Mübariz Qurbanlı 1500 məscidin imam və axundsuz fəaliyyət göstərməsinə münasibət bildirdi

  • By admin
  • 05 Dekabr 2016 16:30

mescid

“Azərbaycanda fəaliyyət göstərən məscidlərin bəzilərinə hələ də axund və imam təyin edilməyib. Ancaq bu, heç də həmin məscidlərin nəzarətsiz qalması anlamına gəlməməlidir”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, hazırda ölkədə nəzarətdən kənar məscid demək olar qalmayıb: “Bütün məscidlər üzərində həm Qafqaz Müsəlmanları İdarəsi, həm də Dövlət Komitəsinin nəzarəti var. Azərbaycanda mövcud olan 2100 məsciddən 1500-ü fəaliyyət göstərir. Həmin məscidlərdən bəziləri də kənd, qəsəbə, məhəllə səviyyəsindədir və bu baxımdan onlara axund və ya imam təyin olunmasına ehtiyac duyulmur. Bu məsələ ilə bağlı yerli icra hakimiyyətləri və qurumları ilə danışılıb. Kənd, qəsəbə və məhəllələrdəki kiçik məscidlərdə Qafqaz Müsəlmanları İdarəsinin yerlərdə olan səlahiyyətli nümayəndələrinin təqdimatı ilə təyinatlar olur”.

Dövlət Komitəsinin sədri deyib ki, böyük məscidlərdə dini ayinlərin icrası zamanı rəsmi təyinatlı imam və ya axundların olması zəruridir: “Bəzi məscidlər yalnız cümə günü, yaxud bayram namazlarında açılır. Belə hallarda həmin məscidlərin heç də hamısına rəsmi təyinata ehtiyac qalmır. Çünki belədə dini ayinlərin icrası kiməsə həvalə olunur. Bununla da mövcud boşluğu aradan qaldırmışıq. Həmin məscidlərdə radikal qrupların hansısa formada moizə oxuması, xütbə söyləməsi, çağırış etməsi qeyri-mümkündür. Bu cür şəxslər məscidlərə yalnız vətəndaşlarla birlikdə namazlarda iştirak etmək üçün gəlirlər. Yəni onların hansısa çağırışlar etməsi imkan xaricindədir. Əgər hansısa çağırışlar edilsə, təbii ki, bu, qanun pozuntusu ola bilər. Həmin məscidlərə nəzarət edən imam və ya axundlar, eləcə də dini ayinlərin icraçıları belə hərəkətlərə yol verməzlər”.

M.Qurbanlı vurğulayıb ki, ölkədəki əsas məscidlərdə veb-kameralar quraşdırılıb: “Bu işlər Qafqaz Müsəlmanları İdarəsi tərəfindən həyata keçirilib. Burada əsas məqsəd məscidlərdə təhlükəsizliyin təminatıdır. Hansı məscidlərdə ki, camaat namazları qılınır və insan axını çoxluq təşkil edirsə, orada da veb-kameraların quraşdırılması istiqamətində işlər görüləcək”.

Xatırladaq ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini, Bakı İslam Universitetinin rektoru Sabir Həsənli ölkədə 2100 məscid olduğunu və onlardan 600-ə yaxınına QMİ tərəfindən axund və imam təyin edildiyini deyib: “Digər 1500 məscid isə imam və axundsuz fəaliyyət göstərir. Bu da digər təriqətlərin nümayəndələrinin boş qalan məscidlərdən istifadə etmələrinə və dağıdıcı təbliğatla məşğul olmalarına gətirib çıxarır. Onlar insanların beynini cihad fikirləri ilə doldururlar”.

Gununsesi.info