Müəllim şagirdi döydü, valideyn polisə müraciət etdi

Bakının Qaradağ rayonu, Sahil qəsəbə sakini övladının məktəbdə müəllim tərəfindən döyüldüyünü bildirib.

Gununsesi.info  xəbər verir ki, Qaradağ RPİ-nin 38-c Polis Bölməsinə müraciət edən A.S. övladı, 2008-ci il təvəllüdlü Asimanın (şərti) 273 saylı məktəbdə xanım müəllim tərəfindən döyüldüyünü bildirib.

O, hadisənin xuliqanlıq zəminində baş verdiyini iddia edib və müəllim barəsində tədbir görülməsini xahiş edib.

Müraciətlə bağlı polis tərəfindən araşdırma aparılır.

Məktəbdə şagirdin müəllim tərəfindən döyülməsi ilə bağlı rəsmi açıqlama verilib.

273 nömrəli tam orta məktəbdən “Qafqazinfo”ya verilən məlumata görə, fevralın 23-də 9b sinif şagirdinə (müəyyən səbəbdən şagirdin adı qeyd olunmur) davranışına, sinif yoldaşları ilə rəftarına görə sinif rəhbəri və riyaziyyat müəllimi tərəfindən irad bildirilib.

“Şagird tənbeh edilib. Fevralın 24-də keçirilən valideyn iclasında övladının nöqsanları barədə valideyn də məlumatlandırılıb. Fevralın 26-da valideyn məktəb rəhbərliyinə zəng vurub və müəllimin onun övladını vurduğunu bildirib.

Məsələ ilə bağlı məktəb rəhbərliyi tərəfindən müəllim və şagirdlərlə görüş keçirilib. Müəllimin şagirdə qarşı fiziki təzyiq göstərmədiyi, ancaq tənbeh etdiyi məlum olub. Şagirdə qarşı münasibətdə həssas davranmadığı üçün müəllimə xəbərdarlıq edilib”, – məktəbin məlumatında vurğulanıb.

Gununsesi.info