“Avropa Məhkəməsinin nümayəndə olduğum daha bir qərarı Hökümət tərəfindən icra olundu. Bu iş üzrə Ərizəçi Məmmədov inanclı şəxsdir”.
Bunu Gununsesi.info-ya açıqlamasında tanınmış vəkil Əsabəli Mustafayev deyib.
Onun sözlərinə görə hələ 2007-ci ildə polis əməkdaşları onun rayonda yaşadığı evinə gələrək qanunsuz dini yığıncaq keçirmək iddiası ilə onun barəsində inzibati cərimə tətbiq etmiş və 24 ədəd dini məzmunlu kitabı müsadirə etmişdir:
“Həmin kitablar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində saxlanılırdı. 2011-ci ildə Məmmədov məhkəməyə müraciət edərək kitabların geri qaytarılmasını istəmişdir. Lakin bütün instansiya məhkəmələri Məmmədovun bu iddiasını rədd etmişdir. Ərizəçinin dini etiqad azadlığının və mülkiyyət hüququnun (kitablar üzərində) pozuntusunun tanınması üçün 2012-ci ildə Avopa Məhkəməsinə müraciət olundu.
2020-ci il Avropa Məhkəməsinin qərarı ilə Ərizəçinin etiqad azadlığının və mülkiyyət hüququnun pozuntusu tanındı. Hökümət qərarla təyin olunmuş kompensasiyanı ödəsə də, kitablar qaytarılmadı. Qərarın tam icra olunmaması ilə bağlı biz intensiv olaraq Avropa Şurasının Nazirlər Komitəsi ilə yazışmalar aparırdıq. Nəhayət, Ali Məhkəmənin Plenumunun 30 sentyabr 2022-ci il tarixli qərarı ilə bu iş üzrə Bakı Apellyasiya Məhkəməsi və AR Ali Məhkəməsinin əvvəlki qərarları ləğv olundu, iş yenidən baxılması üçün apellyasiya instansiyasına göndərildi.
Bakı Apellyasiya Məhkəməsinin 01.03.2023-ci il tarixli qərarı ilə Məmmədovun Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə qarşı iddiası təmin olundu. Bu gün Komitə həmin kitabları Məmmədova qaytardı. Bu statusu yazdım ona görə ki, Avropa Məhkəməsinin daha bir qərarının icrasına çox sevindim. Ümüd edirəm ki, davamı olacaq.
Eyni zamanda bu məlumatı polis əməkdaşlarının və Komitə işçilərinin nəzərinə çatdırmaq istəyirəm. Səbəb də odur ki, qanunsuz dini yığıncaqlar keçirilməsi iddiası ilə inanclı insanların məsuliyyətə cəlb olunması, onların evində olan dini məzmunlu kitabların müsadirəsi indi də davam edir.
Halbuki oxşar işlər üzrə təkcə mənim apardığım 30 iş üzrə Avropa Məhkəməsi artıq qərar qəbul etmiş, 20-ə yaxın iş isə icraatdadır. Bu işlərdə mənim mövqeyim ondan ibarətdir ki, dindən siyasi alət kimi istifadə edilməyən hallarda etiqad azadlığı təmin olmalıdır. Vəkil kimi belə işləri icraatıma götürəndə mən ilk növbədə bu məqamı əsas götürürəm”.
Şəbnəm
Gununsesi.info