Müdafiə Nazirliyi: Avqust ayında atəşkəs rejimi 467 dəfə pozulub

  • By admin
  • 01 Sentyabr 2016 11:21

mudafiye nazirliyiy

Avqust ayında erməni silahlı bölmələri atəşkəs rejimini 467 dəfə pozub.

Gununsesi.info APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə əsasən xəbər verir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, qumbaraatanlardan və snayper tüfənglərindən Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.

Avqust ayında da cəbhəboyu əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altında olub. Düşmənin ön xətdəki təxribatlarının qarşısı qətiyyətlə alınıb. Eyni zamanda, ötən ay düşmən təxribatının qarşısını alarkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Şindiyev Ramazan Qurban oğlu yaralanıb.

Avqust ayı ərzində erməni silahlı bölmələri Silahlı Qüvvələrimizin Ağdam,Füzuli, Cəbrayıl, Tərtər, Xocavənd, Goranboy, Qazax, Gədəbəy, Tovuz, Göygöl və Ağstafa rayonlarında yerləşən mövqelərini atəşə tutub.

Naxçıvan Muxtar Respublikası istiqamətində hava məkanımızı pozmağa və Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistana məxsus pilotsuz uçuş aparatı (PUA) Əlahiddə Ümumqoşun Ordusu hava hücumundan müdafiə bölmələrinin döyüş növbətçiliyi aparan atəş vasitələri tərəfindən məhv edilib.

Qeyd edək ki, iyul ayında atəşkəs 370 dəfə pozulub.

Gununsesi.info