Müdafiə nazirlikləri arasında əməkdaşlıq planı imzalanıb

  • By admin
  • 28 Sentyabr 2016 15:38

imza

Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında 2017-ci il üçün əməkdaşlıq planı imzalanıb.

Gununsesi.info qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, sənədə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun ölkəmizdə rəsmi səfərdə olan Belarus Respublikasının Müdafiə naziri general-leytenant Andrey Ravkov ilə görüşü çərçivəsində imza atılıb.
Hər iki ölkənin Müdafiə naziri arasında geniş tərkibdə keçirilən görüşdə qonaqları salamlayan general-polkovnik Z.Həsənov əlaqələrin inkişafında dövlət başçılarının görüşlərinin mühüm rol oynadığını vurğulayıb.
General-polkovnik Z.Həsənov rəsmi Minskin müxtəlif beynəlxalq təşkilatlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın prisipial mövqeyini daim dəstəklədiyinə görə minnətdarlığını bildirib.
Belarus Müdafiə nazirinin “ADEX 2016” ikinci Azərbaycan beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün böyük nümayəndə heyəti ilə Bakıya səfərinin önəmini vurğulayan general-polkovnik Z.Həsənov bunun ölkələrimiz arasında hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın daha da inkişafına yeni təkan verəcəyini deyib.
General-leytenant A.Ravkov öz növbəsində dövlətlərimizin əlaqələrinin möhkəm dostluq münasibətlərinə əsaslandığını, Belarusun Azərbaycanın vacib tərəfdaşı olduğunu vurğulayaraq bu cür görüşlərin ikitərəfli münasibətlərin, eləcə də hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi baxımından zəruriliyini xüsusi qeyd edib.
Sonra tərəflər hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti, bir sıra istiqamətlərdə əlaqələrin inkişaf perspektivlərini müzakirə ediblər.
Nazirlər beynəlxalq və regional təhlükəsizlik problemləri, təcrübə mübadiləsi məqsədilə mütəxəssislərdən, ekspertlərdən ibarət heyətlərin qarşılıqlı səfərlərinin təşkili, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə də geniş fikir mübadiləsi aparıblar.

Anar

Gununsesi.info