Müəllimlər pula görə tərcüməçi işləyir – Məktəblərdə kadr problemi

  • By admin
  • 06 Avqust 2021 10:54

Avqustun 4-də təhsil naziri Emin Əmrullayev sosial şəbəkə hesabında müəllimləri maraqlandıran bir çox sualları cavablandırdı. Nazirin çıxışı zamanı bildirdi ki, yeni tədris ilində ən çox xarici dil müəllimliyinə yerlər ayrılıb. Onun sözlərinə görə, ən çox yer ayrılan ikinci ixtisas İbtidai sinif müəllimliyi, ən az yer ayrılan sahə isə Azərbaycan dili və Ədəbiyyat müəllimliyidir.

Maraqlıdır, ixitisas seçimində xarici dil müəllimliyinə daha çox yer ayrılmasının səbəbi nədir?

Gununsesi.info xəbər verir ki, təhsil eksperti Kamran Əsədov Modern.az-a bildirib ki, xarici dil fənnindən yarımqruplara ayrılma vakant yerlərin çox olmasını şərtləndirir:

“Biz vakant yerlərin sayına baxdıqda görərik ki, ən çox yer xarici dil müəllimliyinədir. Bunun səbəbi odur ki, hazırda ölkədə 4447 orta ümumtəhsil məktəbi və 30 min sinif var. Bu məktəblərdə 1,6 milyon şagird təhsil alır.

2009-cu ildə qəbul edilmiş “Təhsil haqqında” qanuna əsasən xaricin dilin tədrisi əvvəllər 5-ci sinifdən başladığı halda, indi 1-ci sinifdən şagirdlərə xarici dil tədris olunur. Nəzər alsaq ki, xarici dil fənnindən yarımqruplara bölünmələr var, bütün bunların hər biri ölkədə xarici dil müəllimlərinə ehtiyacı artırır”.

Xarici dil müəllimləri özəl şirkətlərə tərcüməçi kimi gedir….

Ekspertin fikrincə, xarici dil müəllimləri maaş azlığına görə,  əlavə iş axtarmağa məcbur qalırlar:

“Digər tərəfdən orta ümumtəhsil məktəblərindəki xarici dil müəllimlərinin bəziləri özəl şirkətlərə tərcüməçi olaraq gedir. Bu səbəbdən xarici dil fənnini tədris edən müəllimlərin yerləri daha tez vakansiyaya çıxa bilir. Xarici dil müəllimlərinin özəl şirkətlərə tərcüməçi kimi getmələrinin səbəbi əmək haqqının yüksək olmamasıdır. Bir çox hallarda vakansiyaların çox olmasına bu amil ciddi şəkildə təsir göstərir”.

Azərbaycan dili və Ədəbiyyat müəlliməliyinə az yer ayrılmasının səbəbi kadrların tək universitetdə hazırlanmasıdır…

“Ən az yerin Azərbaycan dili və Ədəbiyyat müəlliməliyinə ayrılmasının səbəbi budur ki, kadrlar yalnız universitetlərdə hazırlanır. Əvvəllər kadrlar bütün kolleclərdə və özəl universitetlərdə hazırlanırdı. Azərbaycan Müəllimlər İnstitutu əmək bazarına kifayət qədər müəllim kontingenti buraxmışdı”.

Gununsesi.info