Mübariz Mənsimov həbsindən sonra ilk dəfə İstanbulun sərhədlərindən kənara çıxdı -ŞƏHİD QARDAŞLARIN ADINI DAŞIYAN TANKER DÜNYA SULLARINA BURAXILDI

  • By admin
  • 21 Aprel 2022 20:28

 

“Palmali Holding” şirkətlər qrupunun prezidenti, azərbaycanlı iş adamı, xeyriyyəçi Mübariz Mənsimov bu ilk dəfə İstanbul şəhərinin sərhədlərindən kənara çıxıb.

Gununsesi.info-nun xəbərinə görə, Mənsimov “IMAN BEHRAM MAMMADZADEH” tankerinin dünya sularına yola salınması mərasimində iştirak edib. Mərasim İstanbul şəhərindən aralıda yerləşən Yalovadakı “Aykın” tərsanəsində keçirilib.
Tədbirdə Mübariz Mənsimovun ailə üzvləri də iştirak ediblər.

Xatırladaq ki, saxta ittihamlarla bir il həbsdə saxlanılan Mübariz Mənsimov azadlığa buraxılarkən məhkəmə tərəfindən onun İstanbulun sərhədlərini tərk etməsinə məhdudiyyət qoyulmuşdur.

Mənsimov Vətən müharibəsində şəhid olan qardaşlar İman və Bəhram Məmmədzadələrin adlarını daşıyan “Palmali Holding”ə məxsus gəminin dünya sularına yola salınması mərqsiminə qatılıb.

Yalovanın “Aykın” tərsanəsində baş tutan mərasimdə şəhidlərin valideynləri Elman və Hicran Məmmədzadələr iştirak ediblər.

İman və Bəhram Məmmədzadələr qardaşlarının adını daşıyan tankerin dünya sularına yola salınmasını “Palmali” ailəsi üçün mühüm hadisə adlandıran “Palmali Holding”in prezidenti, azərbaycanlı iş adamı Mübariz Mənsimov bildirib ki, şəhid qardaşlar əsl qəhrəmanlığın, vətənpərvərliyin nümunəsidirlər:

“Şəhid atası Elman bəyin dediyi kimi, İman və Bəhram Rusiyada təhsillərini davam edib Azərbaycana dönməzdilər və savaşa qatılmazdılar. Lakin ata və anasının sayəsində onların milli ruhları o qədər güclü olub ki, qardaşlar Rusiyadan Azərbaycana gəlib və ikisi də ordu sıralarına qatılıblar. Bu həm ata, həm ana, həm də mən öz adımdan deyirəm ki, hər bir azərbaycanlı üçün qürurverici hərəkətdir. Allah məkanlarını cənnət eləsin. Zatən qardaşlarımız Cənnətdədir. Allah hər kəsə şəhidlik nəsib etməz. Şəhidlər də Allah tərəfindən seçilmiş insanlardır” – deyə Mübariz Mənsimov vurğulayıb.

Mübariz Mənsimov başda olmaqla “Palmali” ailəsinə təşəkkürünü bildirən şəhid qardaşlar İman və Bəhramın ataları Elman Məmmədzadə vurğuladı ki, şəhidlərin adlarını uca tutan, onları yaşadan və əbədiləşdirən insanlar müqəddəs iş görür.
Onun sözlərinə görə, övladlarının ən böyük arzusu gəmi kapitanı olmaq idi və bu məqsədlə onlar Rusiyanın Həştərxan şəhərində kurslara gedirdilər. “Övladlarım Vətən uğrunda şəhid oldular, canlarından keçdilər, amma onların arzusu yerinə yetdi. Onların arzusunu Mübariz Mənsimov gerçəkləşdirdi və buna görə hər birinizə dərin təşəkkürümü bildirirəm”.

“Palmali” şirkətinin ənənəsinə görə, hər gəmi üçün qızıldan medalyon düzəldilir. Bu dəfə də istisna olmadı və həmin medalyon şəhid qardaşların valideynlərinə təqdim edildi. Bundan sonra isə Vətən müharibəsinin şəhid qardaşları İman və Bəhram Məmmədzadələrin adını daşıyan gəminin dünya sularına yola salınması mərasimi keçirildi.

Qeyd edək ki, “IMAN & BAHRAM MAMMADZADEH” tankeri 7 min 500 DWT daşıma qabiliyyətindədir. Nəhəng tanker 140 metr uzunluğunda və 17 metr enindədir.

 

Altay

Gununsesi.info