“Azərbaycan prezidentinin imzaladığı sərəncam islam dünyası üçün bir çağırışdır”.
Gununsesi.info modern.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin kitabxanasında Müasir çağırışlar və İslam həmrəyliyi adlı konfransda çıxışı zamanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Mübariz Qurbanlı tədbirin parlamentin Kitabxanasında keçirilməsinin təsadüf olmadığını bildirib.
“Milli Məclis üçün darıxmışam və nə zamansa yenidən Milli Məclisə qayıtmağı arzu edirəm. Biz bu sahədə ilk tədbirin məhz Milli Məclisin Kitabxanasında keçirilməsini vacib saydıq. Dövlət Komitəsi olaraq kitabxanaya 50 kitab hədiyyə etdik. Bu kitablar arasında “İslam ensiklopediyası”, “Quran” da var. Deputatlar bu kitablardan bəhrələnə bilərlər ”.
Komitə sədri həmçinin qeyd edib ki, bu gün 7 milyard dünya əhalisinin 25 faizi islam dininə sitayiş edir. “İslam dünyası 100 trilyon dollarlıq dünya iqtisadiyyatında yalnız 8,5 faiz paya malikdir.
Dünya neft ehtiyatlarının 60 faizi, qaz ehtiyatlarının 62 faizi islam ölkələrindədir. Ancaq internetləşmənin səviyyəsi islam ölkələrində dünya orta göstəricisindən 4 dəfə azdır.
Dünyadakı elmi kəşflərin yalnız 1,5 faizi islam alimlərinin payına düşür. Nobel mükafatçılarının yalnız 2-3 faizi islam alimləridir. İslam ölkələri arasında iqtisadi sahədə, beynəlxalq təşkilatlarda, siyasi sahədə bir həmrəylik olmalıdır. Bütün bu çağırışlar prezidentin sərəncamında əksini tapıb. İslam həmrəyliyi sivilizasiyalararası həmrəyliyə körpü yaratmaq məqsədi daşıyır”.
Gununsesi.info