğlu isə İsmayıl Qayıbov. Maraqlı məqamlardan biri də, onların övladlarına qoyduğu adların ata-analarının adı ilə bağlıdır.
Jurnalistlər İttifaqının üzvü Aida Eyvazova mərhum prokurorun oğlu İsmayıl Qayıbovla görüşünü belə xatırlayır:
“ Həmin o müdhiş və ağır ayrılıq günlərini xatırlamaq üçün Respublika Baş Prokurorluğunun Sosial və iqtisadi sahələrdə qanunların icrasına nəzarət idarəsinin prokuroru İsmayıl Qayıbovla görüşdüm. Və bu görüşdən ürəyimdə bir azca sevinc göyərdi desəm, inanın mənə. İsmayılın səsi, ədaları da, danışıq tərzi də İsmət Qayıbova çox bənzəyir. İsmayıl dedi ki, atası haqqında atası olduğu üçün deyil, ədalətli orqan işçisi, gözəl bir insan olduğu üçün belə ürəklə danışır:
– İndi məsləhətləşməyə bir kimsə tapmıram. İnsanın elə anları olur ki, məhz atasına çox ehtiyac duyur. Atamdan sonra çox şeylərə öyrəşirəm. Onun haqqında danışılanların artıq xatirə olmasına da, ondan sonra Azərbaycanda baş verən itkilərimizə də. Hətta yaxşını pisdən ayırd etməyi də, atamın yoxluğu öyrədib mənə. Dostlarını da saf-çürük etmişəm. Atamı unutmayanlar onu təkcə 20 noyabrda deyil, həm də 8 oktyabrda – doğulduğu gündə də yad edirlər. Atamın sağlığında “vəfalı” dost-tanışlarının bugünkü vəfasızlığını görəndə isə təəccüblənmirəm. Bü gün gördüyüm hər bir işə əvvəla atamın gözü ilə baxıb, sonra qərar qəbul edirəm. Əgər bundan sonra yaşadığım ömrümü atam kimi yaşamasam, onun adı ilə öyünməyə haqqım olmaz. İşimlə bağlı bir çox rayonlara gedirəm. Kimsə biləndə ki, İsmət Qayıbovun oğluyam, onu bir daha hörmətlə və məhəbbətlə yad edirlər, sevinc hiss keçirirəm, qürur duyuram.
İsmət Qayıbovun həyat yoldaşı Leyla xanım isə heç cürə bu ayrılığa öyrəşə bilmir. 20 noyabr 1991-ci ildə əlində tikib qurtara bilmədiyi yaşıl rəngli donluğu isə elə həmin gündən yarımçıq qaldı. İstəyirdi ki, bu yaşıl paltarı nəvələrinin babası qayıdandan sonra, göyərən, çiçək açan ümidi kimi tikib geyinsin əyninə.
Müstəqil Azərbaycanın ilk prokuroru….
Onu əbədiləşdirən xüsusiyyətlərdən biri də, müstəqil Azərbaycanın ilk prokuroru olması məsələsidir. İsmət Qayıbov 1990-cı ilin avqustunda Azərbaycanın Baş prokuroru vəzifəsinə təyin edilir.Daha sonra isə müstəqillik əldə edən Azərbaycan Respublikasının ilk Baş prokuroru olur.Ancaq o bu vəzifədə cəmi bir il işləyə bilir.Vəzifəyə gəldiyi ilk gündən Azərbaycanın mənafeyini hər çeydən üstün tutan baş prokuror, erməni məsələsində də kifayət qədər ciddi idi. Bu səbəbdən də düşmən onu qara siyahıya salmışdı.
Prokurorun son müsahibəsi…
Gununsesi.info