Mübahisələr üzərində qurulan “Sevgililər günü” - Rəsul Mirhəşimli yazır

  • By admin
  • 14 Fevral 2024 09:03

Dünyanın əksər ölkələrində “Sevgililər günü” kimi qeyd edilən Valentin günü xalqımıza doğma olmayan anlayışdır. Bu gün, cəmiyyətimizin həyatında yaxın zamanlarda ortaya çıxan hadisədir. Mən də bu günü özümə yad hesab edirəm. Lakin kimlərsə 14 fevralı öz sevgisini paylaşmaq, əzizlərini sevindirmək kimi arzusunu gerçəkləşdirmək istəyrisə, onun da işlərinə qarışmaq fikrindən uzağam. Kimlərsə onu sevgi günü kimi paylaşmaq istəyindədrisə, onun haqqına girmək də başqaları üçün yolverilməz sayılmalıdır.

Valentin günü hər ilin fevral ayının 14-də bir çox ölkədə qeyd edilən xüsusi bir gündür. Əvvəli Roma Katolik Kilsəsinin inancına söykənən bu gün Valentin adlı bir din adamının elan etdiyi bir bayram günü olaraq ortaya çıxıb. Qərb dünyasında Müqəddəs Valentin günü kimi keçirilir. Bu günün qeyd olunmasının mahiyyətində sevənlərin bir-birini təbrik etməsi, hədiyyələr bağışlaması ilə öz təntənəsini alır.

Fevral ayının ortası ilə bağlı sevgi münasibətlərinin təntənəli şəkil alması qədim dövrə dayanır. Antik Yunan təqvimlərində bu zaman Zevs və Heranın evlənməsi hadisəsi kimi bayram edilib.

1381-ci ildə yazılmış “Parlement of Foules” (Çirkinlərin parlamenti) adlı kitabda Fransa və İngiltərədə 14 fevral ənənəvi olaraq quşların cütləşməsi günü kimi bildirilir. Bu günü qeyd edən insanların əsas xüsusiyyəti sevgililərinə gözəl sözlər yazılmış açıqcaların hədiyyə edilməsidir.

Romantik sevgi ilə Valentin arasındakı bağlılığın ortaya çıxması tarixi on dördüncü əsrə dayanır. Bəzi mənbələrdə qeyd olunur ki, Valentin Roma əsgərləri üçün nikahın qadağan olunduğu vaxtlarda onlara sevgililəri ilə kəbin kəsib. Bu hərəkətinə görə Roma kilsəsi Valentini yandırmaqla onun haqqında dəhşətli hökm verib.

14 fevralın Sevgililər, yaxud Valentin günü kimi qeyd edilməsi, edilməməsi kimi mübahisələrə heç vaxt qoşulmamışam. Bu günü qeyd edənlərin onu etməyənlərə, etməyənlərin də edənlərə qarşı nifrət dolu mövqeyini də heç zaman anlamaq istəməmişəm.

İnsan düşüncəsinə təcavüzün normal olduğunu kimsə qəbul edə bilməz. Hər kəsin düşüncə tərzi özünə aiddir, buna müdaxilə başqa kiminsə haqqı deyil.

Mənim düşüncəmə görə, sevginin günü olmur. Sevməyən insan isə hələ yer üzünə gəlməyib bu zamanadək. Nəyi və necə sevməsi də insanın öz seçimidir.

Allah Rəsulu Hz.Məhəmməd (s) buyurur: “Sevən sevdiyinə sevdiyini söyləsin”. Sevgi hissi insanı bütün həyatı boyunca ayaqda saxlaya biləcək hissdir. Bu hiss insanı maddi problemlərdən qismən uzaqlaşdıra biləcək duyğudur.

Sevgi insanın ruhunu bir başqasının ruhuna, bəzən mistik olaraq ilahiyə bağlayan anlayışdır. Şekspirin yazdığı kimi, sevginin nə qədərini versək, o qədərini də alarıq. Dünyada nə varsa, xərcləndikcə tükənir, amma sevgi paylaşdıqca artar. Allah insanı sevərək yaradıb. Bu da ilahi hikmətdir. İnsanları və insanlığı Allaha xatir sevmək təmənna güdmədən sevməkdir. Bu cür sevgini yaşamağın əvəzini Yaradan mütləq verəcək, inşəallah. Böyük sevginin yolu Allah sevgisini qazanmaqdadır.

Orta əsrlərin böyük fikir adamlarından olan Əbubəkir Şibli yazırdı ki, Qiyamət Günü Allah insanlardan bunu soruşacaq: “Mən sizin yanınızda idim, siz kimin yanında idiniz?!”

Bu hikməti həyatınıza gətirin, doğru səfdə qərar tutun. Sevənlərin və sevilənlərin yanında…

Rəsul Mirhəşimli

Gununsesi.info